Tarif (qiymət) Şurası daha 827 dərman vasitəsinin qiymətini təsdiqləyib

SAĞLAMLIQ
22:09 28.10.2015
2408

Tarif (qiymət) Şurasının 2015-ci il 28 oktyabr tarixində keçirilmiş növbəti iclasında daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib.

AZXEBER.COM-a Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, beləliklə, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50%-nin qiyməti 2 dəfədən çox, 26%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilkdə 96%-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.

Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli məlumata əlavə olunur.

Tarif (qiymət) Şurasının bu gün keçirilmiş iclasında həmçinin, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tariflərinə yenidən baxılmış və müvafiq qərarlar qəbul olunub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, rəqabət qabiliyyətli məhsul istehsalının artırılması və ixracın stimullaşdırılması barədə verdiyi tapşırıqların icrası çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiya iclasında qəbul edilmiş qərara əsasən, Nazirliyin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin müraciətinə baxılmış və qeyri-neft məhsullarının ixracı zamanı malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi xidmətlərinin tarifləri orta hesabla 30% aşağı salınıb.

OXŞAR XƏBƏRLƏR