AZXEBER.COM-un "Gəl danış” rubrikasının budəfəki qonağı aktyor, teleaparıcı Azər Axşamdır.
"Bu gün Azərbaycanda film yox, "mırtfilmlər” çəkilir!”
Azər bəy, hər zaman açıqsözlüsünüz?
-Bəli. Hər zaman açıqsözlü olmağa çalışıram.
Bəs, sizi sevməyənlərin tənqidini necə qarşılayırsınız?
-Əgər məni sevməyənlərin dediyi sadəcə tənqiddirsə normal qarşılayıram. Çünki tənqid gözəl bir şeydir. Hər kəs səni tənqid edə bilər. Etiraf edə bilərəm ki, tamaşaçı hər zaman məndən daha yüksək işlər gözləyir. Ümumiyyətlə bir insanı hər kəs sevə bilməz. Ancaq təhqir edən insanların digərlərindən fərqi var. Bu da onlarda ailə tərbiyəsinin olmamasıdır.
Belə bir fikir var, "sənətindən pul qazana bilməyən sənətkar, sənətkar deyil”. Buna münasibətiniz necədir?
-Sənətkar başqa şeydir, pul qazanmaq başqa. Səmimi etiraf edim ki, bu gün məndən də istedadlı o qədər oğlanlar var ki... Belə bir deyim də var: "Malın mal olunca, gərək bazarın bazar olsun”. Azər Axşama dərs keçə biləcək istedada malik insanlar var ki, adam onlara ağzı açıq qulaq asar. Sadəcə onların şansı gətirməyib. O, özünü göstərə bilmədiyi üçün, bu gün onu yox, məni çəkirlər. Ancaq bu onun nöqsanı olduğu anlamına gəlmir. Bəlkə də həmin adam özünü göstərib, amma onu görmək istəməyiblər. Ya da görməzdən gəliblər.
Niyə sizi dramatik janrlarda yox, daha çox komediya filmlərində görürük?
-İndi görmürsünüz, çünki daha mənə müraciət etmirlər. Bu qədər komediya filmləri çəkilir, hansında Azər Axşam var? Heç birində!
Bunun səbəbini nədə görürsünüz? Yolunuzu kəsən var?
-Komediya filminə çəkilmək üçün təklifdə yoxdur, seçim də. Çünki Azərbaycanda komediya sahəsində monopoliya yaradılıb. Heç özünüzə sual vermisiniz ki, bu gün daha çox komediya filmini çəkənlər kimlərdir? İndi bu cür filmləri həvəskar aktyorlar çəkir. Ssenarini özləri yazır, aralarından biri rejissorluq edir, digərləri də filmdə rol alır. Nəticədə eyni aktyor eyni obrazı bir neçə filmdə canlandırır. Bu halda günah o aktyorda yox, onu çəkən rejissordadır. Nə olsun ki, tamaşaçı o filmlərə gedir, baxır və gülür. Peşəkar gözü ilə bir də özümüz o filmlərə baxaq. Burada gülməli nə var? Heçnə!
Yəni, son zamanlarda çəkilən komediya filmlərinin sambalı yoxdur?
-Bəli, deyə bilərik ki, son zamanlar çəkilən komediya filmlərinin sambalı yoxdur. Həmin komediya filmləri tamaşaçını düşündürmür, əksinə təhqir və söyüşlə güldürür. Bunları nəzərə alaraq deyə bilərəm ki, bu gün Azərbaycanda film yox, "mırtfilmlər” çəkilir! Bəzən tamaşaçını güldürmək üçün düşünmədən elə sözlər işlədilir ki... Daha fikirləşmirlər ki, bu sözü demək olar, ya yox!
"Televiziyalara yeni gələn rəhbərlər Azər Axşamla işləmək istəmirlər”.
Niyə Azər Axşam bu gün televiziya verilişlərində yoxdur?
-Bu sualın cavabı çox sadədir. Televiziyaların rəhbər vəzifələrində dəyişikliklər olur və yeni gələn rəhbərlər artıq Azər Axşamla işləmək istəmirlər.
Buna əminsiz?
-Mənə olan yanaşmadan bunu belə başa düşmək olur. Yeni gələn rəhbər televiziyanı başqa cür görür. Əgər yeni gələn müqaviləni yeniləmədən sənlə sağollaşırsa, deməli o rəhbər artıq səninlə işləmək istəmir. Sən də ona mən burda işləyəndə sən burada yox idin sözünü deyəcək hüquqa sahib deyilsən.
Sizcə, televiziyalarımız indi yoxsa əvvəllər daha səviyyəli idi?
-Bu gün bütün televiziyalarda problemlər var. Mən televiziyada işləyəndə arxamda olan, mənə dəstək olan yox idi. Rəhbərlik belə demirdi ki, sənin üçün - verilişin üçün nə lazımdırsa edəcəyik. İndi heç bir kanalda çalışmıram və kənardan baxanda görürəm ki, kanallarda heç nə dəyişməyib. Peşəkara, illərini televiziyaya xərcləyən insana yenə də dəyər verən yoxdur.
