Şortik geyinən qızlara və oğlanlara münasibətiniz necədir? - SORĞU

Şortik geyinən qızlara və oğlanlara münasibətiniz necədir? - SORĞU
Bütün Xəbərlər
17:17 28.07.2015
8590
“İnsanı geyimi ilə qarşılayıb ağılı ilə yola salarlar” deyiblər. Geyimə diqqət etmək, onun səliqəli,təmiz və bir o qədər də görünüşlü olması hamının nəzərində olan məsələlərdən biridir. Yay aylarının ən çox istifadə olunan geyimi isə şortiklərdir. Bəs Azərbaycanda şortik geyinən qızlara və oğlanlara münasibət necədir? Bunu öyrənmək üçün bir neçə nəfərdən soruşub maraqlı cavablar aldıq:
Firayə Allahverdiyeva:
Qızların, təbii ki, yaraşırsa, şortik geyinməsini xoşlayıram. Şəxsən özüm də istəyərdim, amma Azərbaycanda şortik geyinən qızlara mənfi baxışların və fikirlərin olması reallığını unuda bilmərəm. Ona görə də geyinmirəm. Oğlanlarda isə dizdən bir az aşağı şortiklərə münasibətim yaxşıdır, amma qısa olanlar yaxşı görünmür.
Ələsgər Əliyev:
Çox pis. Səbəbi də budur ki, Azərbaycan müsəlman ölkəsidir və yarıçılpaq-bu müsəlmançılığa ziddir.
Xanım Qəniyeva:
Əla. Avropalaşırıq da, pisdir bəyəm? Lakin bu da çərçivə daxilində olmalıdır, çox açıq-saçıq yox. Hər şey normalında gözəldir.
Kərəm Məmmədov:
Şortik geyənlərə münasibətim hər hansı bir geyim-şalvar, yubka və ya başqa bir geyimdən istifadə edənlərə olduğu kimidir.
İlahə Şükürova:
İndi elə bir dövrdə yaşayırıq ki, heç kim heç kimin geyiminə qarışa bilməz. Bu fərdin öz həyatıdır. Normal baxıram, amma Avropada yaşasaydım... Mentalitet anlayışı olduğu üçün dədə-baba qanunlarımıza uyğun olaraq mən geyinmək istəsəm də, geyinə bilmirəm.
Teymur İbrahimov:
Yaxşı baxıram, özüm də istifadə edirəm. Daha doğrusu insanların necə geyinməyinə fikir vermirəm, amma şortik geyinən insanlardan xoşum gəlir. Yaydır, istidir deyə bu normaldır. Lakin bəzi qadınlar şortik yox, lap qısaldılmış gecə paltarları geyinir, bundan xoşum gəlmir. Çünki onların şortiklərinin alt paltarlarından fərqi olmur.
Nəzrin Qardaşxanova:
Şort geyinən qızlara münasibətim pis deyil, amma oğlanlara gəldikdə isə düşünürəm ki, oğlanlarla qızları bir-birindən fərqləndirən nəsə olmalıdır. Çünki heç də yaxşı görünmür. Düzdür, kişiliyi bu cür cılızlaşdırıb şortla ölçməyək, amma elələrindən uzaq durmağa çalışıram. Yəni, dədə-babalarımız yayda şortsuz olub nə olub ki?
Əhməd Yəhyalı:
Münasibətim yaxşıdır. Hər kəsin öz seçimidir.
Səkinə Sofuyeva:
Şortik geyinәn qızlara da, oğlanlara da münasibәtim yaxşıdır. Ümumiyyәtlә, hәr kәs necә istәyir geyinә bilәr, tәbii ki. Sadәcә stereotiplәr var ki, şortik geyinmәk istәyәnlәr dә onlara görә geyinmir. Mәncә, artıq qızların şortik geyinmәsinә münasibәt daha yaxşıdır, nәinki oğlanların geyinmәsinә. Baxmayaraq ki, oğlanlara da çox yaraşır. Әgәr şortik rahatdırsa, niyә dә geyinmәsinlәr ki?
Ceyhun Mustafayev:
Tərbiyə geyimlə ölçülmür, istər oğlan, istərsə də qız istirahət vaxtı, yayın istisində şortik geyinirsə, bu normal haldır. Şortikə pis baxanlar, onu Avropadan alınan pis bir adət olduğunu deyənlər, əvvəlcə, ondan daha böyük  heç bir məntiqə sığmayan iyrəncliklərə fikir versinlər, onlara qarşı çıxsınlar. Bir insan  bir qadın haqqında pis fikirləşirsə, onun nə geyindiyindən aslı olmayaraq fikiri elə pis də olacaq. Əsas geyim deyil, insan özüdür.
Nurlan Səlim
OXŞAR XƏBƏRLƏR