"Tələbələrlə bağlı məsələlərdə onların fikirləri mütləq nəzərə alınmalıdır"

GƏNCLİK
10:00 13.04.2014
1977
AZXEBER.COM “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının Aktual.az-a müsahibəsini təqdim edir:- Azərbaycanda gənclər siyasətini necə dəyərləndirirsiniz?- Hesab edirəm ki, gənclər siyasətinin böyük bir tarixi var. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər siyasətinin mahiyyətində Azərbaycan gəncliyini intellektual, dünyada bütün istiqamətlər üzrə gedən rəqabətlər prosesinə tab gətirə biləcək qədər savadlı, bacarıqlı və hazırlıqlı görmək istəyi dayanır. Hər ötən gün bu siyasət öz məntiqi nəticəsinə nail olur. Bunu Azərbaycan gənclərinin ölkənin idarəetməsindəki rolunda, gəncliyin ölkənin strateji qurumlarındakı təmsilçiliyində görürəm. Bu gün Milli Məclisdə, Prezident Administrasiyasında, ayrı-ayrı strateji dövlət qurumlarında gənc mütəxəssislər çalışır. Şübhəsiz ki, bu, ölkənin idarə olunmasında gənclərin iştirakına Azərbaycan dövlətinin yüksək marağından xəbər verir. “2007-2015-ci illərdə Xaricdə Təhsil proqramı” çərçivəsində yüzlərlə gəncin xaricə təhsil almağa göndərilməsi də həmin marağın ifadəsidir. Bu, həm Azərbaycanda yüksək hazırlıqlı gənc kadrların yetişməsinə, həm də xaricdə Azərbaycan diasporunun inkişafına mühüm təsir göstərir. “2013-2015-ci illər Azərbaycan Gənclər proqramı”nda gəncliyin sosial-iqtisadi problemlərinin həlli üçün olduqca mühüm məqamlar yer alıb. Məsələn, orada gənclər üçün “Prezident mükafatı”nın nəzərdə tutulması gənclərin nailiyyətlərinin stimullaşdırılmasına xidmət edir. Bütün bunlar dövlət gənclər siyasətinin uğurundan xəbər verir. Əlbəttə, bu gün gənclərin bütün problemlərinin həll olunduğunu da söyləmək düzgün deyil.- Sizcə, Azərbaycan gəncliyinin problemləri nədən ibarətdir?- Bizim təhsillə bağlı kifayət qədər problemlərimiz var. İşsizlik problemi mövcuddur. Bu gün biz Azərbaycan təhsilində hələ də bütün problemlərin həll olunduğunu söyləyə bilmərik. Universitetlərdə tələbələrin biliyinin tam şəkildə obyektiv qiymətləndirildiyini demək absurddur. Bir müddət əvvəl tələbə etirazlarının şahidi olduq. Bu göstərdi ki, hələ də bəzi rektorlar universitetləri özlərinin şəxsi obyekti hesab edirlər. Elə zənn edirlər ki, universitetlərdə yalnız onların qərarları, göstərişləri həyata keçirilməlidir. Bu, əsla belə deyil.- Bakı Dövlət Universitetində tələbələrin etirazlarına haqq qazandırmaq olarmı?- Bütün hallarda hər hansı bir dəyişiklik etmək lazım gəldikdə, bu, tələbələrlə razılaşdırılmalıdır, ümumilikdə müzakirə edilməli və onların rəyi öyrənilməlidir. BDU-da bu, olmadı. Rəhbərliyin belə yanaşması doğru deyil. Dünya və Azərbaycan təhsil idarəetməsinin mərkəzində tələbə dayanır. Yəni təhsilin subyekti tələbədir. İstənilən bir qərarın qəbulunda tələbələrin fikri nəzərə alınmalıdır. Dünyanın müxtəlif ölkələrində, hətta rektorların seçilməsində tələbələrin fikri rol oynayır. Bu mənada orada tələbələrin etirazını anlayışla qəbul edirəm. Tələbələrin küçələrdə etiraz etmələrinin də əsas səbəbkarı elə rektorların özləridir. Amma tələbələr də bilməlidir ki, problemlərin həlli küçələrə çıxıb etiraz etməkdən keçmir. Bunun daha sivil yolları var. Çünki Azərbaycan demokratik və hüquqi ölkədir. Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində ölkənin idarəçiliyində gənclərin yaxından iştirakı istəyi dayanır. Bu səbəbdən də universitetlərdə tələbələrin fikirləri, təklifləri nəzərə alınmalıdır.- Gənclər və İdman Nazirliyinin fəaliyyətini necə dəyərləndirirsiniz?