Teleaparıcı xanımın övladını kim öldürdü?

Teleaparıcı xanımın övladını kim öldürdü?
Bütün Xəbərlər
13:14 05.09.2013
5040

Əfsələddin Ağalarov

Hələ də o gün xatirimdən çıxmır. Orta məktəbdə oxuduğum illər idi. Bir səhər yaxın bir qohumumun ölüm xəbəri ilə yuxudan oyandım. Yadımdadır, yaşımın az olmasını nəzərə alıb, məni yas yerinə aparmamışdılar. Həyatla dolu bir qızın kəfəni gəlinlikdən öncə geyinməsi xəbərini ilk eşidənlərən biri də mən olmuşdum. 15 dəqiqəlik əməliyyat adı ilə əməliyyat masasına yatırılan qızın bir neçə saat sonra yarılmış bədənini ailəsinə təhvil verdilər.

Bir neçə həftə sonra ölümün əsl səbəbi bilindi. Əməliyyata daxil olan “qəssab” öd kisəsində kiçik bir əməliyyat etməli olduğu halda, səhvən bağırsağı zədələmişdi. Və bu səhv onu tanıyanların qəlbində bir ömür boyu sağalmayan yara açmışdı.

Elə dünən “Space” telakanalının aparıcısı Zamirə Dadaşovanın da övladının həkimlərin savadsızlığı nəticəsində ölməsi ilə bağlı mətbuatda yayılan xəbərlər bir daha Azərbaycan səhiyyəsinin savadsız və təcrübəsiz həkimlər tərəfindən işğal olunduğunu göstərir. Deməli, canımızın hayına düşməyin vaxtı çatıb.

Çoxları yerli həkimlərə güvənmədiyi üçün İrana, Türkiyəyə, hətta bizdən bir çox sahələrdə geridə qalan Ukraynaya yollanır. Qınamaq da olmur. Nə deyəsən axı? Ona görə ki, bizlər canımızı sevən xalqıq. Bir dəfə asqıranda, ən azı bir dəfə “sağlam ol” deyirik. Bu sözü işlətməyənlərdən bəzən inciyirik. Sanki “sağlam ol” desə, biz yüz yaşayacağıq və canımız heç vaxt xəstəlik tapmayacaq.

İnsafla danışaq. Bu gün həqiqətən səhiyyənin inkişafı üçün lazımi işlər görülür. Xəstəxanalarınmaddi-texnikibazalarınınyaxşılaşdırılması, əməliyyatotaqlarınınənsonstandartlarauyğunhazırlanması və bunabənzərbir çoxişlərgörülübvə görülür. Ancaq nədənsə bir şey unudulub. O da bu maddi-texniki bazadan, ən son standartlarla təchiz olunmuş əməliyyat otaqlarından öz savadı ilə istifadə edə bilən, əməliyyatdan öncə xəstənin yaxınları ilə qiymət al-verinə girməyən, işini sevən, bir sözlə Hipokratın goruna hörmət edəcək savadlı kadrlar.

Ancaq hər vəcdə ilə həkimlərin maaşının az olmasını baş verən hadisələrə səbəb kimi cəmiyyətə sırımağa çalışanlar nədənsə bir şeyi unudurlar. Məgər bir insan bir insanı maaşının az olmasına görə öldürə bilərmi? Əgər elədirsə, o zaman bu fikir ölkədə kütləvi qırğına zəmin yaradar.

Bu problemi hara ələk-vələk eləsən, yenə cavabsız qalan onlarla sual tapmaq olar. Görəsən, hansı səbəbdən Səhiyyə Nazirliyi bir dəfə də olsun, bu cür hadisələrdə hansısa bir həkimi sərt şəkildə cəzalandırmayıb? Nəyə görə sözügedən qurum kənardan bu işlərin təşkilatçısı kimi görünür?

Sağlamlıq turizminin inkişafı adı altında ölkədə hər il mamır kimi çoxalan özəl klinikaların insan sağlamlığını alverə çevirməsi, bölgələrdəki təhsil şöbələrinin müdirlərinin özbaşınalığı, paytaxt Bakıdakı xəstəxanalarda xadiməçidən tutmuş, tibb bacılarına qədər xəstə yaxınlarına qarşı dilənçi münasibəti və sadalanacaq yüzlərlə fakt məhz Azərbaycanda səhiyyənin bu günə gəlməsinə şərait yaradıb.

Deməli səbəblər çoxdur. Maaşın az olmasından gileylənən və hər dəfəsində “mən evdə uşaq saxlayıram, ördək yox” deyərək rüşvət götürən, sonda insan həyatını söndürən həkimlərin mənim üçün ən qatı cinayətkardan heç bir fərqi yoxdur.

Nə qədər nikbin olsaq da, bu problem danışmaqla düzəlməyəcək. Deməli tək çarəmiz qalır. Çalışaq, xəstələnməyək. Soyuq havalarda, bərk-bərk baş-gözümüzü bağlayaq. Asqıranda ətrafımızdakılara dönə-dönə “sağlam ol!” sözünü dedizdirək. Deməyənlərdən inciyək, dünya dağılsa da, barışmayaq. Bəlkə onda çox yaşadıq.

OXŞAR XƏBƏRLƏR