Sumqayıtda oğurlanan körpə ilə bağlı maraqlı – FAKTLAR

Sumqayıtda oğurlanan körpə ilə bağlı maraqlı – FAKTLAR
Bütün Xəbərlər
17:21 19.08.2014
3448
Yaranmış vəziyyətdə polisdə ananın səmimiyyəti ilə bağlı şübhələr yaranıb.
Bir neçə gün əvvəl Sumqayıtda 2 aylıq körpə oğurluğu ilə bağlı hadisə hələ də KİV və hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.
Avqustun 13-də Aylin Rasim qızı Əhmədlinin oğurlanması ilə nəticələnən olayla bağlı maraqlı detallar məlum olub.
AZXEBER.COM Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt şəhər Polis İdarəsindən bildiriblər.
Yerli KİV-in Sumqayıt ŞPİ-yə istinadən məlumatına görə, uşaq naməlum şəkildə oğurlanıb. Bununla yanaşı, uşağın anası Aysel Əhmədova ictimaiyyətə müraciət edib. Cinayətkar haqqında məlumata görə pul mükafatı da vəd edilib.
Uşağı və ya qadını görənlərdən (018) 654-02-02 və (070) 510-22-50 nömrələrinə zəng etmələri xahiş olunur.
İlkin istintaq zamanı müəyyən edilib ki, avqust ayının 13-də səhər saatlarında 3 uşaq anası olan Aysel Əhmədovanın evinə özünü humanitar fondun əməkdaşı kimi təqdim edən ortayaşlı qadın gəlib. Yad qadın özü ilə ərzaq, uşaq bezi və digər məişət əşyaları da gətirib. Bununla da, o, A.Əhmədovanın etibarını qısa zamanda qazanıb.
“Xeyirxah” qadın həmin evdə 6 saat qalıb söhbət edib. Bu zaman A.Əhmədovanın böyük uşaqları gəzməyə getmək istədiklərini deyiblər və qonaq onlara birlikdə gəzməyə getməyi təklif edib.
Onlar birlikdə Sumqayıtdakı bulvara gediblər. Orda uşaqlar analarından karuselə minməyi xahiş edib. Hansı ki, uşaqların böyüklərsiz minməyi təhlükəlidir. Bu zaman qadın A.Əhmədovaya onlar yellənənə qədər balaca Aylinə baxa biləcəyini deyib. Əhmədova razılaşıb və böyük uşaqlarını karuselə mindirib. Ana uşaqları ilə yellənən vaxt “humanitar fondun əməkdaşı” körpəni də götürüb aradan çıxıb.
Qeyd edək ki, hələ may ayında Aysel Əhmədova üçüncü uşağını dünyaya gətirməzdən əvvəl ANS televiziyasında “Adam içində” verilişinə çıxıb. Verilişə çıxan vaxtı hicablı olan A.Əhmədova körpəsini dünyaya gətirəcəyi xəstəxanada ondan pul tələb olunduğu və onun da ödəmək iqtidarında olmadığı üçün efirdən kömək istəyib.
Bundan sonra hamilə qadına tamaşaçılar tərəfindən birdəfəlik maddi yardım edilib.
Sumqayıt əməliyyatçıları daha bir maraqlı məqamı üzə çıxarıblar. Uşağı oğurlayan qadın və ana mağazanın önündə quraşdırılmış müşahidə kamerasına yaxalanıblar. Kameraya düşən qadının üzü görünsə də, şəxsiyyətini təyin etmək hələlik mümkün olmayıb.
Kadrlarda A.Əhmədova hicabsızdır. Yaranmış vəziyyətdə polisdə ananın səmimiyyəti ilə bağlı şübhələr yaranıb. Ona görə də, hazırda uşağı oğurlanmış ananın ətrafında yoxlamalar aparılır.
Ehtimal edilir ki, körpəni oğurlayan qadın A.Əhmədovanı may ayında efirə çıxan vaxtda tanıyıb. Bu səbəbdən də evə gələndə özünü humanitar fondun işçisi kimi təqdim edib.
A.Əhmədova hələ üçüncü uşağı dünyaya gəlmədən ərindən boşanıb. Üç övladını tək böyüdürmüş.
Faktla bağlı istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR