Taksi qiymətləri yaxın perspektivdə ucuzlaşacaq? - AÇIQLAMA

Taksi qiymətləri yaxın perspektivdə ucuzlaşacaq? - AÇIQLAMA
SOSİAL
00:35 25.06.2026
255
"Azərbaycanda taksi xidmətlərinin qiymətlərinin yaxın gələcəkdə aşağı düşəcəyi gözlənilmir. Hazırkı bazar şəraiti qiymətlərin daha çox artım istiqamətində dəyişəcəyini göstərir".

AZXEBER.COM xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, qiymətlərin sabitləşməsi üçün bazarda rəqabətin güclənməsi vacibdir:

"Bunun üçün isə yeni və alternativ taksi platformalarının fəaliyyətə başlamasına şərait yaradılmalıdır. Əgər bazarda alternativ xidmətlərin sayı artsa, rəqabət formalaşa və qiymətlər müəyyən qədər tənzimlənə bilər. Lakin hazırda belə bir perspektiv o qədər də real görünmür. Buna görə də taksi xidmətlərinin qiymətlərinin yüksələcəyini düşünürəm.

Azərbaycanda taksi xidmətlərinin qiymətləri nominal olaraq Avropa ölkələri ilə müqayisədə daha aşağıdır. Bəzi hallarda bu fərq 1,3-2 dəfə arasında dəyişir. Lakin məsələ yalnız xidmətin qiymətində deyil, əhalinin gəlir səviyyəsindədir".

V.Oruc qeyd edib ki, minimum və orta aylıq əməkhaqqı göstəriciləri nəzərə alınaraq müqayisə aparıldıqda fərqli mənzərə ortaya çıxır:
"Əgər taksi qiymətlərini insanların qazancı ilə müqayisə etsək, görərik ki, Azərbaycanda bu xidmətin yükü heç də Avropa ölkələrindən az deyil. Hətta bəzi hallarda əməkhaqqına nisbətdə taksi xərcləri daha yüksək görünür. Yəni qiymətlərin özünü müqayisə etdikdə xidmət ucuz təsir bağışlasa da, əhalinin gəlirləri fonunda taksidən müntəzəm istifadə etmək hər kəs üçün əlçatan deyil".

Məhz gəlir səviyyəsi səbəbindən taksi xidmətlərinin Azərbaycanda geniş istifadə imkanları məhdudlaşır. Bu baxımdan, taksi qiymətlərini qiymətləndirərkən yalnız tarifləri deyil, vətəndaşların alıcılıq qabiliyyətini də nəzərə almaq lazımdır".
OXŞAR XƏBƏRLƏR