“Süründürməçilik, laqeydlik olmamalıdır” - Qənirə Paşayeva

“Süründürməçilik, laqeydlik olmamalıdır” - Qənirə Paşayeva
Bütün Xəbərlər
12:00 17.10.2015
1136

Millət vəkili Qənirə Paşayeva anadan olduğu Tovuzun Düz Qırıqlı kəndinin seçiciləri ilə görüşüb.

AZXEBER.COM-un məlumata görə, millət vəkili seçiciləri qarşısında çıxış edərək xatırladıb ki, 10 il əvvəl ilk dəfə seçkilərdə iştirak edəndə ayın bu günündə atasını itirib və doğulduğu kənddə onu torpağa verib: “O zaman mən bir şeyin şahidi oldum. İnsanlara xidmət edənləri insanlar heç bir zaman unutmur, sevgi ilə xatırlayır və yola salırlar. Siz mənim atamı məhz belə yola salırdınız və mənim üçün nə qədər ağır günlər olsa da, siz mənə seçki kampaniyanı davam etdir biz sənə inanırıq dediniz və mənə böyük bir güc, dəstək verdiniz. Mən də sizə bir söz verdim. Bütün fəaliyyətim dövründə gücümün çatdığı qədər sizə, bütün seçicilərimə, millətimizə və dövlətimizə xidmət edəcəm. 10 illik deputat fəaliyyətim dövründə də hər gün bu düşüncə ilə yaşadım və çalışdım. 10 il ərzində Düz Qırıqlının problemlərinin böyük hissəsi öz həllini tapıb. Kəndin mərkəzi yolları yüksək səviyyədə düzəlib, qaz və elektrik problemləri həllini tapıb, su probleminin həlli istiqamətində kəndə yeni içməli su xətti də çəkilib, bir neçə artezian quyusu qazılıb. Kənd məktəbi ən yüksək səviyyədə təmir edilərək bütün müasir avadanlıqlarla təmin olunub və heç mübaliğəsiz deyə bilərik ki, artıq Düz Qırıqlı məktəbi nəinki Tovuzun ən gözəl məktəbi olub, respublika səviyyəsində də ən gözəl məktəblərdən biridir. Müəllimlərimin arzu və xahişini yerinə yetirə bildiyim üçün çox şadam və bunun üçün cənab prezidentimizə xüsusi təşəkkür edirəm. Məhz onun diqqət və qayğısı nəticəsində məktəb də daxil olmaqla kənddə həyata keçirilən bütün layihələr reallığa çevrilib". Tovuzun ən böyük kəndlərindən biri olan Düz Qırıqlıda kiçik biznesin inkişafı istiqamətində işlərin də sürətləndiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva deyib ki, hər zaman bu istiqamətdə fəaliyyət göstərən insanlara dövlət qurumlarından dəstək göstərilməsi istiqamətində bu günə qədər olduğu kimi, bundan sonra da əlindən gələni əsirgəməyəcək: "Bilirəm, həllini gözləyən məsələlər də var. Özəlliklə 2 məsələ, kəndin mədəniyyət evinin və uşaq baxşasının təmiri. Həmin məsələlərlə bağlı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və rayon rəhbərliyi ilə də müzakirələr aparmışıq və bundan sonra da həmin məsələlərin də öz həllini tapması istiqamətində yenə də hökumət üzvləri ilə müzakirələr aparıb xahişlərinizin öz həllini tapması üçün əlimdən gələni əsirgəməyəcəm. Bilirsiniz ki, bu kənddə belə bir insan yoxdur ki, mən onun müraciətinə münasibət bildirməyim. Sizinlə tez-tez görüşürük və hər zaman qaldırdığınız məsələləri, təklifləri Milli Məclisdə səsləndirir və Hökumət üzvləri ilə onların həlli istiqamətində müzakirələr aparırıq. Biz hamımız xalqın xidmətçiləriyik və onlara daha yaxşı xidmət göstərmək üçün çalışmalıyıq. Əngəllər, süründürməçilik, incitmələr, laqeyidlik olmamalıdır”.

Millət vəkili Qənirə Paşayeva ona hər zaman etimad və dəstək gösrətən Düz Qırıqlı seçicilərinə, tədbirdə iştirak edən müəllimlərinə təşəkkür edərək təkrar etimad göstərərlərsə bundan sonra da onları layiq olduqları səviyyədə təmsil etmək üçün yorulmadan çalışacağını bildirib.

Düz Qırıqlı sakinləri çıxış edərək millət vəkili Qənirə Paşayevaya 10 illik fəaliyyəti dövründə etimadlarının nəinki azalmadığını əksinə daha da artdığını deyiblər.

OXŞAR XƏBƏRLƏR