Siyahıya "Rəmiş" də əlavə edildi – Azərbaycanda fəaliyyəti dayandırılan hotellər

Siyahıya "Rəmiş" də əlavə edildi – Azərbaycanda fəaliyyəti dayandırılan hotellər
SOSİAL
11:48 30.10.2026
374
Xəbər verdiyimiz kimi, Bakıda yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilən "Rəmiş” hotelinin fəaliyyəti dayandırılıb.

Daha bir hotelin fəaliyyətinin dayandırılması ölkədə mehmanxanaların təhlükəsizlik vəziyyətini və müxtəlif illərdə bağlanan turizm obyektlərini yenidən gündəmə gətirib.

AZXEBER.COM müxtəlif illərdə fəaliyyəti dayandırılan hotellərlə bağlı araşdırma aparıb.

Qafqaz Sahil Hotel

2018-ci il oktyabrın 22-də Lənkəranda fəaliyyət göstərən "Qafqaz Sahil Hotel” əvvəlki adı ilə fəaliyyətini dayandırıb.

2008-ci ildə açılan və "Gilan Holdinq”ə daxil olan hotelin bağlanmasının konkret səbəbi açıqlanmayıb. Həmin vaxt yayılan məlumatlarda obyektin 42 əməkdaşının işsiz qaldığı bildirilirdi. Sonradan hotelin "Kaspia Sahil Hotel Lankaran” adı ilə təqdim edildiyi barədə məlumat yayılıb.

Rosemary Inn

Bakıda fəaliyyəti dayandırılan hotellərdən biri də "Rosemary Inn” olub.

2025-ci il martın 19-da FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, ev 8 ünvanında yerləşən hoteldə yoxlama aparılıb.

Yoxlama zamanı avtomatik yanğınxəbərverici sistemin tam quraşdırılmadığı, yanğınsöndürmə vasitələrinin və daxili yanğın kranlarının olmadığı, təxliyə planının hazırlanmadığı müəyyən edilib.

Bundan başqa, təxliyə yollarının yanar materiallarla bağlandığı, elektrik təsərrüfatının müvafiq qaydalara uyğun qurulmadığı aşkarlanıb.

FHN aşkar edilən nöqsanları nəzərə alaraq hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Abi Hotel

2025-ci il aprelin 21-də Şəmkir rayonunda yerləşən "Abi” hotelinin də fəaliyyəti dayandırılıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yoxlaması zamanı obyektdə çoxsaylı yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb.

Məlum olub ki, hotelin yanğınxəbərverici siqnalizasiya sistemi tam quraşdırılmayıb, mövcud qurğuya isə texniki qulluq göstərilməyib. Obyektdə kustar üsulla hazırlanmış odun sobasından istifadə edildiyi, ilkin yanğınsöndürmə vasitələrinin isə lazımi səviyyədə olmadığı müəyyənləşdirilib.

Aşkar edilən nöqsanların insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığını bildirən FHN hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Bağçalı Hotel

2026-cı il aprelin 14-də Şabran rayonunun Rəhimli kəndində yerləşən "Bağçalı” hotelinin fəaliyyəti dayandırılıb.

FHN-in məlumatına görə, yoxlama zamanı obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun tam quraşdırılmadığı, mövcud sistemin isə nasaz olduğu aşkarlanıb.

Bununla yanaşı, elektrik təsərrüfatında nöqsanlar, ilkin yanğınsöndürmə vasitələrinin çatışmazlığı, daxili yanğın kranlarının nasazlığı və digər pozuntular müəyyən edilib.

Həmçinin yanğın zamanı insanların təxliyəsi üçün planın hazırlanmadığı, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmadığı bildirilib.

FHN aşkar edilmiş nöqsanları əsas götürərək hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Golden Street Hotel

2026-cı il oktyabrın 8-də Bakının Yasamal rayonunda yerləşən "Golden Street” hotelinin fəaliyyəti dayandırılıb.

Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında yerləşən obyektdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yoxlama aparılıb.

Yoxlama zamanı avtomatik yanğınxəbərverici sistemin tam quraşdırılmadığı, elektrik naqillərinin yanar materialların üzəri ilə çəkildiyi, təxliyə planının olmadığı müəyyən edilib.

Bundan başqa, obyektin yanğın su hovuzu ilə təmin edilmədiyi və təxliyə yollarının yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmadığı aşkarlanıb.

FHN yanğın təhlükəsizliyi normalarının kobud şəkildə pozulmasını əsas gətirərək hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Rəmiş Hotel

Son olaraq, 2026-cı il oktyabrın 30-da Bakının Biləcəri qəsəbəsində yerləşən "Rəmiş” hotelinin fəaliyyəti dayandırılıb.

FHN-in məlumatına görə, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında yerləşən mehmanxanada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkarlanıb.

Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu nasaz vəziyyətdədir. Elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib, ilkin yanğınsöndürmə vasitələri ilə təminat isə tam deyil.

Bundan başqa, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmadığı, təxliyə yollarının müxtəlif materiallarla tutulduğu müəyyən edilib.

Həmçinin obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı bildirilib.

Aşkarlanan pozuntuları nəzərə alan FHN hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR