- Ölkədə ən çox tanınan televiziya jurnalistlərindən birisiniz. Arzuladığınız bütün nailiyyətləri əldə etmisiniz, yoxsa hələ hədəfləriniz var? Varsa, bunlar hansı hədəflərdir?
- Yox. Təəssüf ki, hədəflərimə çatmamışam. Azərbaycanın dünyadakı standartları yaxalayan media mühitinin olmasını arzu edirəm. Çox istərdim ki, Azərbaycan media mühiti Türkiyədəki media mühitinə çata bilsin. Dünyada jurnalist təhlilinə, onun kiçicik tənqid yazısına dərhal reaksiya verilir. Türkiyədə medianın yazılarına anında məmurlardan münasibət gəlir. Ictimai xarakter daşıyan insanlar mətbuata cavab verməyi işinin əsas hissəsi kimi görür. Bir siyasətçi mətbuatın tənqidini diqqətə almadan işini, addımlarını müəyyənləşdirmir. Amma mən sağlam, sifarişli deyil, ölkə mənafeyi üçün edilən tənqiddən danışıram. Bir siyasi zümrənin sifarişi ilə digər siyasi xətti vurmaqdan, başqalarının killeri olmaqdan danışmıram. Çünki əslində jurnalistikanın əsas işi qaranlıq olan hər şeyi işıqlandırmaqdır. Bu, ictimai mahiyyət daşıyan peşədir. Təəssüf ki, bu ləzzəti media mənsubu olaraq Azərbaycanda yaşaya bilmirəm. Yalnız media sahəsində deyil, ideoloji baxışım, dünyagörüşüm, siyasi stratejilərimlə bağlı belə hədəflərim var. Hansından danışım. Mən həyatının mənasını yalnız pulda, maddi rifahda görməyən və mənəvi baxımdan həyatına yön verən insanam. Allahın xoşuna gələn şeyləri etməkdən özünü məsul görən, bundan ləzzət alan, böyük mənada dəyərlərinə xidmətdən zövq almağı bacaran bir tipəm. Əslində ən böyük xoşbəxtliyimin səbəbini bu təamın fərqində olmağımda görürəm. O səbəbdən hədəf dediyiniz hər şeyi indi sadaladığım konsept içərisində görürəm və onu yaşamağa çalışıram. Allah bunlara nail olmaq şansını, şərəfini mənə nəsib etsin, Inşaallah.
- Planda yeni layihələr var?
- Var. Həm də bir neçə layihəm var. Yalnız TV layihələri deyil. Amma sizi maraqlandİran televiziya layihələrindən söhbət gedirsə, iki layihə üzərində artıq komandamızla işə başladıq. Biri yerli, digəri Türkiyə kanalı üçün. Öncədən heç nə demək fikrim yoxdur. Amma mənim arzuladıqlarıma nisbətən yaxın layihələr olacaq. Yeni yayım sezonundan ekranda olacaq.
- Bizim “Zərif siyasət” rubrikasının qonaqları ancaq xanımlardır. Sizin “Zərif çərşənbə”də vəziyyət bir qədər fərqlidir. Orda zərif olmayan qonaqlar (kişilər) da olur...
- Bu layihənin ismini Vahid Mustafayev qoydu. Çünki orda 4 xanım vardı. Zərafəti ordandır.
“Bir çox Türkiyə kanallarından bu gün də təkliflər alıram”
- CNN-də, BBC-də proqram müəllifi stajı keçmisiniz. Bu telekanallarda qalıb işləmək təklifi olubmu? Əgər olsa, seçiminiz necə olar?
- Bəli, stajlarım çox kanallarda olub. Bu, mənim peşəkarlıq keyfiyyətimə şox şey qatdı. Bu gün də qatmaqda davam edir. Yox, CNN və ya BBC-dən təkliflər almamışam. Amma sizin adını çəkmədiyiniz bir çox Türkiyə kanallarından bu gün də təkliflər alıram. Təkliflərin içərisində Qətərin “Əl-cəzirə” kanalı da var. Sizə bayaq dediyim TV layihələrindən birini təklif verən Türkiyə kanallarından biri ilə gerçəkləşdirəcəyik. Isim vermək istəməməyimin səbəbi hələlik layihəmizin gizlin qalmasını istəməyimlə bağlıdır.
