Turizm eksperti Ceyhun Aşurov mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında vətəndaşlara tur paketini seçməzdən öncə araşdırma aparılmasının vacib olduğunu bildirib:
"Çox zaman sosial şəbəkələrdə cəlbedici qiymətlər təqdim edərək insanları müxtəlif turlara getməyə təşviq edirlər. Son dövrlərdə də bu cür hallara daha çox rast gəlirik. Belə ki, təxminən 1000 manata Antalyaya və ya Türkiyənin başqa bölgələrinə turlar təşkil olunur. Bu turlara gecələmə, oteldə qalma, təyyarə bileti və s. daxil olur. Halbuki, diqqət etsək, görərik ki, təkcə təyyarənin gediş-gəliş biletini hesablayanda 1000 manata yaxın pul edir.
Qiymətlərin belə kəskin endirimli olması, xüsusən sosial şəbəkələrdə tanınmış turizm şirkətlərinin logosundan saxtakarlıqla istifadə edən dələduzlar insanlardan istifadə edib pullarını mənimsəyirlər. Hər zaman təklif edirik ki, bu kimi halların qarşısını almaq üçün maarifləndirmə tədbirləri keçirilsin. Vətəndaşlara tövsiyə edirik ki, ümumiyyətlə hər hansı turun qiymətinə tez aldanmasınlar. Gedəcəkləri turun təklif olunan qiymətini başqa tur qiymətləri ilə müqayisə edib, ondan sonra qərar versinlər. Hər hansı turda qiymətin adambaşı 1000-2000 dollar olduğu halda başqa turda 500-600 dollar olursa demək ki, burada dələduzluq olma ehtimalı böyükdür. Xüsusən də sosial şəbəkələrdə olan turizm şirkətlərini seçməzdən əvvəl bir az araşdırma aparılsa yaxşı olar. Hər kəs ehtiyatlı davransın”.
![](https://azxeber.com/file/pic/xeber/2024-07/1721909345_whatsapp-image-2024-07-25-at-16.05.29.jpeg)
Ekspert həmçinin qeyd edib ki, vətəndaşlar karta təklif olunan pulun bir qismini atmazdan əvvəl, tur şirkətinin fəaliyyət göstərdiyi yerə gedib paketlə daha yaxından tanış olsunlar:
"Turizm şirkətləri özlərini reklam vasitəsilə tanıdırlar. Bu çox doğru və olduqca normal haldır. Amma elə turizm şirkətləri var ki, onların real ofisləri belə yoxdur. Sadəcə 1 şəxs və 1 telefondan ibarətdirlər. Həmin şəxs sosial şəbəkələrdən istifadə edib insanları aldadır. Bu kimi turlarda öncədən karta pul atılmaq tələb olunur. Pulun müəyyən qisminin təcili şəkildə ödəniş edilməli olduğunu bildirirlər. Bəzən isə son 1 və ya 2 yer qaldığını da söyləyib, insanları tez ödəniş etməyə sövq edirlər. Nəticədə turun həyata keçmədiyi məlum olanda isə ortaya çıxır ki, hər şey qurmadır. Həmin sosial şəbəkə hesabı bağlanır və dələduzun mobil telefonuna zəng çatmır.
Məsləhətdir ki, danışıqlardan sonra həmin yerin fəaliyyət göstərdiyi ofisə getsinlər. Kontrakt bağlasınlar. Sığorta məsələsi, vauçer və s. var ki, bunlar turizm şirkəti tərəfindən müştəriyə təklif olunmalıdır. Belə məsələlərdə tələsməmək faydalıdır”.
Oksana Orucova