Tanınmış jurnalistdən sosial şəbəkələrlə bağlı - TƏKLİF

TOP4
16:02 17.07.2020
1492

Hacıbəy Heydərli,
AZXEBER.COM informasiya portalının baş redaktoru


Faktdır ki, bu gün ictimai-siyasi proseslərlə maraqlanmayan çox sayda adam məlumatı yalnız sosial şəbəkələrdən alır. Xeyli insan "instagram” səhifələrini bütövlükdə media hesab edir və orada paylaşılan məlumatlara inanır. Həmin səhifə adminlərinin çoxu isə jurnalist deyil, ancaq səhifələrində 400-500 min adam olduğuna görə peşəkar jurnalistlərdən də daha çox təsir gücünə malikdirlər. Çox istərdim ki, həmin səhifə adminləri ilə bağlı dövlətimizin bir proqramı olsun, informasiya müharibəsində bu çox önəmlidir.

Təkliflərim isə bundan ibarətdir:

1. Sosial şəbəkə hesabları, "instagram”, "facebook” səhifələrini, telegram kanallarını özündə birləşdirən bir quruma ehtiyac var. Bu qurum məsləhətverici xarakter daşıya bilər.

2. Sosial şəbəkə səhifələrini koordinasiya etməklə yanaşı, səhifə adminlərinə həssas məqamlarda nəyi paylaşmaq olar, nəyi olmaz mövzusunda təlimlər keçmək lazımdır. Bu müharibə şəraitində yaşayan bir ölkə üçün çox vacibdir.

3. Tam əminliklə deyə bilərəm ki, həmin səhifə adminlərinin, bloggerlərin, influincer-in çoxu dövlətə bağlı gənclərdir. Onlara mənəvi dəstək göstərməklə daha stimullaşdırmaq lazımdır. İndiki mərhələdə həmin şəxslər yalnız öz gücü ilə bu nöqtəyə gəlib və yüzminlərlə izləyicisi olan səhifələr yığıb.

4. KİVDF bu istiqamətdə mühüm işlər görə bilər. Ən azından elan edilən müsabiqələrin istiqamətlərinə uyğun yazılar yarım milyonluq səhifədə paylaşılması daha məqsədəuyğun olar. Bundan başqa müsabiqələrə bloggerləri, influincer-ləri də cəlb etmək lazımdır.

5. "İnstagram”da milyona yaxın izləyicisi olan bloggerlər var. Onların bir "story” paylaşımı belə ölkə gündəminə təsir edə bilir. Həmin şəxsləri də yaradılacaq quruma cəlb etmək çox vacibdir. Bu həm də onlara dövlətin münasibətini göstərəcək və həssas məqamlarda heç vaxt anti-milli fəaliyyət göstərməyəcəklər, yalan, saxta məlumat yayıb, düşməni sevindirməyəcəklər.Həmin şəxslərin yalnız kiçik bir dəstəyə, quru bir təşəkkürə ehtiyacı var.

6. Bəzi məqamlarda tanınmış simalar da emosiyalara qapılaraq düşmən mediasında yayımlanan xəbərləri tirajlayırlar. Həmin adminlər də məhz dövlətdən çox, məşhurlara yaxın olduğu üçün həmin məlumatı tirajlayır və bu gündəmə çevrilir. Əslində isə adminlərə diqqət ayrılsa, ən azından məlumatı dəqiqləşdirib yaya bilərlər.

7. Son zamanlar telegram sosial şəbəkəsi də ölkəmizdə geniş yayılıb və orada da 10-15 minlik xəbər kanalları mövcuddur. Həmin kanallarla da əməkdaşlıq edilsə, yalan, saxta məlumatların qarşısı alınar və onlar dövlətçi mövqedən çıxış edər.

8. Facebook və instagramda aktiv olan "influencer”lər və bloggerlərə də diqqət ayırmaq lazımdır. Çünki onların cəmiyyətə təsir gücü ən azı KİV-lər qədərdir. Çox vaxt bəzi səhifələrin adminlərini tapmaq müşkül məsələyə çevrilir. Bu istiqamətdə yaradılan qurum həm də şəffaflıq bu işləri koordinasiya edə bilər.

9. Xəbər saytları, agentliklər, TV-lər də həmin şəxslərlə əməkdaşlıq etsə, bu onlara daha da stimul vermiş olar və daha peşəkar çalışmalarına yardımçı olar.

10. Son olaraq isə deyə bilərəm ki, bütün bu addımların əsas məğzi cəmiyyətimizə, xalqımıza daha faydalı məlumatlar vermək, yalan, saxta, şaiyə tipli məlumatların qarşısını almaqdan ibarətdir. Çünki sosial şəbəkələr hər gün daha da populyarlaşır və artıq populyarlığa KİV-ləri geridə qoya bilir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet