"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"

"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
MEDİA
17:35 16.07.2025
290
"Yeni dövr jurnalistlərinin qarşısında duran əsas məqsədlərdən biri informasiya texnologiyalarının və süni intellektin imkanlarından maksimum səviyyədə istifadə etmək, beynəlxalq media və xarici ölkələrin mediası ilə yaxın əlaqələr qurmaq, Azərbaycanla bağlı həqiqətlərin dünya mediasında yayılmasına dəstək olmaq və eyni zamanda ölkə daxilində baş verən hadisələri operativ şəkildə oxucuya çatdırmaqdır”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli yeni dövrdə jurnalistlərin qarşısında duran vəzifələr barədə danışarkən deyib:

"Dövr dəyişir, dünya trendləri yenilənir. 21-ci əsrdə dünya mediasında innovasiyalar tətbiq olunur və süni intellekt demək olar ki, medianın əsas alətlərindən birinə çevrilir. Yeni dövr jurnalistlərindən isə dövlətimizin gözləntiləri odur ki, Azərbaycan mediası daha çevik və operativ olsun.

Eyni zamanda sosial şəbəkələrdə yayılan dezinformasiyalar və saxta xəbərlərə qarşı birgə mübarizə aparılmalı, bu cür məlumatların qarşısının alınmasında yardımçı olunmalı və cəmiyyətə əsl həqiqət çatdırılmalıdır. Təbii ki, bununla bağlı Azərbaycanın media subyektləri media savadlığına tam yiyələnməlidir. Sosial şəbəkələrdə yayılan videoları və məlumatları mütləq həqiqət kimi qəbul etməməli, onları araşdırmalıdırlar. Jurnalistikanın prinsiplərindən biri də məlumatı ən azı üç mənbədən dəqiqləşdirərək oxucuya düzgün və doğru şəkildə təqdim etməkdir”.

Hacıbəy Heydərli vurğulayıb ki, gənc jurnalistlər xarici dil biliklərini və peşəkar bacarıqlarını daim inkişaf etdirməyə çalışmalıdırlar:

"Azərbaycan artıq təkcə regional deyil, dünya səviyyəsində də əsas aktorlardan biridir. Dünya siyasətində özünəməxsus yeri olan Azərbaycan dövlətinin gücü ilə paralel olaraq, Azərbaycan mediası da inkişaf etməli, əlaqələrini genişləndirməli, dünya mediası ilə ortaq layihələr həyata keçirməlidir. Azərbaycanla bağlı həqiqətlər dünya mətbuatında daha geniş işıqlandırılmalıdır. Çünki Azərbaycan bu gün dünyanın ən mötəbər tədbirlərinin, konfranslarının və yarışlarının keçirildiyi ölkələrdən biridir.

Bu isə Azərbaycan mediası üçün daha çox xəbər əldə etmək və dünya mediasına inteqrasiya imkanları yaradır. Jurnalistlərimiz çalışmalıdırlar ki, media qurumlarında bu imkanlardan maksimum istifadə etsinlər və xarici media ilə əlaqələrini gücləndirsinlər. Təbii ki, bu prosesdə jurnalistikanın etik prinsipləri, əsas istiqamətləri unudulmamalıdır — obyektivlik, dəqiqlik, qərəzsizlik hər zaman ön planda olmalıdır.

Əsas məqsəd cəmiyyətə, oxuculara və Azərbaycan xalqına düzgün, dolğun və operativ məlumatlar çatdırmaqdır. Düşünürəm ki, yeni dövr jurnalistlərinin qarşısına qoyulan əsas məqsəd və gözləntilər məhz bu istiqamətdədir”.
OXŞAR XƏBƏRLƏR