Ölkə daxilində vəziyyət heç də ürək açan deyil. İstirahət mərkəzlərində qiymət "kəllə çarxda"dır. Sözügedən obyekt sahibləri çalışırlar ki, nəyin bahasına olursa olsun sezondan yüksək qazancla çıxsınlar. Ancaq bu gəliri müştərilərin cibinə girməklə əldə edirlər.Bəli, müştərilərin cibinə girməklə. Malı dəyərindən bir neçə dəfə artıq satmaqla, keyfiyyətsiz xidmətə görə, daha çox pul tələb etməklə.Ölkədə ən tanınmış istirahət mərkəzlərindən biri də "Şıx Aquaparkı"dır. Bahalı giriş, keyfiyyətsiz xidmət və ən əsası da insanlar üçün vacib olan şeylərin içəri buraxılmaması ilə məşhurdur. Hər bir obyektin öz nizamnaməsi ola bilər, ancaq o nizamnamə ölkə qanunvericiliyinə uyğun olmalıdır. Necə ki, hansısa bir mübahisəli məsələ üçün ölkə konstitusiyası deyil, beynəlxalq hüququn normaları üstün tutulur, eləcə də Şıx Aquaparkının rəhbərliyi bilməlidir ki, onlar özlərini nə qədər müstəqil dövlət kimi aparsalar da son dayanacaqları yer Azərbaycan qanunvericiliyidir.Obyektə su və yemək keçirmək olmaz, ancaq istirahət mərkəzi sərhədlərindən kənarda 20 qəpik olan suyu 1 manata, 5-6 manatlıq yeməyi 20-30 manata almaq olar.Niyə?Bir neçə gün əvvəl bir qrup jurnalist Şıx Aquaparkında istirahət zamanı özləri ilə gətirdikləri 0.5 ml-lik suyu içmək istəyərkən qalmaqal baş verib. Administrator işləyən və özünü Mehmet deyə təqdim edən Türkiyə vətəndaşı həmkarlarımızın əlindən suyun alınması göstərişini verib. Səbəb isə çox sadədir. Yeməyi də, içkini də burdan almalısınız. Öz hüquqlarını müdafiə etmək istəyən həmkarlarımıza isə girişdə A4 formatlı kağızda qadağa ilə bağlı məlumat yazıldığı bildirilib. Məkanın nizamnaməsini və qanunları tələb edən jurnalistlərə "biz belə işləyirik, sərf eləmir çıxıb gedin" deyilib və nəticədə məkandan çıxarılıblar.Bəlkə, orada satılan suyun və yeməyin qiyməti və keyfiyyəti müştərini qane etmir? Vətəndaşın seçim haqqı var və müştəri məmnuniyyəti deyə bir anlayış var ki, nə olursa olsun müştəri narazı qalmasın. Görünür, Şıx Aquaparkı rəhbərliyi müştəri məmnuniyyəti və xidməti anlayışından xəbərsizdir. Müştəriləri də bu anlayışdan xəbərsiz insanlara əmanət edirlər.Maraqlısı odur ki, "xidmətçilər" müştəriləri olan jurnalistlərin üzərinə Çevik Polis Alayının 2 polisini çağırıblar. Polis isə istirahət mərkəzinin mühafizə xidməti kimi davranaraq obyekt rəhbərliyinin maraqlarını müdafiə edib.Bizim bildiyimiz budur ki, polisin işi vətəndaşların hüquqlarını qorumaq və asayişi təmin etməkdir.Bəs, bu polisləri obyekt sahibinin sifarişlərini icra etməyə vadar edən nədir? Bunu anlamaq üçün çox düşünmək lazım deyil.Məsələni araşdırmaq üçün aidiyyatı qurumlara, ekspert və millət vəkillərinə müraciət etdik.İstehlakçıların Hüquqlarının Müdafiəsi İB-nin sədri Eyyub Hüseynov bildirdi ki, xüsusi ilə sezon aylarında bu barədə Birliyə şikayətlər daxil olur. İnsanları məcburən hansısa qidaya uyğunlaşdırmaq istehlakçı hüquqlarının pozulması və seçim hüququnun məhdudlaşdırılmasıdır. Bu cür hallar obyekt sahiblərinin öz şərtlərini istehlakçılara diqtə etməsi deməkdir və istehlakçıların hüquqlarının müdafiəsinə dair qanuna ziddir.Bu yaxınlarda bir xanımı icazəsi olmadan Aquaparkda reklama çəkiblər. Vətəndaşın etirazından sonra həmin reklam kanallardan yığışdırılıb. Aquaparklarda bu cür qanunsuzluqlar da olur. Dövlətin istehlakçı hüququnu qoruyan siyasəti bərbad vəziyyətdədir. Daim istehlakçıların hüququ pozulur. Dövlət əgər istehlakçıların hüququnu qorumursa, o zaman tək çarə istehlakçı həmrəyliyindədir. İstehlakçılar o cür obyektləri baykot etməlidirlər. Aquapark və digər o tipli istirahət mərkəzləri məsələni öz nizamnamələrinə uyğun olaraq tənzimləyir, ancaq yerli və beynəlxalq qanunlar istehlakçılara seçim hüququ verir.İqtisadiyyat və Sənaye nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyevlə məsələni aydınlaşdırmağa çalışsaq da Abbas Əliyev bu barədə məlumatsız olduğunu bildirərək, qaynar xəttə müraciəti tövsiyə etdi.Abbas Əliyevin məsləhətinə əsasən qaynar xəttə zəng etdik. Naziliyin İstehlakçı hüquqlarının şöbəsi əlaqə yaratdıq. Şöbə müdiri Zahid Şərif dedi ki, məsələ ilə bağlı suala birbaşa cavab verə bilməyəcək: “Yəqin ki, Aquapark rəhbərliyi müştərilərinin təhlükəsizliyini nəzərə alaraq bu addımı atır. Bu cür halla birinci dəfə rastlaşırıq. Ona görə məsələyə birbaşa cavab verə bilməyəcəyəm. Bunu araşdırmalıyıq, görək onların qoyduğu qaydalar qanunvericiliyə uyğundur, ya yox”.Yəqin ki, 0.5 ml-lik sərinləşdirici içkidən partlayıcı maddə kimi istifadə edilməyəcəyinə görə, məqsədin nə olduğunu Zahid Şərifov özü də bilir. İqtisadiyyat və Sənaye Nazirliyinin İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (012) 498-15-01 saylı qaynar xəttindən isə bizə deyildi ki, şikayət qeydə alınıb və məsələ araşdırılmaq üçün aidiyyatı şöbəyə verilib.Şikayətlə bağlı Şıx Aquaparkı ilə də əlaqə yaratdıq. Telefona cavab verən xanım digər həmkarları kimi "səviyyəli" cavab verdi. İşçilərin hamının eyni dərəcədə "nəzakətli" olması, görünür, buranın suyundandır. Hansı ki, bu suyu başqalarını da məcburən içməyə vadar edirlər.Xanım bizə bildirdi ki, kim nə istəyir yazsın. Ancaq məsələnin ciddiyyətini anlayandan sonra “yumşalan”, özünü Şıx Aquaparkının administratoru kimi təqdim edən Zəhra xanım bildirdi ki, istirahət mərkəzi icarəyə götürülüb: “ Restoran sahibləri razı olmaz axı hərə öz yeməyini gətirib onların stollarında oturub yesin. Su keçirməyə isə qadağa yoxdur”. 2 gün öncə bir şüşə su içdiklərinə görə, bir neçə jurnalist məkandan qovulub, bunu necə izah edərsiniz -sualını eşitcək administrator xanım dəstəyi üzümüzə bağladı. Müştəri ilə davranış burada belə olduğu üçün bu hal bizi təəccübləndirmədi.Millət vəkili Fazil Mustafa isə yaranmış vəziyyətə sərt reaksiya verdi: “Heç kimin ixtiyarı yoxdur ki, nəyəsə qadağa qoysun. Əgər, istirahət mərkəzləri belə edirsə, bu biabırçılıqdır. Məsələn, mən hansısa istirahət mərkəzinə gedə bilərəm və onların yeməklərini bəyənməyib, öz istədiyim qida və içkiyə üstünlük verə bilərəm. Bu, mənim ora girməyimi niyə əngəlləməlidir axı? Mən ora giriş pulunu verirəmsə, onların əyləncə vasitələrindən istifadə edirəmsə, bu, başqa məsələ. Belə formada isə bu biabırçılıqdır. Onların ixtiyarı yoxdur ki, insanların əlində gətirdiklərinə qarışsınlar”.Sözügedən hadisəylə bağlı Daxili İşlər Nazirliyinin də mövqeyini öyrənmək istədik. Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə bildirdi ki, məsələylə tanış olmadığımız üçün heç bir şərh verə bilmirik, araşdırıb fikir bildirəcəyik.Mövzuya qayıdacağıq..