Tərlan Əhmədov “Neftçi”dən ayrılmasına münasibət bildirib

İDMAN
10:25 26.10.2013
1138

“Neftçi”dən hallaşıb ayrıldım. Hər hansı inciklikdən söhbət gedə bilməz. Mən bu klubla təkcə çempionluq deyil, həm də dost-qardaş qazandım”.

Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq məşqçisi Tərlan Əhmədov deyib.

Avrokubokda uğursuzluq səbəbi ilə Böyükağa Hacıyevin postunu tərk etməsindən sonra klub rəhbərliyi onun köməkçisi olan Əhmədovla yola davam etməyi lazım bilib. “Ağ-qaralar” Premyer Liqada yeni mövsümə yaxşı başladığından və hazırda “Qarabağ”la liderliyi bölüşdüyündən Tərlan bəyin baş məşqçi kimi təsdiqlənəcəyi gözlənilirdi. Ancaq Sadıq Sadıqov “Neftçi”nin Azərbaycan Superkubokunda azlıqda oynayan “Xəzər Lənkəran”a uduzmasını gənc çalışdırıcıya bağışlamayıb.

Elə Əhmədov da əməkdaşımızla söhbətində Superkuboku qazana bilmədiyi üçün istefa verdiyini söyləyib: “Rəhbərlik Superkuboku qazanmağı qarşımıza məqsəd qoymuşdu. Ancaq alınmadı, qismət. Bu səbəbdən məşqçilər korpusu istefa verməyi məqsədəuyğun saydı. Öz istəyimlə ayrıldım. Dediyim kimi, heç kimdən incimirəm. Əksinə, klub prezidenti Sadıq Sadıqova “Neftçi” kimi komandada işləmək üçün mənə şans verdiyi üçün təşəkkür edirəm. Bu ailə ilə birlikdi çempionluqlar qazandıq, Avroliqada iştirak etdik. “Neftçi”də həmişə diqqət və qayğı gördük. Bunun müqabilində, əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Düzdür, Superkuboku qazana bilmədik. Ancaq işlədiyim müddətdə xeyli uğurlarımız oldu. Təhvil verdiyimiz komanda hazırda Premyer Liqada “”Qarabağ”la şərikli liderdir. “Neftçi”ni alnıaçıq tərk edirəm”.

Böyükağa Hacıyev baş məşqçi postunu tərk etdikdən bir müddət sonra Sadıq Sadıqovun müşaviri təyin olundu. Bəs Əhmədov necə, klubda ona da hansısa vəzifə veriləcəkmi? Tərlan bəy belə bir təklif almadığını bildirib: “Xeyr, belə bir söhbət olmayıb. “Neftçi” ilə hallaşıb, ayrıldım. Hər şeyə görə təşəkkür edirəm. Orada keçirdiyim illər mənim üçün yaxşı təcrübə oldu. Əminəm ki, məşqçilik karyeramda bunun bəhrəsini görəcəyəm”.

“Neftçi”nin bu gün Nazim Süleymanovu baş məşqçi təyin edəcəyi gözlənilir. Əhmədov bunun doğru seçim olduğunu söyləyib: “Sadıq Sadıqov həmişə yerli məşqçilərlə işləmək istədiyini deyib. Nazim müəllimlə münasibətlər rəsmiləşəndən sonra görüşüb, xeyir-dua verəcəyəm. İnşallah, komanda onun rəhbərliyi altında çempionluq titulunu qoruyar və daha böyük uğurlara imza atar”.

OXŞAR XƏBƏRLƏR