Skuter və velosiped sürənlərə çağırış

Skuter və velosiped sürənlərə çağırış
SOSİAL
09:56 04.11.2026
192
"İstər velosiped, istər skuter, istərsə də moped və motosiklet idarə etməyinizdən asılı olmayaraq, keçidlərdən istifadə edərkən siz də piyada sayılırsınız. Təəssüf ki, bəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri bilərəkdən və ya bilməyərəkdən bu qaydanı pozurlar".

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) hərəkət iştirakçılarına müraciətində bildirilib.

Qeyd olunub ki, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində qeydə alınan bu cür qayda pozuntularının təhlili göstərir ki, kuryer xidməti göstərən bəzi şəxslər də piyada zolaqlarından istifadə edərkən nəqliyyat vasitəsindən düşmür, hərəkətlərini onun üzərində davam etdirirlər.

"Nəticədə piyadalar üçün təhlükəli vəziyyət yaranır, qəzaların baş verməsi qaçılmaz olur.

Bir daha xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri piyada keçidindən istifadə edərkən nəqliyyat vasitəsindən düşərək yolu piyada kimi keçməlidirlər. Müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülərin təhlili onu da göstərir ki, aparılan təbliğat-izahat və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, artıq bir çox velosiped və skuter sürücüləri yollarda, səkilərdə və piyada keçidlərində qaydalara uyğun şəkildə hərəkət edirlər.

NİİM qəzaların baş verməməsi üçün hər kəsi qaydalara əməl etməyə çağırır", - deyə məlumatda vurğulanıb.
OXŞAR XƏBƏRLƏR