Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Danimarkada görüşüb. Onların təkbətək görüş keçirməsi regionda sülh prosesinə dair ümidləri artırıb. Rusiyanın bu prosesə reaksiyası neytral görünsə də, Moskva regiondakı rolunun zəifləməsindən narahatdır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev AZXEBER.COM-a bildirib ki, bu görüşlər çox səmərəlidir:
"Çünki bütün münaqişələrin həlli danışıqlar masasında, münasibətlərin bərpası yolu ilə mümkündür. Ancaq bunun Rusiyanı qıcıqlandırıb-qıcıqlandırmamasının heç bir əhəmiyyəti yoxdur. Çünki Rusiyanın mövqeyi həm Azərbaycana, həm də Ermənistana artıq məlumdur.
Minsk qrupunun üzvü kimi Rusiya illərlə heç bir addım atmadı və problemin həllinə kömək göstərmədi. Əksinə, müəyyən maneələr yaratdı”.
Deputat deyib ki, yaxşı ki, ABŞ bu missiyanı öz üzərinə götürüb:
"Eyni zamanda sülhə gedən yolun mütləq bərqərar olunmasının vacibliyini vurğuladı. Üstəlik, ortada üçtərəfli Bəyanat da mövcuddur. Avqustun 7-8-də keçirilən görüşlər də bu baxımdan önəmlidir. Artıq Minsk qrupu ləğv olunub. Bu görüşlər faydalıdır və bir çox dövlətlər tərəfindən dəstəklənir”.
Parlamentari vurğulayıb ki, bəzi dövlətlər tərəfindən Ermənistana təsirlər hələ də var:
"Çünki hər bir ölkənin regionda maraqları qalmaqdadır. Rusiya, Fransa və digər dövlətlər isə prosesi uzatmaqla həmin maraqlarını qorumağa çalışırlar. Amma Azərbaycan dövləti və Prezidenti müstəqil siyasət yürüdür və öz mövqeyində qətiyyətlə dayanır. Sülhün təmin olunması üçün Ermənistan əvvəlcə qanunsuz iddialardan əl çəkməlidir. Eyni zamanda Azərbaycana və Türkiyəyə qarşı irəli sürdüyü tələbləri geri çəkməlidir. Yalnız bundan sonra sülh müqaviləsi imzalana bilər”.
T.Rzayev əlavə edib ki, hazırda mötəbər tədbirlərdə Paşinyanın bir neçə tərəfə meyilləndiyi müşahidə olunur:
"Paşinyan qarşıdan gələn seçkilərə görə gah bir tərəfə, gah digər tərəfə meyl edir. Bu, daxili siyasi məqsədlərlə bağlıdır. Amma hazırkı mövqeyi daha düzgün görünür. O, Ermənistanın gələcəyi naminə addımlar atır. Özü də son çıxışında dedi ki, Ermənistanda dövlətçilik olmayıb: "Keçmiş prezidentlər başqa dövlətlərin təsiri altında hərəkət etdikləri üçün dövlətçilik zəifləmiş, münaqişə isə vaxtında həll olunmamışdır. İndiki danışıqlar isə həm sülhə, həm Ermənistanın dövlətçiliyinə, həm də inkişafına yol açır”. Əgər Paşinyan üçtərəfli bəyanata sadiq qalarsa, düşünürəm ki, danışıqlar müsbət nəticələnəcək və tezliklə sülhə nail olunacaq”.
Şahanə Ziyad