“Bugün Yeni Azərbaycan Partiyasının V qurultayı keçirildi. Qurultay çərçivəsində prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyi təstiqləndi. Partiya nümayəndələri etibarlı müdafiəçisini seçməklə, cənab prezidentə öz etimadlarını bir daha göstərmiş oldular. Dövlət başçısı bugünkü çıxışında Partiya üzvlərinin öz liderlərinə sədaqətini nümayiş etdirdiklərini diqqətə çatdırdı”. Bunu Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri, Partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bugünkü qurultayla bağlı fikirlərini bildirərkən deyib.
Qurultayda prezident İlham Əliyevin namizədliyinin irəli sürüldüyünü deyən sədr, xalqın dövlət başçısına göstərdiyi etimaddan söz açıb: “Dövlət başçısının Azərbaycanın gələcəyi üçün bir sıra önəmli addımlar atdığı, ölkəmizi dünya arenasında layiqincə təmsil etdiyi hər kəsə məlumdur. İlham Əliyev xalq tərəfindən dəstəklənən liderdir. İnanıram ki, 2013-cü ilin prezident seçkilərində qalib gələcəyik. Biz yalnız qarşıdakı 5 ildə deyil, ümumiyyətlə ölkənin gələcəyində cənab Prezidenti lider kimi görmək istəyirik. Çünki güclü dövlət güclü lider deməkdir. Yəni Azərbaycanın qüdrəti, qazandığı uğurlar birbaşa cənab prezidentin yeritdiyi siyasətlə bağlıdır. Hər 5 ildən bir keçiriləcək demokratik seçkilərdə yalnız İlham Əliyevi dəstəkləyəcəyik. Hesab edirəm ki, Azərbaycan xalqının gələcəyini düşünənlərin İlham Əliyevdən başqa seçim və arzusu ola bilməz”.
“Bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü seçilmişəm. Cəmiyyətin aparıcı qüvvəsi, eləcə də siyasi elitanın ən böyük gücü və dəstəyi olan Yeni Azərbaycan Partiyasının bu təyinatı mənim üçün fəxrdir. Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanda deyil, eyni zamanda dünyada , beynəlxalq aləmdə öz sözünü demiş siyasi təşkilatdır. Belə bir partiyanın Siyasi Şurasının üzvü olmaq istənilən halda fəxarət hissi ilə yanaşı, böyük məsuliyyətdir. Çünki partiyanın İlham Əliyev kimi lideri var”, -deyə Seymur Orucov fikirlərinə əlavə edib.