2012-ci ili Azərbaycandakı pərəstişkarları ilə qarşılayacaq tanınmış türk müğənnisi Tarkan Tevetoğlu təşkilatçılar qarşısında daha bir şərt qoyub. Söhbət, möhtəşəmliyi ilə yaddaşlara həkk olunacaq həmin tədbirin yerli mediada işıqlandırılmamasından gedir. Milli.Az xəbər portalına məlumatı təsdiqləyən təşkilatçı şirkətin nümayəndəsiAydan Axundovanın məsələyə münasibəti belə oldu: “Açığı istərdik ki, media mənsubları da dəvət edəcəyimiz qonaqlar sırasında olsun. Lakin jurnalistlərin məkana buraxılması qadağasını Tarkan şəxsən özü irəli sürüb. Qəbul etməmək kimi imkanımız olmadığı üçün razılaşdıq. Ümidvarıq ki, media mənsubları bizdən inciməyəcəklər”. Aydan xanım pop-ulduzun nə qədər qonorar müqabilində Bakıya gələcəyi barəsində sualları da cavablandırmadı. Təsdiqlənməmiş məlumata görə isə iki saata yaxın proqram üçün Tevetoğlu 400 min dollar pul alacaq.