'Səviyyəsiz müğənnilərin ev, fəxri ad xahişini edənlər'

Bütün Xəbərlər
02:33 16.07.2013
1957
Elşən MusayevDövrümüzün, zəmanəmizin, Tanrının bizlər üçün ayarladığı yaşam aralığının bəlkə də ən böyük qəribəliyi ondadır ki, bəziləri içindəki vəhşiliyi, aqressiyanı, bəsirətsizliyi sevgi və mərhəmətin tam üstündə bərqərar edib. O kəslərin timsalında sanki insanlıq fəlsəfəsindən imtina, min illərin gerisinə yuvarlanıb, Zərdüştlük fəlsəfəsinə dövr alma istəyi, meyli var. Xeyir və şər tərəzidə eyni qapana qoyulub. Bazarda meyvə satan hansısa haramzadə öz qapanına nə cür barmaq eləyirsə, onlar da xislətinin, xarakterinin oturduğu mizanı eyni şəkildə sağa-sola çək-çevir etməkdədir...

Siyasətdə bəzi söz xiridarlarının ağzı oruclu-oruclu söyüş söyənlərdən heç bir fərqi qalmayıb. Söz və əməl arasında sanki Bakı-Berlin intervalı var. Nəinki dedikləri, heç qımıldadıqları qədər də deyillər.

Amma avazları elə bəlağətlidir ki..

***

İqtidarla müxalifətin ünsiyyət tablosu inanılmaz, hətta heyrətamiz xarakterdədir. Və nə qəribədir ki, baş verə biləcək heç bir olay da həmin münasibətin rentabelliyini, düzənini stabilləşdirmək gücündə deyil. Onlar hətta bir-birinin xeyirinə-şərinə belə getməyəcək qədər kinlidirlər, çəkincəlidirlər, ehtiyatlıdırlar. Siyasi sektorda ictimai qınaq-filan çoxdan gedib “işinin dalınca”. Onu nə zamandır hərləyən-zad da yoxdur. Əsas olan, hər iki tərəfdə “arada gəzənlər”in dilinə-dişinə düşməməkdir. “Kompramatşik”lərin gözündən ustaca yayınmaqdır.“Hamıya kifir olsam da, yarıma göyçək olaydım”məntiqini qədərincə əxz etməkdir...

Ölüm belə, ən çıxılmaz həddlər, ən böyük kritikalar belə bizləri yekdil ovqata kökləməkdə acızdir..

Çox təəssüf...

***

Elçibəyin vəfat etdiyi günü xatırlayıram. Paralel olaraq da Heydər Əliyevin sərgilədiyi dahiyanə jesti!

O getdi. Elçibəyin nəşinin bir addımlığına qədər getdi. Eyni zamanda müxalif düşərgədəki “ağzıgöyçəklər”ə və iqtidar kuluarlarında var-gəl edən qərarsızlara mesaj vermiş oldu ki, Elçibəy bizim rəqibimiz olsa da, düşmənimiz deyil. Bu milləti, dövləti ətrafındakı siyasi səbatsızlar və fanatlar ucbatından qoruya bilməsə də, onu bütün varlığı ilə sevənlərdəndir. Ən nəhayət, kimsənin Elçibəyi danmaq kimi bir məhkumiyyəti yoxdur. Əksinə, onu xatirələrdə, ürəklərdə yaşatmağın faydası və gərəkcəsi var.

Amma...Heydər Əliyev həmin an ağlına belə gətirməzdi ki, bir gün bu fövqəladə jestin qarşılığında siyasi rəqibi İsa Qəmbər Müsavat divanının üzvu Tapdıq Abbası elə öz məzarı qarşısındaca hansısa protokol tədbirində baş əydi deyə sıxma boğmaya salıb, partiya sıralarından çıxdaş edəcək. Ya da, İlham Əliyev Müsavatın bir başqa üzvü Qabil Hüseynlinin istedadlı -pianist oğluna heç bir ayrı-seçkilik etmədən Prezident təqaüdü verdiyinə görə, adam nəsillikcə bu iqtidara işləməkdə ittiham olunacaq..

Çaşqın ritorikanın da çığır-bağır salıb, cavabını çox böyük məmnuniyyətlə almaq istədiyi məqam budur: Biz Elçibəyin məzarı önünə rahatca gedib, onu kimsədən ehtiyatlanmayacaq, qorxmayacaq şəkildə ziyarət edə bildiyimiz halda, hansısa müxalifətçi içindəki istəyə uyğun Heydər Əliyevin məzarı önünə gəlməyi bacarar ya yox?!

Ən çox da bu sualın cavabını hər kəlməmin ardından bol-bol şərh yazan insanlardan almaq istərdim.

***

Bir də müxtəlif illərdə qazanılan Olimpiya qızıllarına xitabən siyasi rəqiblərimizin ünvanladığı ikrah dolu mövqeni xatırladım. Və ya, nə var-nə var Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev idi deyə, milli ruhumuza, ardıcıl qələbələrimizə yönələn əcaib bir qısqanclıq, analoqsuz münasibət vardı ortalıqda. Hətta ən üst zirvələrdən görünən üçrəngli bayrağımız, hər kəsi sevinc göz yaşlarına boğan affekt anlarımız belə, bəziləri tərəfindən siyasi kontekstdə təhlil olunurdu, seçki ilə əlaqələndirilirdi, aşırı hiddətlə qarşılanırdı...

Hələ bu estafetin ardınca yön alan Evrovision yarışmasını, bütün dünyanın gözü Bakıda ikən sapı özümüzdən olan baltaların gözə aldığı təxribatları, üzərimizə tikilən”torbalar”ı demirəm...

Zatən uzaq keçmişin söhbəti deyil..

***

Nəhayət, Nicat Dağlar mövzusu. Taleyin amansız sürprizinə yaxalanan dəli-dolu bir gənc. Onu durduq yerdə yaxalayan qəfil xəstəlik. Ardınca Prezidentin məsələyə operativ müdaxiləsi və bütün umidlərin bitdiyi yerdə yenidən həyata sarılma şansı, növbəti yaşam instinkti...

Rəsmlərinə baxdım Nicatin. Bütün cizgilərində ölüm qoxusu vardı. Bəlkə şəkillə bərabər beynində bir də məzar daşının eskizlərini çəkirmiş adam. Ya da, dünyadan xəbərsiz balalarının gözündə yaxın günlərin yoxluğunu axtarırmış, kim bilir...

İnanın, bütün səmimiyyətimlə deyirəm,“Azadlıq”qəzetində Həbib Müntəzirin müəllif yazısını oxuyana qədər Nicatın müxalif yoxsa iqtidar yazarı olduğunu bilməmişəm. Fəqət iki azyaşlı körpəsinin fotolardakı məsum baxışlarınıı görmək yetərli olub ki, Nicatın həyat mücadiləsinə bütün varlığımla, bütün ruhumla azarkeşlik edim. Onun yaşamasını ən yaxınımın, ən doğmamın yaşaması qədər arzulayım.

Hə, bəxti də gətirib Nicatın. Bunu da etiraf edirəm. Həyat üçbucağının bir zolağında bəxtsizliyin ən uc nöqtəsinə yuvarlanmasına rəğmən, digər tərəfdən bəxti gətirib. Çünki, Azərbaycan reallığının ən təəssüfedici məqamlarından biri də yüksək qəbullarda, üst eşallonlarda kimsəsizin, çarəsizin, köməksizin dərdini deyə biləcək adamların yox dərəcəsində olmasıdır. Əslində həm də qorxulu tendensiyadır bu. Çünki, elə bir dövrə gəlmişik ki, həmin qəbullarda bəzən atalar belə öz övladının sözünü demir ki, heyfdir, limitim yanar. Ya da, hansısa səviyyəsiz müğənninin ev, fərxri ad xahişini etmək bir insan həyatını xilas etməkdən çox-çox daha vacib gəlir bəzilərinə...

Amma görünən budur ki, yaxşılar və yaxşılıqlar hələ tükənməyib. Və mən, öz qohumunun, tanışının, əqrəbasının xahişini etmək şansı varkən, əvəzində Nicatın səhhətindəki kritikanı Prezidentə detal-detal məruzə edən kəs hər kimsə, onun timsalında bütün YAXŞILARIN qarşısında baş əyirəm!

***

Bayaq, “Azadlıq”qəzetində dərc olunan bir yazıdan bəhs etdim. Bütün mətn boyu iqtidar az qala Nicatı niyə qorudu deyə suçlanmışdı. İlham Əliyevin insanpərvər addımına bütün mənəvi dəyərlərdən yan keçilib ”seçki piarı” damğası vurulmuşdu.

Oysa ki, bu qədər olmaz. Məkrin, cəllad təfəkkürün bu qədəri olmaz! Vallah ki,olmaz. Billah ki, olmaz. “Söz konusu” ölüm-qalım mücadiləsi verən gənc bir insanın taleyidirsə, iki azyaşlı körpənin yenidən atalarına qovuşmağıdırsa, o zaman inanın ki, heç olmaz!

Ayrıca, O həm də sizin həmkarınızdır axı...

OXŞAR XƏBƏRLƏR