Taleh Qaraşovun himayə etdiyi sahibkar ağac 'soyqırım'ına başlayıb - FOTO

Taleh Qaraşovun himayə etdiyi sahibkar ağac
Bütün Xəbərlər
12:04 19.04.2014
1552

Nəbatət Bağında başlayan ağac “soyqırımı” Lənkəranda davam edir...

İcra başçısı Taleh Qaraşovun himayəsində olan sahibkar ağacları kəsib, yerində obyekt tikdirir.

AZXEBER.COM-un redaksiyasına məlumat verən Lənkaran şəhər sakinləri, şəhərin Qala xiyabanı, vağzal dairəsinin yanında olan yaşıllıqların məhv edildiyini və yerində yeni obyektlərin açıldığını yazıblar. Onlar, sözügedən obyektin şəhərin tanınmış sahibkarlarından birinə məxsus olduğunu qeyd ediblər.

Məsələ ilə bağlı araşdırma apararkən, öz şəxsi biznesini inkişaf etdirmək üçün ağaclara qarşı “soyqırım”a başlayan sahibkarın Lənkaran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən himayə edildiyi ortaya çıxıb. Belə ki, icra başçısı ağacları kəsilməsinə göz yumaraq, bəzi sahibkarlara “yaşıl işıq” yandırıb.

Sözügedən ərazidə aparılan işlərin də məhz icra başçısının razılığından sonra başladığı deyilir.

Xatırladaq ki, prezident İlham Əliyev sonuncu dəfə Nazirlər Kabinetinin iclasında ağacların qanunsuz kəsilməsinə münasibət bildirmişdi. Ölkə başçısı ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlanılmasının vacib olduğunu demişdi: “Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.

Sözügedən iddialarla bağlı qarşı tərəfin də mövqeyini yazmağa hazırıq. Məsələyə yenidən qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR