Yeni tədris ilinin başlaması ilə tələbələrin kirayə mənzil axtarışları da artır. Bu dövrdə bəzi şəxslər saxta elanlar paylaşaraq tələbələri dələduzluğa məruz qoyurlar. Daxili İşlər Nazirliyi tələbələrə bu cür hallarla bağlı xəbərdarlıq edib.
Nazirlik vətəndaşlara mənzili görmədən, elandakı məlumatları dəqiqləşdirmədən və qarşı tərəfin etibarlılığına əmin olmadan əvvəlcədən beh göndərməməyi tövsiyə edib.
Vəkil Amid Əsgərov AZXEBER.COM-a açıqlamasında bildirib ki, kirayə mənzil götürərkən vətəndaşlar ilk növbədə əmlakın hüquqi statusunu və mənzili kirayəyə verən şəxsin səlahiyyətlərini yoxlamalıdırlar:

"Mənzil kirayə götürmək istəyən şəxslərə tövsiyyə olunur ki, beh ödənişi etməzdən əvvəl əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədə baxmaqla əmlakın kimə məxsus olması, ünvanı, sahəsi və mülkiyyətçinin şəxsiyyət vəsiqəsindəki məlumatlara nəzər yetirsinlər. Mənzili kirayəyə verən şəxsin mülkiyyətçinin özü və ya etibarnamə ilə buna səlahiyyət verilmiş şəxsin olmasını dəqiqləşdirsinlər və mənzilə baxış keçirdikdən sonra notarial qaydada beh müqaviləsi bağlamaqla ödəniş etsinlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir”.
O qeyd edib ki, behlə bağlı razılaşmanın rəsmiləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır:
"491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Saxta elanlarla bağlı aldadılma hallarında, aldadan şəxsin kimliyinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi məqsədi ilə vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etmələri məsləhətdir”.
Şahanə Ziyad