Bakı və Abşeron yarımadasında noyabrın 6-dan 8-i gündüzədək hava şəraitinin kəskin soyuq keçəcəyi, şiddətli şimal küləyinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, noyabrın 5-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.Noyabrın 6-da hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperaturun anomal gedişi gözlənilir, belə ki, gecə və səhər 10 dərəcəyə yaxın, günün ikinci yarısında və axşam 2-5 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında noyabrın 5-də gecə və səhər bəzi yerlərdə dumanlı, az yağışlı olacağı, lakin axşam şimal və qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 5-10 dərəcə şaxta təşkil edəcək.Noyabrın 6-da bölgələrdə havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda yağıntının intensiv, güclü olacağı ehtimalı var. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova APA-ya bildirib ki, noyabrın 6-dan 8-i gündüzədək Azərbaycan ərazisində gözlənilən anomal hava şəraiti arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır. Onun sözlərinə görə, həmin müddət ərzində ölkə ərazisində hava qeyri-sabit və soyuq keçəcək: “Temperaturun anomal gedişi gözlənilir. Belə ki, ölkə ərazisində gecə və səhər saatlarında temperatur 10 dərəcəyə yaxın olacaq. Lakın günün ikinci yarısında şimal küləyinin güclənməsi nəticəsində temperatur bir qədər düşəcək. Günün ikinci yarısında və axşam temperatur 2-5 dərəcə isti olacaq”.G. Məmmədova onu da bildirib ki, Azərbaycanda belə anomal hava şəraiti əvvəlki illərdə də qeydə alınıb.