"Xalqın gözü tərəzidir”deyirlər. Bu sözə inanırsız?
-Düzdür, "Xalqın gözü tərəzidir”, amma o tərəzisi olan xalqın sözü çox vaxt keçmir.
Sizcə, televiziyalardakı bayalığın təbliğində sosial şəbəkələrin payı var?
-Televiziya özü heç nə istehsal etməyib sosial şəbəkədən məhsul oğurlamağa başlayanda ölür. Son günlər trend olmuş bir idmançı var ki, məşq zamanı etdiyi hərəkətlərinə görə məşhurlaşıb. Onu dövlət televiziyasından tutmuş hər kəs verilişlərinə çağırdı. Biz bu adamı sosial şəbəkələrdən zatən görürdük. Televiziyada görməyimiz nəyi dəyişdi? Bu belə hər şeyin cılızlaşdığını deməyə əsas verir.
Bu günə qədər fəxri ad almamağınızla bağlı hər hansısa küskünlüyünüz olub?
-Mən heç vaxt, heç bir şeydən küsmürəm. Fəxri ad versələr də sağ olsunlar, verməsələr də. Mən sənətimlə bağlı heç vaxt, heç kimdən, heç nə xahiş etməmişəm, heç vaxt da etmərəm. Çünki mən dedikdən sonra alacağım addan ləzzət ala bilmərəm. Tapşırıqla fəxri ad aldığım zaman o adın dəyəri mənim üçün ölər.
"Özümü Hollivud ulduzları ilə bir sırada görürəm”.
Azər bəy, nə üçün kişilər ağıllı qadınları sevmirlər?
-Mən o kişilərdən deyiləm. Əksinə ağıllı qadınları çox sevirəm. Əgər qadın ağıllıdırsa, onun ağılı onu doğru yolla aparacaq. Əks halda gərək onu yanımda gəzdirim ki, ağılsız hərəkət etməsin.
Bir kişi olaraq sizin üçün ağıllı qadın üstündür, ya güclü qadın?
-Məncə, ağıllı qadın elə güclü qadındır. Çünki insanın əsas gücü, elə onun savadındadır.
Müsahibələrinizin birində demişdiniz ki, şansım olsa Azərbaycandan gedərdim. Hələ də bu fikirdəsiniz?
-Allaha şükür ki, bizim ölkəmizdə yaxşı yaşamaq üçün hər bir şərait var. Bu sözüm sırf mənim sənətim ilə bağlı idi. Sənətimlə əlaqəli yaxşı bir təklif gəlsə böyük məmnuniyyətlə ölkədən çıxıb gedərdim. Çünki mən özümü Hollivud ulduzları ilə bir sırada görürəm. Hollivuddakıların bizdən nəyi artıqdır ki? Bizdə elə istedadlı insanlar var ki, Hollivuddakı şəraitə sahib olmadıqları halda belə istedadlıdırlar. Onlar bir filmdə rol almaq üçün 30 milyon alırsa, bizdə aktyor bunun müqabilində 500 manat alır. Başqa yerdə olsa, heç bir aktyor bu məbləğ qarşılığında filmdə oynamaz.
Yerli telekanalların istehsal etdiyi serialları izləyirsiniz? Onlara münasibətiniz necədir?
-Yerli seriallara münasibətim sıfırdır! Əgər bir aktyor, serialda evdən gətirdiyi öz geyimini geyinirsə, deməli artıq orada nəsə düz deyil. Tamaşaçı aktyoru eyni geyimdə həm serialda, həm də real həyatda görməməlidir.
Bu hal yaşanarsa, günah serialın prodüserindədir. Heç bir aktyor öz geyimində filmə çəkilməməlidir. Bu zaman aktyor çəkildiyi serialda rolunu istədiyi kimi oynaya bilmir. Fikri qalır geyimini qorumaqda. Buna görə də, hər bir filmin çəkilişində geyim rəssamlarının, stilistlərin olması mütləqdir.
Serialların qonorarları sizi qane edir?
-Xeyr, təəssüf ki, qane etmir. Bizim aktyorların seriallardan aldığı qonorar çox aşağıdır. Bu gün Azərbaycan aktyoru sadəcə ac qalmamaq üçün filmə çəkilir. O rol aldığı serialdan keyf və zövq almır. Heç kim özünü aldatmasın.
Tamaşalarda sizi niyə görmürük?
-Heç bir teatrda işləmədiyim üçün məni tamaşalarda da görə bilmirsiniz. Amma deyə bilərəm ki, təzəlikcə "İrəvan Dövlət Azərbaycan Dram Teatrı”ndan təklif almışam. İnşallah "Kral Lir” tamaşası hazırlanır. Qismət olsa orada baş rollardan birini, olmasa da nə rol versələr onu oynayacağam. Kənarda qalmağımızın günahı bir az da özümüzdədir. Çünki biz meydanı boş buraxırıq. Boş qalan evə də cin-şeytan dolar.
Aktyorluq sənətində qazanc olmadığını deyirsiniz. Bəs gənclər arasında niyə aktyor olmağa bu qədər maraq var?
-Bu maraq deyil ümiddir. Misal üçün , düşünün ki, 10 nəfər rəfiqən var, bunların 7-si ərə gedib və boşanıb. Digər birinə isə təzə elçi düşüb. İndi o ərə getməsin? Onda da xoşbəxt olacağı ilə bağlı ümid var. Düşünür ki, o rəfiqələrindən fərqlənəcək və xoşbəxt olacaq. Aktyor olmaq istəyənlər də bu misalda qeyd etdiyim ki, ümid edirlər ki, efirdə görüb-baxdıqlarından da yaxşı sənətçi olacaqlar.
"Xoşbəxtliyi ikinci ailəmdə tapmasaydım boşanardım”.
Bir az da şəxsi həyatınızdan danışaq. Azər bəy, xoşbəxtliyinizi ikinci ailənizdə tapa bildinizmi?
-Əlbəttə. Xoşbəxtliyi ikinci ailəmdə tapmasaydım boşanardım. Əgər xoşbəxt deyiləmsə, niyə özümə və ya qarşı tərəfə zülm edirəm? Nə qədər acı olsa da, doğrunu demək lazımdır. Ayrılmaq istəyən insan qarşı tərəfə gerçəkləri deməlidir. Nə qədər ağır olsa da insan həqiqəti duyduğu zaman ağlaya da bilər, özünə əziyyət də edə bilər. Ancaq nə olursa olsun, sonunda doğrunu qəbul edəcək. Qarşı tərəf səndən evi tərk etməyini də istəyə bilər. Bu zaman sənin öhtənə papağını götürüb getmək düşür. Əksinə də ola bilər, gedən qadın da ola bilər. Əgər belə hal yaşanarsa qadın da sakit çıxıb getməlidir. Belə olduğu zaman da evdən pay istəmək, uşaqları atadan ayırmaq və ya şantaj etmək nəyə gərəkdir?
Sizcə, ayrılıq zamanı uşaqların taleyi necə həll olunmalıdır?
-Əvvəl onu qeyd edim ki, heç kəs atasının evindən uşaq gətirmir. Amma xanım evdən gedəndə uşaqları da aparır, evi də bölür, hələ illərlə aliment də alır. Mənim fikrimcə kim özü gedirsə, təkcə papağını götürüb getməlidir. Qanunla da uşaqların anada qalması doğru sayılır. Amma mən bu qaydanı anlaya bilmirəm. Sevdiyim qadın gedir, uşaqlarımı da aparır, evdən də pay istəyir, hələ uşaqlara aliment də verməliyəm. Bəs qadın ayrılıb getmək istəyəndə kişinin günahı nədir? Qadın getmək istəyəndə ona alınan hədiyyələri götürüb getsin, uşaqları aparmasın. Görüm onda hansı qadın gedər? Qadınlar qanundakı üstünlüklərin onun tərəfində olduğunui anladığı üçün çox zaman bu addımı atırlar.
"Qadınlar ərə tabe olmalıdır, çünki cənnətin qapısı həm də ərə itaətdədir”.
Bəs onda niyə boşanan qadınlar özlərini çox zaman haqlı görürlər?
-Kişi qadınla ayrılan zaman xanım bu haldan istifadə edərək uşaqları aparır, atanı şantaj edir, övladları ilə görüşməyə qoymur. Bu nə qədər düzdür? Bəs, niyə qadınlar xırda bir hadisə olan kimi "uşaqları atamın evindən gətirməmişəm ki?!” deyir? Amma gedən zaman atasının evindən gətirmiş kimi onları da aparır. Buna vicdanları necə əl verir? Qanunla qadın kişiyə ərə gəlir. Sən ailə qurub başqa evə gedirsən ki, kişinin qanunlarına tabe olasan. Çünki cənnətin qapısı həm də ərə itaətdədir.
Dediklərinizdən belə çıxır ki, həyat yoldaşından ayrılan qadınların hamısı cəhənnəmlikdir?
-Xeyir, təbii ki elə deyil. İlk onu deyim ki, bütün kişilər ideal deyil. Elə kişi var ki, çöldə hamı ilə mehribandır, amma evə gələn kimi zəhərini qadına tökür. Qadın da ona pis rəftar edən kişiyə dözmək və ya itaət etməyə məcbur deyil. Qadın yaşaya bilmirsə, həmin kişidən ayrıla bilər.
Azər bəy, səmimi söhbət üçün sizə təşəkkür edirik.
-Mən də sizə təşəkkür edirəm.
Aysel Hacızadə
Video: Həsən Quliyev