Siyavuş Novruzov icra başçılarını topa tutdu

SİYASƏT
13:34 14.03.2014
1179

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Siyavuş Novruzov martın 14-də parlamentdə hökumətin növbəti illik hesbatının müzakirəsi zamanı yerli icra hakimiyyəti başçılarını sərt tənqid atəşinə tutub.

AZXEBER.COM-ın verdiyi xəbərə görə, millət vəkili ilk öncə icra başçılarının təcrübə mübadiləsinə təkcə xarici ölkələrə deyil, həm də ölkə daxilində belə cəlb olunmasının vacibliyini vurğulayıb.

Onun qeyd etdiyinə görə, icra başçıları elə Azərbaycanın özündə də bir-birləri ilə yaxından tanış olsalar və bir-birlərinin müsbət təcrübələrini öyrənsələr daha məqsədəuyğun olar.

“Burada başqa bir ağrılı məsələ də var ki, o da icra başçılarının dəyişdirilməsi zamanı yaranan narahatçılıqdır. Belə ki, bir icra başçısı yenisi ilə əvəz olunanda çox zaman görürsən ki, əvvəlkinin gördüklərinin üstündən xətt çəkir, təmir olunmuş yerləri yenidən təmir etdirməyə başlayır.

Bunun üçün dövlət büdcəsindən milyonlarla əlavə vəsait xərclənir. Bir də görürsən ki, təmir olunmuş küçəni yenidən uçurub dağıdıb təmir edirlər, ancaq baxıb görürsən ki, onunla yüz metrlikdə olan başqa bir küçə bərbad vəziyyətdədir.

Bu məsələləri kiminsə “ideyasına”, özfəaliyyətinə buraxmaq olmaz. Sən çalış özündən əvvəlkindən daha yaxşı işlə, daha yaxşı qurub yarat, niyə əvvəlkinin qurub yaratdıqlarını dağıdır, pulları havaya sovurursan? Ona görə çox istərdim ki, hökumət, xüsusilə Maliyyə Nazirliyi bu məsələni çox ciddi diqqətdə saxlasınlar”, - deyə, S.Novruzov bildirib.

OXŞAR XƏBƏRLƏR