Sumqayıtda fındıq udan 2 yaşlı uşağa yardım edən tapılmadı
Bütün Xəbərlər
11:48 31.03.2011
2451
Sumqayıtda 2 yaş yarımlıq olan Rəşad Süleymanov boğazında fındıq qaldığına görə dünyasını dəyişib. ANS telekanalının məlumatına görə, bu ölümdə acınacaqlı tərəf odur ki, uşağın ana-atası onu həkim əvəzinə əvvəlcə çöpçüyə aparıblar. Çöpçü vəziyyəti daha da qəlizləşdirərək uşağı xəstəxanaya aparmağı məsələhət görüb. Çırpınan körpəni valideynləri nə az, nə çox, düz 4 xəstəxanaya aparıblar. Amma heç birində endoskopiya aparatı olmayıb ki, fındığı onun nəfəs yolundan çıxarsınlar.
Uşağın atası Cəmiyyət Süleymanov deyir ki, balaca Rəşad stolun üstündən fındıq götürüb yeyib: “Yoldaşım görüb ki, uşaq öskürür, boğazında nə isə qalıb. Aparmışıq çöpçüyə, gördüm dəyişiklik yoxdur, oradan da öz maşınımda aparmışam xəstəxanaya. Orada isə dedilər ki, apar travmatalogiya şöbəsinə. Oradan da dedilər ki, aparın Uşaq Xəstəxanasına. Gecikdim, uşaq rəhmətə getdi”.
Valideyn cəhaləti və həkim səhlənkarlığı yenidən bir cana bədəl oldu. Sumqayıt şəhərində yaşayan Suleymanovlar ailəsinin yeganə, 2 yaş yarımlıq övladı Rəşad nəfəs yoluna fındıq parçasının düşməsi ilə dünyasını dəyişdi. Valideynin dediyinə görə, uşaq əllərində bir neçə xəstəxananın qapısını döysələr də, dərdlərinə əlac tapa bilməyiblər. Nəticədə uşağı xəstəxanadan evə yox, morqa aparıblar.
Düzdür, oğlunun ölümündə ata özünü təqsirli bilsə də, övladının onun səhlənkarlığının qurbanı olduğunu desə də, burada həkimlərin günahı da az deyil. Uşağın vəziyyətinin pisləşdiyinə görə, ata C.Suleymanov ilk olaraq çöpçüyə müraciət edir. Bu üsulun övladına kömək etmədiyini gördükdə isə Sumqayıt şəhərində yerləşən özəl tibb mərkəzlərindən birinə gəlir. Mərkəzin həkimi bu xəstəxananın ambulator xidmət göstərdiyini bildirərək, endoskop olmadığından valideynləri Təcili Tibbi Yardım Xəstəxanasına istiqamətləndirir.
Həkim Leyla İbrahimova deyir ki, onlar bura gələndə, görüb ki, yad cisim yuxarı tənəffüs yollarında yoxdur: “Aşağı tənəffüs yollarına düşmüşdü. Təcili uşağı göndərdik xəstəxanaya ki, orada yardım göstərilsin”.
Valideyn deyir ki, Leyla xanımın məsləhəti ilə uşağı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Lakin qapıdan onlara uşağa yardım etmək əvəzinə, düzgün ünvana gəlmədiklərini, uşağı əslində Uşaq Xəstəxanasına aparmaq lazım olduğunu deyiblər. Xəstəxananın baş həkimi də həmin gün uşağın adının qeydiyyata düşmədiyini təsdiqləyib.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanovun sözlərinə görə, 23 mart 2011-ci il tarixində Suleymanov Rəşadın adı onların xəstəxanasına müraciətdə olmayıb: “Yəni bu adda uşaq qeydiyyatdan keçməyib. Zədə məntəqəsində, qeydiyyat şöbəsində belə belə bir uşaq qeydiyyatdan keçməyib”.
Nəhayət, valideynlər uşağı 3-cü məkan kimi, Uşaq Xəstəxanasına gətirirlər. Xəstəxananın baş həkiminin müavini Sevinc Əliyeva uşaq xəstəxanaya daxil olarkən artıq keçindiyini deyir. Yeri gəlmişkən, bu xəstəxanada da uşağa yardım edəcək cihaz - endoskop olmayıb.
Onun sözlərinə görə, bu səbəbdən də birbaşa uşaq yönəldilib somatik reanimasiya şöbəsinə: “Orada reanimatoloq və növbətçi qəbul həkimi tərəfindən uşaq müayinə olunub. Sonradan 3-cü məsul növbətçi həkim cəlb olunub. Müayinə vaxtı artıq uşaq keçinmiş halda idi. Yəni həkimlər bu hadisəni aktlaşdırıblar. Uşaqda həyat əlamətləri olmayıb. Tənəffüs, ürək və digər həyati vacib orqanların fəaliyyəti olmayıb. Uşaq soyuq, meyit halında gətirilib”.
Sumqayıt şəhər Uşaq Xəstəxanasında endoskopik cihazın olmadığını təsdiqləyən həkim Sevinc Əliyeva cihazın tezliklə alınacağını vəd edir.