Keçən illərlə nisbətdə insanlar daha rahat ünsiyyət qurur və informasiya əldə edə bilirlər. Bunun ən əsas vasitəçilərindən biri də sosial şəbəkələrdir. Günümüzün ayrılmaz hissəsinə çevrilən Facebook, Twitter, İnstagram və çoxsaylı sosial şəbəkələrlə vaxt keçirilir, əylənilir və informasiya əldə olunur. Əvvəllər sosial şəbəkələrdən o qədər də geniş istifadə olunmasa da, indiki dövrdə demək olar ki, hər kəs hansısa bir şəbəkədə mütləq var. Ünsiyyət xarakterli istifadə ilə yanaşı sosial şəbəkələr sosial media aləmini də yaradır ki, biznes bura öz təsirini göstərə bilir. Böyük şirkətlər, tanınmaq istəyənlərin ən güclü reklamı məhz sosial media ilə təmin olunur. Ən güclü müəssisələrlə yanaşı, bəlkə də bütün müəssisələrin sosial media meneceri (SMM) olur və bu onlar üçün hər bir işçidən daha da məsuliyyətli rol daşıyır.
Sosial şəbəkələr həyatımızdakı önəmini aydınlaşdırmaq üçün istifadəçilərə üz tutduq. Müsahibimiz İbrahim Əlizadə Facebook və İnstagram sosial şəbəkələrindən istifadə etdiyini bildirir. Onun dediklərinə görə sosial şəbəkələr böyük vaxt itkisidir. Sosial şəbəkələrin istəmədən də olsa, həyatımızın bir parçasına çevrildiyini və real münasibətlərə mənfi təsir etdiyini deyən İbrahim bəy onların bəzi hallarda lazımlı olduğunu da vurğulayır. Musiqiçi olduğunu bildirən İ.Əlizadə bununla bağlı işlərinin və onu digərləri ilə bölüşmək ehtiyacının olduğunu söyləyir. Elə bunun üçün də sosial şəbəkələrə baş vuran müsahibimiz bu yolla işlərini bölüşməklə yanaşı gündəmdə olan məsələləri izləyir, müasir incəsənətin ən son nümunələrini də təqib edir.
Digər bir müsahibimiz Nərmin Məmmədli isə Facebook, Twitter və İnstagram-dan istifadə etdiyini deyir. Nərmin xanım sosial şəbəkələrin bəzən vaxt itkisinə çevrildiyini desə də, informasiyanı daha tez əldə etmək, yeni tanışlıqlar, əlaqələr qurmaq üçün faydalı olduğunu da vurğulayır. Onun sözlərinə görə həmin şəbəkələr sosiallaşma baxımından “olmazsa olmaz”dır. Sosial şəbəkələrdən hansı məqsədlərlə istifadə etdiyini danışan N.Məmmədli, əsasən, məlumat əldə etmək üçün onlara müraciət etdiyini deyir. Müsahibimiz Facebook vasitəsilə xəbər oxumaq, gündəmi izləməyin çox rahat olduğunu bildirir.
Nəticə olaraq onu deyə bilərik ki, istər vaxt itkisi, istərsə də önəmli görməyimizdən asılı olmayaraq sosial şəbəkələr həyatın ayrılmaz hissəsidir.
Nurlan Səlim