Suriyanın şimal-qərbində, Türkiyə ilə sərhəddən 20 kilometr aralıdakı Cisr əl-Şuqhur şəhərində bir qrup silahlı şəxsin təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 120 nəfər öldürülüb. Suriya dövlət televiziyasının verdiyi məlumata görə əvvəlcə silahlı qrup təhlükəsizlik məntəqəsinə hücum edərək 82 nəfəri qətlə yetirib. Daha 28 polis əməkdaşı isə şəhərin digər hissəsində silahlı dəstənin hücumuna məruz qalmış sakinləri xilas etməyə gedərkən hədəfə alınıb. Digər polis əməkdaşları isə şəhərin müxtəlif hissələrində baş vermiş silahlı toqquşmalarda öldürülüb.
Bundan başqa, Suriyanın dövlət televiziyası xəbər verib ki, yüzlərlə silahlı şəxs Cisr əl-Şuqhur şəhərinin bir hissəsini tutaraq hökumət binalarını yandırıb. Ancaq əvvəlcə nəzarəti itirən təhlükəsizlik qüvvələrinin bir qədər sonra şəhəri silahlı şəxslərin mühasirəsindən azad edə bildiyi xəbər verilir. Suriya rəsmilərinin verdiyi məlumata görə silahlı şəxslər evlərdə gizlənərək əsgərlər və dinc sakinlərə atəş açıb, sakinlərdən canlı sədd kimi istifadə edib, sakinlər isə evlərini tərk edərək polis və təhlükəsizlik mətntəqələrində sığınacaq tapmağa başlayıblar.
Suriyanın daxili işlər naziri İbrahim Şaar isə dövlət televiziyası ilə çıxışında silahlı şəxslərin bu hücuümuna güclü və qətiyyətli cavab veriləcəyini vəd edib. İbrahim Şaar döyüşçülərin qanun qarşısında cavab verəcəklərini, hökumətin dövlətin və onun vətəndaşlarının təhlükəsizliyinin hədəfə alındığı istənilən silahlı hücuma qarşı səssiz qalmayacağını deyib.