- Bu gün Gənclər və İdman Nazirliyi gənclər tərəfindən olan müxtəlif təşəbbüslərə dəstək verir. Amma bir nazirliyin fəaliyyətindən hamının razı qalması da mümkün deyil. Mən xüsusilə, Gənclər Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. Fond yaradılandan sonra Azərbaycanda iflic vəziyyətində olan gənclər təşkilatları inkişaf etməyə, tanınmağa başladı. Yəni bilindi ki, belə təşkilatlar var. Ona qədər adları var idi, amma fəaliyyətləri yox idi. Gənclərin müxtəlif səpkili layihələrini dəyərləndirir, dəstəkləyir. Bu da Azərbaycanda gənclər təşkilatlarının uğurlu inkişafını daha da sürətləndirir. Fond təkcə gənclər təşkilatlarının yox, yaradıcı düşünən fərdi gənclərin də layihələrinə maliyyə dəstəyi göstərir. Düzünü deyim, indiyə qədər fonddan heç bir qrant almamışam. Ancaq onların fəaliyyətini yüksək qiymətləndirirəm.- Ölkədə sosial medianın fəaliyyətini kifayət qədər uğurlu hesab etmək olarmı? Bu sahədə problemlər varmı? Gənclər sosial şəbəkələrdən hansı məqsədlər üçün istifadə edirlər?- Hazırda həm Azərbaycanda, həm də bütün dünyada sosial şəbəkələr öz formatını dəyişərək, daha çox sosial media rolunu oynayır. Siyasi arenada olan insanlar, xüsusən də, müxalifət təmsilçiləri, öz fəaliyyətlərini virtual olaraq, sosial şəbəkələr üzərində həyata keçirirlər. Mən Azərbaycan gəncliyinin sosial şəbəkələrdən istifadə imkanlarını yüksək qiymətləndirirəm. Çünki bu gün həm müxalifət, həm də iqtidar cəbhəsindəki gənclərin sosial şəbəkələrdən yüksək səviyyədə istifadəsinin şahidiyik. Elə insanlar var ki, sosial şəbəkələrdən müəyyən insanların şəxsi məsələlərinə müdaxilə və onların haqqında böhtan xarakterli məlumatların yayılması üçün istifadə edirlər. Bu, bütün ölkələrdə var. Ancaq qarşısının alınması üçün hər hansı mexanizm də yoxdur. Sosial şəbəkələrə hər hansı bir məhdudiyyətin tətbiq edilməsinin də əleyhinəyəm. Sosial şəbəkələr ölkədəki demokratiya göstəricilərinin əsas istiqamətlərindən biridir. Azərbaycanda azad internetin inkişafı üçün çox mühüm addımlar atılır. Bir müddət əvvəl Azərbaycanda İnternet Forumu keçirilirdi. Bu bir daha onu göstərir ki, Azərbaycanda azad internetin inkişafına geniş şərait yaradılır. Ancaq ayrı-ayrı şəxslərin sosial şəbəkələrdə təhqir olunmasının əleyhinəyəm. Bir müddət əvvəl bununla bağlı Milli Məclisdə qanuna dəyişiklik də qəbul edildi.- Nə üçün ən çox müxalifəti tənqid edirsiniz?- Mən heç zaman demirəm ki, ölkədə bütün problemlər həll olunub. Hər şey yüksək səviyyədədir. Əsla belə deyil. Faciə o deyil ki, kölgədə hansısa problemlər var. Faciə onda olardı ki, bu problemlərin həlli üçün addım atılmasın. Ancaq biz bu gün dövlət başçısının simasında ölkədə problemlərin həlli üçün ciddi siyasi iradənin mövcud olmasının şahidiyik. Mən müxalifəti ona görə tənqid edirəm ki, onlar ölkədəki kiçik problemlərə görə prezidenti hədəf götürürlər. Mən də hər zaman deyirəm ki, yaranan problem üçün hər birimiz çalışmalıyıq və konkret olaraq problemi yaradan şəxsə münasibət bildirməliyik. Prezident İlham Əliyev bu gün xalqın maraqlarını ifadə edir, məmurların xalqın xidmətçisi olduğunu diqqətə çatdırır. Hansısa məmur hansısa yerdə qanunsuz fəaliyyətlə məşğul olursa, bunu onun öz adı ilə çağırmaq lazımdır. Amma bu gün kiçik problemlər üzərində ölkənin birinci şəxsini günahlandırmaq obyektivlik deyil, bu insafsızlıqdır. Hər xırda problemə görə ölkə başçısını ittiham edən insanlara qarşı hər zaman mövqeyimi bildirmişəm. Bu istiqamətdə bizim mövqelərimiz üst-üstə düşmür. Ölkə rəhbərliyinə qarşı hər hansı bir qərəzli mövqe görəndə biz də öz münasibətimizi bildirməyi özümüzə borc bilirik.

OXŞAR XƏBƏRLƏR