AZXEBER.COM-un müsahibi "SOCAR Capital”ın kapital bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğludur.
""Yaşıl" təyinatlı istiqrazlardan da hamı eyni qaydada bəhrələnəcək”.
- Əli bəy, SOCAR-ın "yaşıl” təyinatlı istiqrazları digər istiqrazlardan nə ilə fərqlənir?
- SOCAR-ın bundan əvvəl iki istiqrazı var idi. "Yaşıl" təyinatlı istiqrazlar bunlardan sonuncusudur. Texniki baxımdan 3 istiqraz arasında heç bir fərq yoxdur. Bu istiqrazlar da digərləri kimi 5 illik müddətə buraxılıb. Konkret bir faizi var və hər rüblükdə kupon ödənişi edilir. "Yaşıl" təyinatlı istiqrazların ən mühüm fərqi bu istiqrazların emissiyasından əldə edilən bütün vəsaitin "SOCAR Green" MMC şirkətinə verilməsidir. Bu gəlir yalnız ekoloji layihələrdə istifadə olunur. Ona görə də SOCAR-ın başqa istiqrazlardan əldə etdiyi gəlirlər başqa layihələrin icrasında istifadə olunursa, "yaşıl" təyinatlı istiqrazlardan əldə edilən gəlirlər bu sahədə istifadə olunacaq. Bu o deməkdir ki, ekoloji düşüncəsi olan və ya ekologiyaya önəm verən investorlar buradan qazandıqları gəlirin lazımi yerdə istifadə olunduğunu bildikləri üçün özlərini daha rahat hiss edəcəklər.
- "Yaşıl” təyinatlı istiqrazların əsas auditoriyası kimlərdir? Yəni, iri investorlar, kiçik sahibkarlar, yoxsa bütün vətəndaşlardır?
- Əvvəla, onu deyim ki, bütün investorlar bu istiqrazları rahat şəkildə əldə edə bilirlər. Əslində, bizdə istiqrazların satış auditoriyası baxımından heç bir ayrı-seçkilik yoxdur. Ancaq fərqlər var. Məsələn, ilk istiqrazımızı hamı əldə edə bilirdi - həm fiziki, həm də hüquqi şəxslər. İkinci istiqrazımızda öncəlik fiziki şəxslərə verilmişdi. Bunun nəticəsidir ki, həmin istiqraz sahiblərinin 60%-i fiziki şəxslər olmuşdu. "Yaşıl" təyinatlı istiqrazlardan da hamı eyni qaydada bəhrələnəcək. Ancaq bunun digərlərindən fərqi sözügedən istiqrazlara tələbatın çox olmasıdır. Və bu izafi tələbə görə biz onları mütənasib dediyimiz ümumi tələbə - yəni hamının tələb etdiyi və ya abunə formasına daxil etdiyi məbləğə görə qiymətləndirəcəyik. Onlar da həmin nisbətə uyğun istiqrazlarını ala biləcəklər.
- "Yaşıl” təyinatlı istiqrazları almaq prosesi necə həyata keçirilir? Onlayn və ya bank vasitəsilə əldə etmək mümkündürmü?
- "Yaşıl" təyinatlı istiqrazları almaq üçün 1 və 5 saylı "ASAN Xidmət” mərkəzlərindən, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən və Azərbaycan Beynəlxalq Bankı, "Kapital Bank", "Bank Respublika" və "Paşa Bank”ın mobil tətbiqləri vasitəsilə əldə etmək mümkündür. Ən önəmlisi isə bütün investisiya şirkətləri vasitəsilə istiqrazların alışına abunə olmaq mümkündür. Öncələr çox uzun vaxt aparan prosedurları indi qısaltdıq.
- "Yaşıl” təyinatlı istiqrazların gəlirliliyi necə müəyyənləşir? Faiz dərəcəsi sabitdirmi, yoxsa dəyişiklik mümkündür?
- "Yaşıl” təyinatlı istiqrazların gəlirliliyi sabitdir. Hər 3 aydan bir 1000 dollar üçün 15 dollar faiz hesablanır. Hər il 1000 dollar üçün 60 dollar faiz alacaqsınız.
İstədikləri zaman bu istiqrazları girov qoyub kredit də götürə bilərlər.
- "Yaşıl" təyinatlı istiqrazların dəyəri zamanla dəyişə bilərmi? Yəni, bazar tələbi istiqrazların dəyərinə təsir edə bilər?
- Təbii ki, "yaşıl” təyiantlı istiqrazların qiymətləri təkrar bazarda arta bilər. "SOCAR Capital” olaraq bazara çıxardığımız ikinci istiqrazda çox ciddi qiymət artımı gördük. "Yaşıl” təyinatlı istiqrazlarda da bənzər hadisə ortaya çıxa bilər. Ancaq bazarda "market maker" tətbiq ediləcək. Nəticədə qiymətin müəyyən olunmuş məbləğdən aşağı düşməməsi üçün əllərindən gələni edəcəklər.
- "Yaşıl" təyinatlı istiqraz sahibləri onları istədiyi vaxt satıb likvid vəsaitə çevirə bilərmi? Yoxsa yalnız müəyyən dövrlərdə bu satış mümkündür?
- Xeyr, bunun üçün xüsusi vaxta ehtiyac yoxdur. İstiqraz sahibi həmin istiqrazları istədiyi vaxt sata bilər. Hətta istədikləri zaman bu istiqrazları girov qoyub kredit də götürə bilərlər. Vaxtı çatdıqda kredit ödənişini edib yenidən öz istiqrazına sahib ola bilərlər. Və ya birjada "repo" əməliyyatı həyata keçirə bilərlər ki, müəyyən bir müddətlik lazım olan fondu əldə edib, daha sonra istiqrazını geri istəyənlər bunları "repo" əməliyyatlarına daxil edə bilərlər.
- "Yaşıl" təyinatlı istiqrazlara maraq hansı səviyyədədir?
- 2016-cı ildə çıxardığımız ilk istiqraza maraq 2015-ci il baş verən devalivasiya prosesindən sonrakı dönəmdə olduğu üçün buna inam çox zəif idi. Etiraf edim ki, şərtlər də çox çətin idi. İstiqrazı almaq və ya satmaq 2 gün yarıma qədər vaxt alırdı. Hazırda həmin müddəti 15 dəqiqəyə qədər endirmişik.
2021-ci ildə bazara çıxardığımız istiqraza inam daha çox oldu və həmin istiqrazların faiz ödənişləri tam zamanında edildi. Bazara təqdim etdiyimiz ikinci istiqrazımız çox tez bir zamanda satıldı. Həmin istiqrazlara tələb 4 dəfədən çox oldu. Bu istiqrazlarda hazırda 200 milyon dollarlıq emissiya həcmimiz var. Bununla yanaşı hələ də istiqraz əldə etmək istəyənlər var. İstiqrazları əldə etmək istəyənlər gələn həftə bu işləri bitirəcəklər.
- İstiqrazların satışı zamanı hər hansı komissiya tutulurmu?
- Normal investisiya şirkətləri və birjanın əldə etdiyi komissiyalardan başqa SOCAR şirkəti olaraq biz istiqrazların satışı zamanıheç bir komissiya tutmuruq. SOCAR bu emissiyanı etdikdən sonra "market maker"lə olan münasibətindən başqa bazarda hər hansı alqı-satqı etmək məcburiyyətində deyil. Birjada istiqrazını satmaq istəyən almaq istəyənlə üz-üzə gəlir. Bütün istiqrazlarda olduğu kimi investor şirkətlərin tələb etdiyi komissiyadan başqa heç bir ödəniş olmayacaq.
"Azərbaycanın kapital bazarının son 10 ildəki inkişafı qürur duyulacaq səviyyədədir”.
- Bir az da təkrar bazar əməliyyatlarından danışaq. Bazar əməliyyatları yenidən nə vaxt olacaq?
- Bu istiqrazların abunə qeydiyyat müddəti fevral ayının 28-də başa çatır. Yerləşdirmə isə martın 7-də baş tutacaq. Yerləşdirmə həyata keçirildikdən sonra yenidən bazar əməliyyatları başlayacaq. Mart, iyun, sentyabr və dekabr aylarında rübliklərdə faiz ödənişləri ediləcək ki, bu ödənişlər də birbaşa hesaba yatırılacaq.
- Azərbaycanın kapital bazarını beynəlxalq kapital bazarı ilə müqayisə etsək nə deyə bilərsiniz?
- Əvvəlcə, Azərbaycan kapital bazarını Türkiyə kapital bazarı ilə müqayisə edim. Çünki Türkiyə beynəlxalq ictimai bazarlardan bir az geri qalır, amma deyə bilərəm ki, Türkiyənin təxminən 15-20 il əvvəlki kapital bazarı indi yoxdur. Hazırkı Türkiyə və Azərbaycan kapital bazarlarını müqayisə etsək, Türkiyə təbii ki, əməliyyatların həcmi, ölçüsü baxımından öndədir.
Etiraf edək ki, ABŞ kapital bazarı və ya Avropa fond birjaları bütün ölkələrdən irəlidədir. Amma Azərbaycanın son 10 ildəki inkişafı qürur duyulacaq səviyyədədir. Çünki 10 il əvvələ və ya 2016-cı ilə nəzər saldıqda, 2025-ci ildən 2016-cı ilə qədər çox ciddi rəqəmlər müşahidə olunur. Burada 170-ə yaxın 35-dən çox emitentin 140-a yaxın emissiyası var.
- SOCAR-ın "yaşıl"istiqraz layihəsi gələcəkdə digər dövlət və ya özəl şirkətlər üçün nümunə ola bilərmi?
- Bundan əvvəl çıxardığımız iki istiqraz nümunə oldu, örnək təşkil etdi. Həm də bazar iqtisadiyyatının yaxşı işləməsinə dəstək oldu. "Yaşıl" təyinatlı istiqrazın da Azərbaycan kapital bazarlarına əvvəlki istiqrazlarımız kimi dəyər qatacağını, töhvə verəcəyini düşünürük.
Günel Hüseynli