Maraqlı burasındadır ki, Ema xanımın şikayəti tək yaşadığı mənzillə bitmir. O, Sumqayıt şəhəri Koroğlu prospektində icarəyə götürdüyü obyektdə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun fəaliyyət göstərdiyi obyektə, o cümlədən ərazidə yerləşən digər obyektlərə də, məxsus enerji sayğacları “Azərişıq” ASC tərəfindən bir dəmir qutuya yığılaraq sahibkarlardan gizli saxlanılır. Xanımın dediyinə görə, o, öz obyektinə aid olan sayğacın məlumatlarını heç vaxt görə bilmir.“Azərişıq” ASC-nin işçiləri sahibkarın iştirakı olmadan sayğaca baxış keçirərək hesab-bildiriş yazırlar. Sahibkarın bildirdiyinə görə, onun obyektinə məxsus sayğacdan neçə obyektə enerji verildiyindən xəbəri olmur. Dəfələrlə bu barədə “Azərişıq” ASC əməkdaşlarına müraciət etsə də, onlar min bir bəhanələrlə sayğacı göstərməkdən imtina ediblər. Hətta, obyektin 15 gün müddətində bağlı olduğu halda, enerji sərfiyyatının dəfələrlə çox olduğunu görən sahibkar, sayğacın göstərilməsini inadla tələb etsə də, dəmir qapılar onun üzünə açılmayıb.
Hələ bu azmış kimi, sentyabr ayında gələn hesab-bildirişdə qalıq borc 0.00 AZN, sərfiyyat isə 11.88 AZN olduğu halda, 20.11.2015 tarixində həmin obyektə qanunsuz olaraq 515.46 AZN məbləğində borc bildirişi gəlir. "Görəsən buna nə ad vermək olar? Oğurluq, qanunsuzluq yoxsa savadsızlıq? Dövlətin qayda-qanunları görəsən “Azərişıq” ASC üçün keçərli deyilmi?" - deyə xanım şikayətini bildirir.
Ümid edirik, sadalanan problemlər tezliklə öz həllini tapacaq.