LG-nin bəzi ağıllı televizorlarının ekran söndürülmüş vəziyyətdə belə mikrofon vasitəsilə səs qəbul edə bildiyi iddia olunur.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gamers Nexus və Level1Techs-in üç müstəqil təhlükəsizlik tədqiqatçısı ilə birgə apardığı araşdırmada məlumat verilib. Komanda LG G5 də daxil olmaqla bir sıra OLED televizorlarını Wireshark vasitəsilə izləyib.
Araşdırma zamanı televizorların qoşulduqları lokal şəbəkəni skan etdiyi, eyni şəbəkədəki telefon və ağıllı saat kimi cihazları müəyyənləşdirdiyi iddia olunub. Tədqiqatçılar həmçinin televizorların ətrafdakı Wi-Fi şəbəkələrinin adlarını və siqnal güclərini topladığını bildiriblər.
Ən diqqətçəkən iddia isə mikrofonla bağlı olub. Bildirilir ki, internet bağlantısı kəsildikdən sonra belə televizor səs girişlərini lokal olaraq saxlamağa davam edib və bağlantı bərpa edildikdə qeydə alınan məlumatlar göndərilib. Tədqiqatçılar mikrofon parametrlərdən söndürüldükdən sonra belə ikinci mikrofondan səs yazısı əldə etdiklərini də iddia ediblər.
Bundan başqa, LG-nin webOS əməliyyat sistemində uzaqdan kod icrasına imkan verə biləcək təhlükəsizlik boşluqlarının aşkarlandığı bildirilir. Tədqiqatçılar texniki detalları hələ açıqlamayıb və məsələni məsuliyyətli açıqlama prosesi çərçivəsində aidiyyəti tərəflərə bildiriblər.
Hazırda bu boşluqlardan kənar şəxslərin aktiv şəkildə istifadə etdiyini göstərən ictimai sübutun olmadığı qeyd olunur.
LG isə araşdırmanın nəticələri ilə bağlı hələlik açıqlama verməyib.
Şahanə











































