AFFA-nın Bakı Metropoliteninə müraciətinə cavab gəlib.
AZXEBER.COM Bakı Metropolitenin saytına istinadən xəbər verir ki, oktyabrın 15-dən 16-na keçən gecə metropolitenin işləməsi ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Bakı Metropoliteninə müraciəti daxil olub. Hərəkət xidmətinin rəisi Hidayət Məmmədovdan aldığımız məlumata görə, müraciətə müsbət cavab verilib və qeyd edilən vaxtda oyundan sonra, istisna hal kimi, son azarkeş-sərnişinə qədər xidmət göstərəcək.
Qeyd edək ki, adi vaxtlarda metropoliten hər gün səhər saat 6-dan gecə saat 12-yə qədər işləyir.
Xatırladaq ki, oktyabrın 15-də Azərbaycan milli futbol komandası Dünya Kuboku-2014-ün Avropa seçmə zonasında keçirilən yarışın qrup mərhələsi çərçivəsində Rusiya millisi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və təxminən 24:00-da başa çatacaq.