"Mədəni irs abidələri, xüsusilə tarixi-dini abidələrlə bağlı yanaşmalar mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, tarixi-mədəni irsin qorunması, onun milli və qlobal səviyyədə mühafizəsinin təmin edilməsi istiqamətində də zəruri addımlar atılır.
Silahlı münaqişələr və münaqişələrdən sonra yaranan neqativ və mürəkkəb vəziyyətlər tarixi-mədəni irsin qorunması baxımından ciddi çağırışlar yaradır və müəyyən çətinliklərə səbəb olur.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, 30 illik erməni işğalı dövründə Azərbaycanın işğal altında olan ərazilərində tarixi-dini abidələrimiz ciddi dağıntılara məruz qalıb. Onların bir qismi tamamilə məhv edilib, vandalizm aktları törədilib.
Eyni zamanda, həmin tarixi-dini abidə və komplekslərin ayrılmaz tərkib hissəsi olan mədəni mülkiyyətin qanunsuz şəkildə ölkə ərazisindən çıxarılması halları da müşahidə olunub.
Təəssüf ki, bu kimi hallar hər zaman və hər yerdə tarixi-mədəni irsin qorunması baxımından çətinliklər və neqativ mənzərə yaradır və biz bunun şahidi oluruq.
Şahanə











































