TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
SİYASƏT
17:54 17.09.2026
64
Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərindən birinə çevrilir. Bakıda TDT-yə üzv dövlətlərin təhlükəsizlik strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən toplantı da məhz bu prosesin növbəti mərhələsini nümayiş etdirdi.
Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər Azərbaycanın TDT-yə münasibətdə yanaşmasının yalnız tarixi, mədəni və etnik yaxınlıq üzərində qurulmadığını göstərir. Azərbaycanın mövqeyinə görə, ortaq kimlik və qarşılıqlı etimad real siyasi, iqtisadi və təhlükəsizlik mexanizmləri ilə tamamlanmalıdır.
Prezidentin TDT-ni çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilat kimi xarakterizə etməsi də təşkilatın artıq yalnız regional əməkdaşlıq platforması kimi deyil, beynəlxalq proseslərdə daha böyük çəkisi ola biləcək struktur kimi nəzərdən keçirildiyini göstərir.
Bu yanaşmanın arxasında konkret geosiyasi və iqtisadi əsaslar var.
TDT ölkələri Avropa ilə Asiya arasında mühüm coğrafi xətt üzərində yerləşir. Bu məkan enerji resurslarının, nəqliyyat dəhlizlərinin və ticarət marşrutlarının kəsişdiyi ərazi olmaqla yanaşı, son illərdə qlobal təchizat zəncirlərinin şaxələndirilməsi baxımından da müstəsna əhəmiyyət qazanıb.
TDT-nin üstünlüklərindən biri məhz bu coğrafi və iqtisadi potensialın vahid əməkdaşlıq gündəliyinə çevrilməsidir. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik artıq eyni sistemin bir-birini tamamlayan elementləri kimi təqdim olunur. Azərbaycanın mövqeyinə görə, enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi təmin edilmədən davamlı iqtisadi inkişafdan danışmaq mümkün deyil.
Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Ölkə həm enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında, həm də Mərkəzi Asiya ölkələrinin resurslarının Xəzər üzərindən dünya bazarlarına tranzitində iştirak edir. Prezident çıxışında Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsini TDT məkanında nəqliyyat və enerji layihələrinin inkişafında mühüm amil kimi göstərib.
Bakıdan irəli sürülən yanaşma təhlükəsizlik məsələsinə daha geniş baxışı nəzərdə tutur: enerji marşrutlarının işləkliyi, nəqliyyat dəhlizlərinin fasiləsizliyi, sərhədlərin təhlükəsizliyi, informasiya mühitinin qorunması və mümkün təhdidlərin qabaqlanması eyni təhlükəsizlik sisteminin tərkib hissələridir.
Prezidentin "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır” fikri də məhz bu reallıq fonunda səsləndirilib.
Azərbaycanın yerləşdiyi coğrafiyanın ətrafında davam edən münaqişələr və müharibələr regional təhlükəsizliyin ayrıca prioritet kimi nəzərdən keçirilməsini zəruri edir. Burada Azərbaycanın təklif etdiyi əsas istiqamət təhlükə yarandıqdan sonra reaksiya verməkdən daha çox, riskləri əvvəlcədən müəyyənləşdirmək və koordinasiya olunmuş şəkildə qarşısını almaqdır.
TDT-nin gələcək inkişafına dair Azərbaycanın mövqeyinin başqa mühüm komponenti ikitərəfli münasibətlərlə çoxtərəfli əməkdaşlığın paralel şəkildə inkişaf etdirilməsidir. Prezidentin "Azərbaycanın ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib” fikri burada xüsusi siyasi məna daşıyır.
Çünki Azərbaycan-Türkiyə münasibətlərindən başlayaraq Qazaxıstan, Qırğızıstan və Özbəkistanla qurulan müttəfiqlik əlaqələrinə qədər Türk dünyası ilə münasibətlər artıq ayrı-ayrı sahələrlə məhdudlaşmır. Prezident çıxışında Azərbaycanla Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında müttəfiqlik haqqında müqavilə və bəyannamələrin imzalandığını, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradıldığını bildirib.
Bu faktlar Azərbaycan hökumətinin TDT-yə münasibətində mühüm bir məqamı ortaya qoyur: təşkilatın güclənməsi üçün əvvəlcə üzv dövlətlər arasında real qarşılıqlı asılılıq və etimadın dərinləşdirilməsi tələb olunur. Siyasi münasibətlər iqtisadi əlaqələrlə, iqtisadi əlaqələr isə nəqliyyat və enerji infrastrukturu ilə möhkəmləndikdə əməkdaşlıq daha davamlı xarakter alır.
Təşkilata üzv ölkələrin yerləşdiyi ərazi Avrasiya məkanında mühüm nəqliyyat və enerji bağlantılarının üzərindədir. Azərbaycan tərəfindən irəli sürülən yanaşmaya əsasən, bu potensial ayrı-ayrı ölkələrin milli layihələri ilə məhdudlaşmamalı, TDT daxilində daha geniş regional əməkdaşlıq imkanına çevrilməlidir.
