Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir

Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
SOSİAL
13:22 05.11.2026
24
Milli Məclisin dünən və bu gün keçirilən iclaslarında 2027-ci il üçün bir sıra sosial ödənişlərin artırılması proqnozlaşdırılıb.

Belə ki, gələn il dəfn pulunun, uşağın doğulmasına görə birdəfəlik müavinətin və 3 yaşınadək uşağa qulluğa görə aylıq müavinətin artırılması nəzərdə tutulur. 

Bununla yanaşı, orta aylıq əmək pensiyasının məbləğinin 45 manat artaraq 640 manata, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manata çatacağı proqnozlaşdırılır.

Sosial ödənişlərin artırılması vətəndaşların maddi vəziyyətinə müsbət təsir etsə də, bu qərarın bazara və qiymətlərə mümkün təsiri də maraq doğurur.

İqtisadçı Günay Hüseynova AZXEBER.COM-a açıqlamasında bildirib ki, nəzərdə tutulan müavinət artımlarının inflyasiyaya və daxili bazarda qiymətlərin bahalaşmasına səbəb olacağını düşünmür:

"2027-ci ildə nəzərdə tutulan dəfn pulunun, uşağın doğulmasına görə müavinətin və 3 yaşınadək uşağa qulluğa görə müavinətin artırılmasının inflyasiyaya və bazarda qiymət artımına səbəb olacağını düşünmürəm. Əvvəla, qeyd edim ki, inflyasiya və daxili bazarda qiymət artımı gözlənilir. Lakin həmin bahalaşma sadalanan müavinətlərin artırılması ilə əlaqəli deyil. Digər tərəfdən, bu müavinətlərdən ikisi, dəfn pulu və uşağın doğulmasına görə verilən müavinət birdəfəlik xarakter daşıyır. 3 yaşınadək uşağa qulluğa görə nəzərdə tutulan aylıq məbləğ isə uşağın xərclərinin yalnız cüzi hissəsini qarşılamağa kifayət edir. Buna görə də həmin ödənişlərin daxili bazarda qiymət artımına və inflyasiyaya şərait yaradacağını düşünmürəm”.

İqtisadçı uşaqlara görə müavinətin birdəfəlik deyil, daha uzun müddətə verilməsinin məqsədəuyğun olduğunu vurğulayıb:

"Uşaq üçün nəzərdə tutulan müavinətin birdəfəlik deyil, onun ümumi orta təhsil aldığı müddət ərzində verilməsi daha məqsədəuyğun olardı. Ölkədə doğum səviyyəsi ötən illərlə müqayisədə aşağı düşüb. Bu baxımdan, müavinətin artırılması təqdirəlayiq addımdır. Lakin nəzərə almaq lazımdır ki, birdəfəlik verilən məbləğ uşağın yalnız bir neçə aylıq xərclərini qarşılaya bilər”.

Günay Hüseynova pensiya və əməkhaqqı artımları ərəfəsində bazarda, xüsusilə də süni qiymət artımının müşahidə oluna biləcəyini qeyd edib:

"Pensiyaçılar artım məbləğini almamışdan əvvəl daxili bazarda bahalaşma, xüsusilə də süni qiymət artımı gözləniləndir. Satıcılar bu bahalaşmanı əsasən yeni məhsulların alınması və xərclərin artması ilə əlaqələndirirlər.
Məhsul və xidmətlərin qiymətindəki artım daha çox Yeni ilin yaxınlaşması ilə əlaqədardır. Hər bayram ərəfəsində qiymətlərdə bahalaşma müşahidə olunur. Bununla yanaşı, endirimlər də edilir. Əksər hallarda bu qiymət dəyişiklikləri böyük mağaza şəbəkələrində özünü göstərir. Pensiya və əməkhaqlarının artırılması, eyni zamanda bayramın yaxınlaşması fonunda mağazalardakı endirimlər istehlakçılarda şübhə yarada bilər. Lakin bu, mağazaların daha çox satış etməklə gəlir əldə etmək prinsipi ilə bağlıdır”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR