Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri

Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
SOSİAL
13:19 21.07.2026
380
Son dövrlər sosial şəbəkələrdə süni intellekt vasitəsilə hazırlanan videolar real görüntüləri geridə qoymağa başlayıb. Milyonlarla baxış toplayan bu videolar təkcə izlənmə sayına görə deyil, həm də istifadəçilərin şərh və paylaşım aktivliyi baxımından diqqət çəkir. Bəs izləyicilər niyə süni intellektlə yaradılan məzmuna daha çox maraq göstərirlər?

Süni intellekt və texnologiyalar üzrə analitik Dilarə Zamanova AZXEBER.COM-a açıqlamasında deyib ki, süni intellektlə hazırlanan videoların daha çox baxış və şərh toplamasının əsas səbəbi onların sosial media platformalarının alqoritmlərinə uyğun hazırlanmasıdır:


"Süni intellektlə hazırlanan videoların daha çox baxış və şərh toplamasının əsas səbəbi onların sosial media platformalarının alqoritmlərinə uyğun hazırlanmasıdır. Meta, TikTok və YouTube alqoritmləri istifadəçinin videoya baxma müddətini, onu sona qədər izləyib-izləmədiyini, şərh yazmasını, paylaşmasını və digər istifadəçilərlə qarşılıqlı əlaqəsini əsas göstəricilər kimi qiymətləndirir. Süni intellekt videoları isə ilk saniyələrdən qeyri-adi vizuallar, sürətli montaj, dinamik keçidlər və emosional effektlərlə diqqəti cəlb edir. Bu videolar adətən mürəkkəb və dərin mövzulara deyil, insanların gündəlik həyatda daha çox maraq göstərdiyi, onları güldürən, təəccübləndirən, düşündürən və ya öz həyatları ilə əlaqələndirə bildikləri mövzulara toxunur. Məhz bu sadə, emosional və geniş auditoriyaya yaxın yanaşma videoların daha uzun izlənilməsinə və alqoritmlər tərəfindən daha çox istifadəçiyə təqdim olunmasına səbəb olur”.


O qeyd edib ki, süni intellekt videoları insanların müzakirə etmək istədiyi məzmun yaradır:

"Süni intellekt videoları eyni zamanda insanların müzakirə etmək istədiyi məzmun yaradır. İzləyicilər "Bu necə hazırlanıb?", "Bu realdır, yoxsa süni intellektdir?", "Bunu hansı proqramla ediblər?" kimi suallar ətrafında aktiv fikir mübadiləsi aparırlar ki, bu da şərhlərin və paylaşımların sayını artırır.
Tibb sahəsində isə süni intellektdən istifadənin məqsədi yalnız baxış sayı toplamaq olmamalıdır. Pasiyentlərin qərar verməsinə ən çox təsir edən amil hələ də etibardır. İnsanlar həkimin peşəkar izahına, real əməliyyat nəticələrinə, sağalmış pasiyentlərin hekayələrinə və elmi əsaslandırılmış tibbi məlumatlara daha çox inanırlar. Süni intellekt diqqəti cəlb edə bilər, lakin etimadı yalnız real həkim, real təcrübə və real nəticə yaradır”.

"Gələcəkdə tibbi PR-da süni intellekt daha çox köməkçi vasitə rolunu oynayacaq. O, videoları daha cəlbedici, rəngarəng və anlaşılan edəcək, mürəkkəb tibbi mövzuları animasiyalar və vizual effektlərlə sadə şəkildə izah etməyə imkan verəcək. Lakin videonun əsas dəyərini yenə də həkimin peşəkar biliyi, elmi əsaslara söykənən məlumatı və real klinik təcrübəsi müəyyən edəcək.
Süni intellekt ürəyin necə işlədiyini və ya cərrahi əməliyyatın mərhələlərini təsirli animasiya ilə göstərə bilər. Ancaq həmin məlumatın doğru olub-olmadığını, hansı müalicənin uyğun seçildiyini və pasiyentin hansı risklərlə qarşılaşa biləcəyini yalnız mütəxəssis həkim izah edə bilər. Buna görə də səhiyyə sahəsində məqsəd sadəcə milyonlarla baxış toplamaq deyil. Əsas məqsəd insanların düzgün tibbi məlumat əldə etməsi, həkimlərə və tibb müəssisəsinə etibarının artması, nəticədə isə sağlamlıqları ilə bağlı daha doğru qərarlar vermələrinə kömək etməkdir”,-deyə o vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR