Son 2 ildə ölkədə saxta diplomla işləyən müəllimlər aşkar edildi
Bütün Xəbərlər
14:09 04.02.2012
1149
on iki ildə respublikanın ümumtəhsil müəssisələrində işləyən müəllimlərin təhsil sənədləri Təhsil Nazirliyində ekspertizadan keçirilib və bu istiqamətdə işlər ötən ilin yay aylarında Zaqatala, Balakən və Qax rayonlarında başlanıb. Təhsil Nazirliyinin ümumi şöbənin müdiri Xəyyam Fərəcov Trend-ə açıqlamasında bildirib ki, həmin vaxt nazirliyin komissiyası tərəfindən yerdə aparılmış araşdırma zamanı qeyd edilən rayonlarda 27 nəfərin saxta diplomla müəllim işlədiyi müəyyən edilib. Onun sözlərinə görə, saxta diplom əldə etmiş şəxslərdən 1-i Qax, 2-si Balakən və 24-ü Zaqatala rayonunda aşkar olunub.“Eyni zamanda diplomu mövcud qaydada Təhsil Nazirliyində tanınmayan 39 nəfər Qax, 53 nəfər Balakən, 116 nəfər Zaqatala, özəl ali məktəblərin arayışları ilə 13 nəfər Balakən, 20 nəfər Zaqatala, qanunsuz fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrinin məzunlarından 2 nəfəri Balakən, 14 nəfəri Zaqatalada ümumi təhsil müəssisələrində pedaqoji işə qəbul edilib. Bundan sonra 10 məcburi köçkün rayonunda da müəllimlərin diplomları ekspertizadan keçirilib və daha 51 saxta təhsil sənədi ilə işləyən müəllim aşkar edilib. Müəyyən olunan faktlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib, həmin müəllimlərlə bağlanan əmək müqavilələri ləğv olunub, hətta Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Tahir Məmmədov tutduğu vəzifədən azad edilib”, - deyə o əlavə edib.Şöbə müdiri qeyd edib ki, 2011-ci ilin may-avqust aylarında respublikanın 25 rayonundan müəllimlərin təhsil sənədləri nazirliyin müvafiq komissiyası tərəfindən araşdırılıb. Nəticədə 20 rayonda 92 müəllimin saxta diplomla işlədiyi müəyyən edilib. 25 rayonda isə 303 müəllimin diplomla deyil, arayışla, qanunsuz fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomlarla və ya xarici ölkələrdən aldıqları, lakin qanunvericiliyə uyğun olaraq ekvivalentliyi müəyyən edilməmiş diplomlarla işlədiyi aşkar olunub. Saxta təhsil sənədləri də hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib və bu məqsədlə yerli təhsil idarəetmə orqanlarına müvafiq məktub hazırlanaraq həmin diplom sahibləri ilə bağlanmış əmək müqavilələri ləğv edilib.Bu proses davam etdirilib və 2011-2012-ci dərs ilinin əvvəlində daha 25 rayon və şəhərin ümumtəhsil müəssisələrinin pedaqoji işçilərinin təhsil sənədləri də nazirlikdə ekspertizadan keçirilib. Nəticədə 312 nəfərin saxta diplomla, 331 nəfərin özəl təhsil müəssisələrinin arayışları, müxtəlif kursların vəsiqələri ilə diplomu mövcud qaydada Təhsil Nazirliyində tanınmamış və qanunsuz fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomlarla işlədiyi müəyyən edilib.