Son dövrlərdə süni intellektin sürətlə inkişafı və gündəlik həyatda geniş istifadəsi insanların düşünmə və analiz qabiliyyətinə təsir edə biləcəyi barədə müzakirələri artırıb. Medianın dinamik inkişafı isə informasiya axınının sürətini artıraraq cəmiyyətin düşüncə prosesinə təsir göstərir.
Bəs süni intellektin və medianın bu sürətli inkişafı cəmiyyət üçün təhlükə yaradırmı?
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Patrul.az-a açıqlamasında bildirib ki, süni intellektin sürətli inkişafı insanların düşünmə və yaradıcı yazı bacarıqlarını zəiflədə bilər:
"Süni intellektin inkişafı insanların düşüncə aktivliyini müəyyən qədər zəiflədə bilər. Artıq süni intellekt vasitəsilə insan beyninin məhsulu ola biləcək yazılar bir neçə saniyə ərzində hazırlanır və insanlar daha çox düşünmək əvəzinə bu imkanlardan istifadə edirlər. Bu, düşündürücü haldır. Dünyada bununla bağlı ciddi müzakirələr aparılır. Əvvəllər oxuma-yazma qabiliyyəti sosial medianın təsiri ilə azalmışdısa, süni intellektin inkişafı insanların düşünmə faizini daha da aşağı sala, geniş mətn yazmaq və beyin məhsulu ortaya qoymaq kimi bacarıqları zəiflədə bilər. Bu isə müəyyən mərhələdə diskussiya və düşüncə qabiliyyətinin, müzakirə bacarığının azalmasına gətirib çıxara və ciddi problem yarada bilər.”
Ekspertin sözlərinə görə, süni intellekt bir çox işləri asanlaşdırsa da, insanların düşünmə və oxuma vərdişlərini zəiflətmək təhlükəsi də mövcuddur:
"Təbii ki, süni intellekt insanların işini asanlaşdırır, amma eyni zamanda düşünmə qabiliyyətini sıradan çıxara bilər. Bu, çox düşündürücü bir məsələdir. Ölkələr daha çox təhsilə önəm verməlidir ki, insanlar təhsildən yayınaraq internetin və süni intellektin təqdim etdiyi rahat imkanlara üstünlük verməsinlər; əks halda, yaxın illərdə kitab oxumaq, mədəni diskussiya aparmaq və düşüncə mədəniyyəti tamamilə sıradan çıxa bilər.”










