Bu məqam Orta Dəhlizin inkişafı baxımından da əhəmiyyətlidir. Azərbaycan, Qazaxıstan və Mərkəzi Asiyanın digər dövlətləri arasında nəqliyyat əlaqələrinin genişlənməsi yalnız kommersiya məsələsi deyil. Dəhlizlərin dayanıqlılığı ölkələrin geoiqtisadi əhəmiyyətini də artırır.
Eyni məntiq enerji sahəsinə də aiddir. TDT məkanında yerləşən enerji resurslarının beynəlxalq bazarlara çıxarılması və alternativ marşrutların inkişafı həm üzv ölkələrin iqtisadi maraqlarına, həm də daha geniş regionun enerji təhlükəsizliyinə təsir göstərir.
Azərbaycanın TDT ilə bağlı yanaşmasında təhlükəsizlik yalnız dövlət institutlarının fəaliyyəti ilə məhdudlaşmır. Cəmiyyətin daxili dayanıqlığı da təhlükəsizliyin mühüm elementi kimi təqdim olunur. Prezidentin "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir” fikri bu yanaşmanın sosial tərəfini ifadə edir.
Çıxışda TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, forum və konfransların keçirilməsi təklif olunur. Məqsəd üzv dövlətlərin gəncləri arasında birbaşa ünsiyyətin və ortaq dəyərlər haqqında təsəvvürlərin inkişaf etdirilməsidir.
TDT-nin gələcəyi ilə bağlı çıxışın ən mühüm tezislərindən biri təşkilatın beynəlxalq sistemdə rolunun artırılmasıdır. Prezidentin "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq” açıqlaması təşkilat qarşısında qoyulan hədəfin miqyasını göstərir. Burada TDT-nin beynəlxalq məsələlərdə daha sistemli və əlaqələndirilmiş mövqe ortaya qoyması nəzərdə tutulur.
Şubhəsiz ki, iqtisadi potensialın siyasi təsirə çevrilməsi avtomatik proses deyil. Bunun üçün üzv dövlətlər arasında koordinasiya, institusional mexanizmlər və ortaq gündəlik tələb olunur. Azərbaycanın yanaşmasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də məhz bu institusional quruculuğun istiqamətlərindən biridir.
Prezidentin "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq” fikri Azərbaycanın beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı mövqeyini əks etdirir. Bu yanaşmada əsas məsələ beynəlxalq hüququn yalnız qətnamələrin qəbul edilməsi ilə məhdudlaşmaması, həmin qərarların icrasını təmin edən mexanizmlərin də mövcud olmasıdır.
Azərbaycan hökumətinin təqdim etdiyi siyasi dərs bundan ibarətdir: beynəlxalq təhlükəsizlik sisteminin effektivliyi yalnız onun qəbul etdiyi qərarların məzmunu ilə deyil, həmin qərarların praktik nəticəyə çevrilmə imkanları ilə ölçülür.
Bu yanaşma TDT-nin beynəlxalq rolu məsələsi ilə də birbaşa əlaqəlidir.
Əgər təşkilat beynəlxalq məsələlərdə daha fəal mövqe tutmaq istəyirsə, üzv dövlətlər arasında koordinasiyanın institusional səviyyədə gücləndirilməsi mühüm şərtlərdən birinə çevrilir Bakı görüşündən ortaya çıxan əsas mənzərə TDT üçün yeni gündəliyin formalaşdığını göstərir.
Bu gündəliyin mərkəzində təhlükəsizlik dayanır, lakin təhlükəsizlik burada ayrıca sektor kimi deyil, enerji, nəqliyyat, iqtisadi inkişaf, informasiya mühiti, gənclər siyasəti və beynəlxalq münasibətlərlə əlaqəli sistem kimi təqdim olunur. Azərbaycanın mövqeyinə görə, TDT-nin üstünlüyü məhz bu sahələrin bir-birini tamamlamasındadır.
Enerji resursları iqtisadi imkan yaradır, nəqliyyat bağlantıları bu imkanları bazarlara çıxarır, siyasi etimad layihələrin davamlılığını təmin edir, təhlükəsizlik mexanizmləri isə bütün bu proseslərin sabit mühitdə həyata keçirilməsinə xidmət edir. Bu baxımdan Prezidentin çıxışında səslənən "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın” tezisi yol xəritəsidir.

Azər Niftiyev,
Siyasi şərhçi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
17:54 17.09.2026
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
17:51 17.09.2026
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
17:43 17.09.2026
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
17:34 17.09.2026
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
17:29 17.09.2026
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
17:20 17.09.2026
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
17:14 17.09.2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
17:03 17.09.2026
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
16:55 17.09.2026
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
16:37 17.09.2026
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
16:32 17.09.2026
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
Azərbaycanda zəlzələ oldu
16:26 17.09.2026
Azərbaycanda zəlzələ oldu
Prezident onu təltif etdi - FOTO
16:24 17.09.2026
Prezident onu təltif etdi - FOTO
Xankəndi Avropaya açılır: İlk qardaşlaşma proseduru başladı - FOTOLAR
16:22 17.09.2026
Xankəndi Avropaya açılır: İlk qardaşlaşma proseduru başladı - FOTOLAR
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:19 17.09.2026
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət
16:05 17.09.2026
Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət