Parlamentdə azlıqda təmsil olunan partiyaların əksəriyyəti Prezident Administrasiyasının şöbə müdirinin hakimiyyət adından səsləndirdiyi meyarı daha məqbul hesab etdiklərini bildiriblər. Parlamentdə təmsil olunmayan müxalifət partiyalarının mövqeyinə gəlincə, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu bildirdi ki, indiki durumda az-çox qaneedici variant məhz seçki zamanı toplanan səslərin başlıca prinsip kimi götürülməsidir: “Həmin şərtlərə uyğun maliyyə ayrılsa, bu normal qarşılanar. Heç olmasa, maliyyələşməməkdənsə, təklif edilən variant yaxşıdır. Yəni partiyaların yenidən qeydiyyatdan keçməsinə ehtiyacın olmaması müsbət haldır. Partiyaların seçkilərdə topladığı səslər nəzərə alınmaqla maliyyə ayrılacaqsa, bu variant məqbul sayılmalıdır”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da hesab edir ki, partiyaların seçkilərdə topladığı səslərin meyar kimi götürülməsi məqbul variantlardan biridir: “Biz hesab edirik ki, partiyaların iştirakı ilə ciddi müzakirələr keçirməli və təkliflər dinlənilməlidir. Ən sonda optimal variantların üzərində dayanılmalıdır”.
ADP sədrinin birinci müavini Həsrət Rüstəmovun fikrincə, siyasi partiyaların dövlətdən maliyyələşməsi məsələsində seçkilərdə toplanan səslərin əsas götürülməsi normal təklifdir: “Daha doğrusu, bu, kriteriyalardan biri olmalıdır. Çünki yeni partiyalar yarana bilər, onlar seçkilərdə iştirak etməyibsə, o zaman maliyyədən məhrum olacaq. Bu isə Konstitusiyada nəzərdə tutulan siyasi partiyalarda birləşmə azadlığına ziddir. Ona görə ki, bir qrup Azərbaycan vətəndaşı partiya yaratmaq istəyirsə, bütün partiyalar kimi onun da dövlət büdcəsindən faydalanmaq haqqı var. Tək sözügedən kriteriya götürülə bilməz. Amma başqa kriteriyalarla yanaşı, seçkilərdə iştirak və xalqın səsi də obyektivlik yaradan kriteriyadır”.
AMİP katibi Əli Orucov da hesab edir ki, vaxt ötürülımədən “Siyasi Partiyalar haqqında” Qanuna dəyişikliklər edilməsinə ciddi ehtiyac var. Maliyyələşmə ilə bağlı Əli Həsənovun qeyd etdiyi variantı məqbul saymaq mümkündür: “Yəni olmamaqdansa, seçkilərdə toplanan səslərin sayına uyğun maliyyələşmənin reallaşması keçərlidir. Partiyaların inkişafı, onların perspektivi naminə bu varianta da getmək olar. Lakin digər tərəfdən, yalnız bu meyarla kifayətlənmək düzgün deyil. Başqa kriteriyalar da nəzərə alınmalıdır. Partiyaların regional qurumlarla əlaqələri, onların cəmiyyətə təsiri məsələlərinə diqqət yetirilməlidir”.
KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da partiyaların dövlətdən maliyyələşməsində partiyanın topladığı səslərin sayının meyar olaraq əsas götürülməsini yaxşı variantlardan biri sayır: “Partiyanın fəaliyyətini, onun gücünü seçki ilə müəyyənləşdirmək mümkündür. Dünya praktikasında da belədir ki, siyasi partiyalar seçkilər zamanı topladığı səsin müqabilində dövlət büdcəsindən vəsait əldə edir. Ən azı, qonşu Türkiyədə bu cür meyar əsas götürülür. Ayrı çıxış yolu yoxdur”.
//milli.az