Sözsüz danışan dil: TikTok-da işarə dilini öyrədən yaradıcılar

Sözsüz danışan dil: TikTok-da işarə dilini öyrədən yaradıcılar
SOSİAL
10:50 23.09.2026
173

23 sentyabr – Beynəlxalq İşarə Dilləri Günü işarə dillərinin ünsiyyətdə, informasiya əlçatanlığında və daha inklüziv cəmiyyətin formalaşmasında əhəmiyyətini ön plana çıxarır.

Bu tarix eyni zamanda işarə dilinin daha geniş auditoriya tərəfindən tanınması və öyrənilməsinin vacibliyini xatırladır.

Rəqəmsal platformalar bu istiqamətdə yeni imkanlar yaradır. Xüsusilə qısa və vizual video formatı ilə TikTok işarə dili mütəxəssislərinə və yaradıcılarına biliklərini daha geniş auditoriyaya çatdırmaq imkanı verir. Gündəlik ifadələrdən musiqiyə, maarifləndirici izahlardan yaradıcı trendlərə qədər fərqli formatlarda hazırlanan videolar işarə dilini öyrənməyi həm daha əlçatan, həm də daha maraqlı edir.

Azərbaycandilli TikTok məkanında da işarə dilini peşəkar bilik və yaradıcı yanaşma ilə təqdim edən hesablar var. 

Jest dilini daha yaxın edən kontentlər– @bizimle_isharetdili

TikTok-da jest dilinin tanıdılması istiqamətində fəal kreatorlardan biri "Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin hesabıdır. Burada maarifləndirici məlumatlarla yanaşı, gündəlik həyat və aktual TikTok trendlərinə uyğun yaradıcı videolar da paylaşılır.

Mütəxəssislərin trendlərə jest dili ilə qoşulması mövzunu daha geniş auditoriya üçün maraqlı və anlaşıqlı edir. Hər ölkənin öz jest dilinin olması barədə məlumatlandırıcı video, bürclərin jest dilində izahı, eləcə də 8 Mart münasibətilə jest dilində hazırlanan təbrik hesabın diqqət çəkən paylaşımları sırasındadır.

Belə yanaşma jest dilini yalnız öyrədilən bir mövzu kimi deyil, gündəlik ünsiyyətin, mədəniyyətin və müasir rəqəmsal kontentin təbii bir hissəsi kimi təqdim edir.

Musiqi, maarifləndirmə və inklüzivlik bir arada – @işarətdili_lalə

Bu kreator işarə dilini yalnız gündəlik ünsiyyət vasitəsi kimi deyil, müxtəlif mövzuların çatdırılması üçün də istifadə edir. Hüquq, təhsil, sosial məsələlərvə musiqi ilə bağlı paylaşımlar vasitəsilə yaradıcı həm maarifləndirici, həm də emosional məzmun təqdim edir. Xüsusilə məşhur mahnılarınişarə dilində təqdim olunması musiqini eşitmə məhdudiyyətli auditoriya üçün daha əlçatan etməklə yanaşı, işarə dilinin zəngin ifadə imkanlarını da göstərir.

Diqqət çəkən paylaşımlardan biri Elnur Məmmədovun "Azərbaycan qadını” mahnısı əsasında hazırlanan xüsusi layihədir. Eşitmə məhdudiyyətli şəxslərin də iştirak etdiyi layihədə mahnı işarə dili ilə təqdim olunur, musiqi, vətənpərvərlik və inklüzivlik vahid ideya ətrafında birləşdirilir. Layihə sənətin fərqli auditoriyalar arasında körpü yarada bildiyini, musiqinin yalnız səslə deyil, hərəkət, mimika və ifadə vasitəsilə də yaşadıla biləcəyini nümayiş etdirir. 

İşarə dilini addım-addım öyrədən kontent – @narmina.nruieva

İşarə dili mütəxəssisi və loqoped Nərminə Nuriyevavideolarında əlifbanın ayrı-ayrı hərflərini, müxtəlif söz və ifadələrin işarə dilində qarşılığını izah edir. Bu yanaşma xüsusilə işarə dilini öyrənməyə yeni başlayanlar üçün məlumatları mərhələli və daha rahat mənimsəməyə kömək edir.

Kreator yalnız ayrı-ayrı sözlərin izahı ilə kifayətlənilmir. Müxtəlif gündəlik ifadələr, ünsiyyət zamanı istifadə edilə biləcək işarələr və praktik nümunələr də izləyicilərlə paylaşılır. Qısa video formatı isə bu biliklərin daha asan yadda qalmasına və öyrənmə prosesinin gündəlik sosial media istifadəsinin bir hissəsinə çevrilməsinə şərait yaradır.

Maarifləndirici videolarla yanaşı, bəzi mahnıların işarə dili ilə təqdimatına da yer verilir. Musiqinin ritmi və emosiyası işarələr, mimika və hərəkətlər vasitəsilə ifadə olunur. Bu cür yaradıcı kontent öyrənmə prosesini daha maraqlı etməklə yanaşı, işarə dilinin musiqi və emosiyaların çatdırılmasında da geniş ifadə imkanlarına malik olduğunu göstərir.

TikTok-dakı bu kimi yaradıcılar işarə dilini öyrənməyi gündəlik rəqəmsal təcrübənin bir hissəsinə çevirirlər. Maarifləndirici və yaradıcı videolar isə işarə dilinin daha geniş auditoriyaya çatmasına, insanlar arasında ünsiyyət və anlayış üçün yeni körpülərin yaranmasına töhfə verir.

 

OXŞAR XƏBƏRLƏR