Sükan arxasında TikTok açan sürücülərə XƏBƏRDARLIQ

Sükan arxasında TikTok açan sürücülərə XƏBƏRDARLIQ
SOSİAL
14:02 11.11.2026
68
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi avtomobil idarə edərkən "TikTok"da canlı yayım açan sürücülərə müraciət edib.
Bu barədə NİİM-dən məlumat verilib.

Bildirilib ki, son dövrlər avtomobil idarə etdiyi zaman mobil telefondan istifadə edən, TikTok sosial şəbəkəsinə daxil olaraq canlı yayımlar açan sürücülərə rast gəlinir. Paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin sürücü diqqətsizliyi olduğunu nəzərə alsaq, sükan arxasında bu cür davranışların göstərilməsi təhlükəlidir.

Hərəkət zamanı mütəmadi olaraq sürücünün diqqətinin yola yox, mobil telefona, sosial şəbəkələrə və canlı yayıma yönəlməsi qəza riskini artırır. Elə müşahidə kameralarının qeydə aldığı bir neçə yol-nəqliyyat hadisəsinin təhlili də onu deməyə əsas verir ki, bəzi qəzalar məhz sürücünün diqqətinin yayınması nəticəsində baş verib.

Belə sürücülər bilməlidirlər ki, onların sosial şəbəkələrdə izləyici toplamaq, bəyənmə qazanmaq və ya populyarlıq əldə etmək istəyi digər hərəkət iştirakçılarının həyatına son qoya və ağır xəsarət almasına səbəb ola bilər.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, qanun pozuntusu hesab edilmir, çünki qanunvericilikdə bununla bağlı konkret müddəa yoxdur:

"Əgər qanunda, məsələn, avtomobildə telefonu açıq vəziyyətdə saxlamaq, onu hər hansı hissəyə və ya telefon tutacağına bərkidərək video izləmək, canlı yayım açmaq, yaxud kiminləsə görüntülü danışmaq qadağan edilsəydi, o halda şəxsi məsuliyyətə cəlb etmək mümkün olardı. Amma indiki halda bu, sürücünün diqqətini yayındıran və narahatlıq doğuran hərəkət kimi qiymətləndirilir. Belə müraciətlər nəticə verməsə, bu cür hadisələr davam etsə, sürücünün diqqəti TikTok-a və ya digər sosial şəbəkə platformalarında açdığı canlı yayıma yönəldiyi üçün qəza baş versə, bu məsələ qanunvericilikdə də öz əksini tapa bilər. Ona görə də insanlar bu müraciətə normal yanaşmalı və onu ciddi qəbul etməlidirlər. Çünki bu çağırış məhz onların təhlükəsizliyi üçündür. Xüsusilə də bəzi tanınmış şəxslər, şou-biznes nümayəndələri və sosial şəbəkələrdə məşhurlaşan insanlar həm də sükan arxasında canlı açaraq cəmiyyətə pis nümunə olurlar. Şəxsiyyəti və kimliyi bəlli olmayan bəzi insanlar sosial platformalarda ulduza çevriliblər, burada səviyyəsiz davranışlar nümayiş etdirir, mənasız söhbətlər edirlər. Nəticədə cəmiyyətdə belə bir təsəvvür yaranır ki, sosial şəbəkələrdə hər şeyi nümayiş etdirmək, mənasız danışmaq və qeyri-etik hərəkətlər etmək yaxşıdır və bununla pul qazanmaq mümkündür”.

Ekspertin sözlərinə görə, cəmiyyətimizdə ciddi məsələlərə maraq az olduğu halda, mənasız paylaşımlar daha çox izlənilir:

"Kiminsə geyimini nümayiş etdirməsi, avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməməsi, oynayaraq canlı yayım açması daha çox diqqət çəkir. Son günlər vətəndaşların özlərinin sosial şəbəkələrdə paylaşdıqları görüntülərdə canlı yayım zamanı qəzaların baş verdiyini görürük. Hətta bəzi insanlar canlı yayımda qəzaya düşdüklərini fəxrlə paylaşırlar. Halbuki sürücü avtomobil idarə edərkən diqqətini yola yönəltməlidir. Canlı yayımda olmağın, izləyicilərlə söhbət etməyin avtomobil idarəetməsinə mane olmasına yol vermək olmaz. Sürücünün diqqəti TikTok-da, canlı yayımda olarsa, yoldakı digər avtomobilləri, yol nişanlarını və nişanlama xətlərini görməyə bilər. Bu isə qəza riskini artırır. İnsanlar anlamalıdırlar ki, belə davranışlar onları ölümlə üz-üzə qoya bilər. Hətta qəza zamanı sağ qalmaq belə böyük şansdır. Bu davranışlar insan həyatını təhlükəyə atır. Ona görə də hər kəs bu məsələyə ciddi yanaşmalıdır”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR