Təkcə taksilər yox, şəxsi maşınlar da hədəfdədir -AÇIQLAMA
SOSİAL
21:42 04.06.2026
211
Bakıda avtomobil və taksidən istifadənin azaldılması ilə bağlı açıqlamalar müzakirələrə səbəb olub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, hazırda şəhərdə avtomobil və taksi ilə edilən səfərlərin payı təxminən 40 faiz təşkil edir və məqsəd 2030-cu ilin sonuna qədər bu göstəricini 30 faizə endirməkdir. Bu yanaşmanın əsas məqsədi tıxacların azaldılması, ictimai nəqliyyatdan istifadənin artırılması və şəhər mobilliyinin daha səmərəli təşkili kimi göstərilir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, şəhərdə nəqliyyat infrastrukturunun, xüsusən də taksi daşımalarının tənzimlənməsi sərnişindaşımanın mühüm elementlərindən biri olduğu üçün belə addımların atılması məqsədəuyğun hesab oluna bilər:
"Lakin 2030-cu ilə qədər kifayət qədər vaxt var və bu zaman kəsiyində nəqliyyat infrastrukturu daha da zənginləşdirilməlidir. Xüsusən nəqliyyat axınlarının təmin olunması baxımından tramvayların, trolleybusların və digər ictimai nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və istismarına geniş imkan yaradılmalıdır. Yəni nəqliyyat şaxəliliyi qorunmalıdır. Sərnişin axınlarının idarə olunması üçün nəqliyyat sistemində ciddi şaxələnmə formalaşdırılmalıdır. Bu halda məsələ öz həllini tapa bilər”.
O deyib ki, proses kifayət qədər çətinləşə və sərnişin axınının təmin olunmaması əlavə yüklənmələrə səbəb ola bilər:
"Digər tərəfdən, bu addımlar problemin həllinə deyil, əksinə, müəyyən hallarda məsələlərin daha da çətinləşməsinə gətirib çıxara bilər. Buna görə də nəqliyyat infrastrukturu baxımından əsas həll yolu nəqliyyat vasitələrinin şaxələndirilməsidir. Bundan əlavə, hərəkət təhlükəsizliyinin təmin olunması üçün sürücülərin birgə istifadəsinə uyğun mexanizmlər və daha geniş xidmət sahələri yaradılmalıdır. Bu halda problemlərin həllindən danışmaq mümkün olar”.