“Elə dəyərlər var ki, onu pula dəyişmək olmaz”
- Son vaxtlar Azərbaycan telekanallar ciddi tənqid olunur. İş o həddə çatıb ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli də televiziyada baxmalı verilişlərin azlığından şikayətlənir. Əsasən də evlilik verilişləri ilə bağlı fikir birmənalı deyil. Bəs telekanalların vəziyyəti, verilişlərin keyfiyyəti Sizi qane edir?
- Televiziyaların səviyyə və keyfiyyəti haqqında uzun-uzadı danışa bilərik. Inanmıram ki, hansısa kanal səviyyəsinin aşağı olmasını arzu etsin. Problem ondadır ki, televiziyalar bu sahəyə yatırım qoymaq istəmir. Keyfiyyətli məhsul ciddi yatırım istər. Artıq tamaşaçını cəlb etmənin yolları sadəcə ünlü deyilən adamların boş-boş danışıqlarında, sensasiya yaradan bəsit davranışlarında deyil. Bir də ki, bununla ancaq bəlli təhsil səviyyəsi olanlara xitab etmək olar. Zənn edirəm ki, TV-lərin ən böyük xətası təhsil səviyyəsi aşağı olan tamaşaçı zümrəsinə xitab etmək yolunu tutmasındadır. Yerli kanallara yalnız xəbər saatlarında baxıram. Üstəlik, hər kanalın xəbərlərini deyil. Bu xəbərləri peşəkarlıq səviyyəsinə görə dəyərləndirdiyim bir-iki kanalda izləyirəm.
Toy proqramlarına gəlincə, bir tanınmış və mənim üçün çox dəyərli siyasətçi üzülərək demişdi ki, mənim adımdan ANS-ə, xüsusilə də Elvira ilə Elgizə təşəkkür et. Çünki mənə xəyallarda gəzmədən bugünkü insan tipimizi öyrənmək üçün şərait yaratdılar. Bəli, bu sözdə həqiqət var. Üzülərək demək lazımdır ki, bu mənzərənin səbəbi yalnız o proqramlara gələn insanlar deyil. Həm də o proqramları efirə çıxaran TV-lərdir. Türkiyədə reytinq verən yalnız bu proqramlar deyil. Bir də baxmaq lazımdır ki, bu proqramlar Türkiyədə daha çox hansı profilli kanallarda efir üzü görür. NTV və ya Haber Türk, CNN Turk kimi kanallar, Kanal-24 kimi TV-lər görün belə proqramları yayım prinsipi edərlərmi. Bir də ki, 80 milyon üçün 15 faiz reytinq faciə deyil. Amma 9 milyon üçün 15 faiz reytinq faciədir. Məncə, Nuşirəvan müəllim bu faciənin fərqində olduğu üçün haqlıdır. Elə dəyərlər var ki, onu pula dəyişmək olmaz. Sadəcə OLMAZ.
“Televiziya nikah idarəsi deyil”
- İstənilən halda bəlli mentalitetimiz var. Televiziyada özünə həyat yoldaşı axtarmaq nə dərəcədə normaldır?
- Bunun mentalitetlə əlaqəsi yoxdur. Sadəcə professional baxımdan bunu qiymətləndirirəm. Televiziya nikah idarəsi deyil. Orta təhsil ala bilməyən insanların əyləncə yeri də deyil televiziya. Bu sözləri deyərkən həmin proqramları hazırlayan insanları üzmək istəmirəm. Kimin etməsindən asılı olmayaraq, bu tip proqramların fəlsəfəsini qəbul etmirəm. Narazı qaldığım yalnız toy proqramları deyil. Televiziyanın ictimai funksiyasına uyğun olmayan bir çox telelayihələr mövcuddur. Zənn edirəm ki, bu proqramlar ictimai funksiyanın nə olduğunu, onun düsturunu anlamadan gerçəkləşir.
“Bölgəmin gələcəyindən narahatam”
- Seçkilərə qatıldınız, ancaq namizədliyiniz qeydə alınmadı. O zaman bildirdiniz ki, seçkiyə buraxılmamaqla Azərbaycanda hansı seçki situasiyasının olduğunu daha yaxşı anladım. Ümumiyyətlə, deputat olmaq istəyi nədən yarandı? Siyasətə qoşulmaq həvəsindən, yoxsa başqa səbəb var?
- Bəli, siyasətə qoşulmaq istəyindən. Siyasət məni özünə cəlb edəndə orta məktəbdə oxuyurdum. O zaman komsomola alternativ Türk-Oğuz Gənclər Təşkilatı qurduq. Siyasətə maraq hekayəm o gündən başladı. Tarix müəllimim Bəhram müəllim “jurnalist olsan, daha çox faydan olacaq” demişdi. O gündən etibarən Gəncənin yerli qəzetlərində yazmağa başladım. Sonra Elçibəyi tanıdım. Gerisindən ona olan heyranlıq dövrüm başladı. Hər şənbə BAB-ın toplantısında Türk dünyasını, bölgəmiz, İrandakı türklər, insan haqları, demokratiya ilə bağlı mühazirələr dinlədim. Qısası, siyasət məni ölkəmin taleyi ilə maraqlanmağa başladığım andan etibarən təslim aldı. Odur ki, buna həvəs demək doğru deyil. Bu sahə ilə ciddi-ciddi məşğul oluram. Türkiyənin sayəsində Balkanlardan tutmuş Doğu Türküstana qədər olan bölgəni öyrənmək şansı qazandım. Mərkəzi Asiyanı dərindən öyrəndim. Oralarda müxtəlif layihələr bazasında oldum. Türkiyədə jurnalistika sahəsində deyil, beynəlxalq əlaqələr sahəsində elmi dərəcəmi müdafiə etdim. Jurnalistikanı bu anlamda siyasət üçün önəmli zəmin olaraq görürəm. Daha çox dünyanı öyrənmək, geosiyasi hadisələrdən analiz çıxarmaq, balansın kimin və nə zaman xeyrinə dəyişəcəyini öncədən hesablamağın faydasına daha çox inanıram. Türkiyənin vəziyyətinə əhəmiyyət verirəm. Diqqətim bu aralarda İranın üzərindədir. Çünki bölgəmin gələcəyindən narahatam. Tunisdəki hadisələrin kökünü öyrənməyə çalışıram. Mən orda dəfələrlə olmuşam. Albaniyadakı reaksiyanın gerisi nə ola biləcəyi maraq mərkəzimdədir. Çünki Balkanları həm yaxşı bilir, həm də duyğu olaraq oranın əjdadımın miras qoyduğu yer olaraq gördüyümdən Balkanların gələcəyinə əhəmiyyət verirəm. Dolayısı ilə baş verənləri məhəlli deyil, daha geniş görməyə çalışıram. Məncə, bir jurnalistin ən önəmli məziyyəti araşdırmaq, fərqində olmaqdır. Fərqində olduğu şeyləri cəmiyyəti ilə paylaşmaqdır.
“İşimi və buna bənzər nələrisə itirməkdən heç vaxt qorxmamışam”
- Ürəyinizcə olmayan verilişin, yaxud reportajın sifarişini alsanız, (bu, daha çox siyasi sifarişə aiddir) hansı addımı atarsınız? Məsələn, seçim arasında qalsanız ki, sifariş yerinə yetirilməsə, işinizi itirirsiniz.
- Bilirsiniz, mən yaşamadığım şeylərə münasibət bildirməkdən, əxlaq dərsi verməkdən uzaq insanam.
Heç vaxt nə siyasi, nə də qeyri-siyasi sifariş alan bir insan bunun nə demək olduğunu anlamağa çətinlik çəkər. Kənardan baxanda bu mənə rəzalət bir şey olaraq görsənir. Kənardan işini itirməkdən qorxan bəsit bir insanamı oxşayıram? Bu və buna bənzər nələrisə itirməkdən heç vaxt qorxmamışam. Həyatda dəyər verdiyim başqa müqəddəs şeylər var. Onları itirməkdən qorxaram. Bunun başında Allahın sevgisini itirmək dayanır. Bütün hallarda inanmadığın, doğruluğundan əmin olmadığın şeyləri müdafiə etmək mənə görə mənəvi baxımdan əxlaqsızlıqdır. Əgər o sifariş sənin dəyərlərinlə üst-üstə gəlirsə, o zaman deyəcək bir sözüm yoxdur. Yox, əgər sifarişi nəyinsə müqabilində gerçəkləşdirirsənsə, o zaman onun yükü ağır olmalıdır. Hər insan onu çəkə bilməz deyə düşünürəm. O insanları qibtə ediləcək insanlar olaraq görmürəm. Heç bir zaman o insanların yerində olmaq istəmərəm./// AZADLIQ QƏZETİ