Tağı Əhmədovun Bakı metrosunda son günü

Tağı Əhmədovun Bakı metrosunda son günü
Bütün Xəbərlər
13:10 28.02.2014
5183

Əfsələddin Ağalarov (https://www.facebook.com/efseleddina)

“Nə yazıq ki, yazılan yazılar, verilən sujetlər, deyilən sözlər insanın qəlbindəki güclü küləyin vıyıltısı kimi bir göz qırpımında gəlir və öz yoluna davam edir. Sonrasında isə sürüşən sürüşür və arxasında olan yumşaq yerini milyonluq dəyəri olan mərmərin üstündə göyərdir. Əvvəli belə, sonrası belə. Bəs nəticəsi? Nəticəsi isə, nə Tağı müəllim düzəlir, nə yumşaq yerimizi göyərdən sürüşkən mərmərlər, nə də jurnalistlərin sındırılan və təhqir edilən qəlbi”.

Metropoliten şefinə öz ürək sözlərimi bu cümlələrlə yazmışdım. Bu ayı da hesaba qatsam, hikkəmdən yazdığım bu cümlələrin ömrü düz 6 aya təsadüf edir.

Yadımdadır, metropoliten şefi qaynar suyu başıma ANS-in müxbirinin “28 May” metro stansiyasında olan sürüşkən mərmərlərlə bağlı sualına qeyri-etik cavab verərək tökmüşdü. Hələ yazımda 7-dən 70-nə kimi hər kəsin ağzında saqqız olan “ə bir-bir”, “burcutma”, “sən ordan vızıldıyırsan, bu burdan” və buna bənzər jarqonların məktəblərdə, universitetlərdə, el məclislərində böyük gülüşlə qarşılanmasını da qeyd etmişdim. Hətta buna görə Tağı müəllimə böyük təşəkkür düşdüyünü də yazmışdım.

Səhv başa düşməyin. Mən qapının küncündə qısılaraq əyilib, qəhrəmanımın nə zaman məmur əlbisəsini çıxartmasını gözləyən dovşankimilər nəslindən deyiləm. Sadəcə, içimdə olan səs Allahsızlıq etmədən keçmişdə qələmə aldığım bu yazıya indi bəzi əlavələr etməli olduğumu deyir.

Doğrusu, həmin yazıda Tağı müəllimin spesifik jarqonlarını, qulaqda kobud səslənən əndrabadi danışıq tərzini və “hər şeyi mən bilirəm” mimikasını tənqid edəndə yaxın bir dostum xəstəxanalarda görməyə adət etdiyimiz və barmağı ilə hamını səssizlik mədəniyyətinə dəvət edən xanımın hərəkətinə bənzər bir hərəkətlə məni qətiyyətlə susdurdu. Sən demə onun da bildiyi və duyduğu şeylər varmış.

Dostum “deyirlər ki” sözü ilə başlayıb Tağı müəllimin ürəyinin yumşaqlığından, mülayimliyindən, şair ruhlu olmasından ağız dolusu danışdı. Deyilənə görə, Tağı müəllimin bu qədər sərt olmasına və özündən tez çıxmasına səbəb onun işinə olan münasibəti və jurnalistlərin verdiyi mənasız, məzmunsuz, qolu-qanadı sınıq suallara olan aqressiyasından irəli gəlirmiş.

Bu sözlərdən sonra tənbəlliyimi kənara qoyub deyilənlərin həqiqət olub-olmamasını yoxladım. Araşdırdığım qədəri ilə, Tağı müəllimlə bağlı pozitiv fikir söyləyənlər onun şair ruhlu olduğunu və doğma hesab etdiyi insanlara qarşı çox mülayim olduğunu dilə gətirdilər. Onlar kor-kor, gör-görləri özündə əks etdirən videolarda jurnalistlərin onu o cür cavab verməyə təhrik etdiklərini birmənalı şəkildə söyləyirlər.

Yaxşı, tutalım ki, jurnalistlər hər zaman Tağı müəllimə səbrinin kasadan daşan vaxtında mikrofon uzadırlar. Bəs necə olur ki, keçmiş metropoliten şefi bundan sonra insanlara etdiyi təhqirləri davam etdirir? Məgər insanın işinə ciddi münasibətdə olması, onun ətrafındakılarına pis davranmasına şəraitmi yaradır? Mən verdiyim sualların hər biri üçün “yox” cavabını dairəyə alardım.

Çünki Tağı müəllim istəsəydi, jurnalistlər onunla da alça yeyər və onunla da açıqlamalardan sonra hal-əhval tutardılar. Əgər Tağı müəllim özü az da olsa istəsəydi, mənasız, məzmunsuz, qolu-qanadı sınıq sualları verən jurnalistlərə bir iki ağız ayaqüstü dərs deyər və onları qazanardı. Amma Tağı müəllimin strategiyası buna uyğun irəliləmədi. Nəticədə isə, prezidentin sərəncamı ilə Bakı Metropliteni ilə birdəfəlik vidalaşdı.

İndi isə yumşaq yerimizi göyərdən sürüşkən mərmərlər də düzəldi, jurnalistlərin sındırılan və təhqir edilən qəlbləri də. Kaş Tağı müəllimin münasibəti də düzələydi. O zaman 6 ay bundan öncə yazdığım yazıya edəcəyim düzəlişdə “Tağı müəllim də axır ki, bizim düşündüyümüz kimi düzəldi” sözünü əlavə edərdim.

Yenə də, illərdir bu vəzifəni icra edən Tağı Əhmədova uğurlar diləmək yerinə düşür. Yolunuz açıq olsun, Tağı müəllim. "Buz" şeirindəki kimi, bu mərmərlər də yaman adam yıxan imiş...

OXŞAR XƏBƏRLƏR