“Novosti-Qruziya” agentliyinin məlumatına görə, hazırda Rustaveli prospekti hüquq-mühafizə orqanlarının nəzarətindədir. Gürcüstan parlamentinin yerləşdiyi prospektə hərbi texnika gətirilib və bu gün Müstəqillik Günü münasibətilə keçiriləcək hərbi parada hazırlıq başlayıb.
Təsdiqlənməmiş məlumatlara görə, Gürcüstan prezidenti Mixail Saakaşvili “Azadlıq” meydanında yerləşən Tiflis Şəhər Şurasının binasındadır.
Bu arada isə yerli “Palitra” radiosunun məlumatına görə, Tiflisin ən böyük klinikası olan Quduşalri adına xəstəxanaya nümayiş dağıdılarkən xəsarət alanların gətirilməsinə başlanılıb. Onların sayı dəqiqləşdirilir.
02.39
Tiflisdə mitinq dağıdılarkən müxalifət lideri, keçmiş spiker Nino Burcanadze xəsarət almayıb. Bunu onun özü “Maestro” telekanalına müsahibəsində deyib. “Xüsusi təyinatlıların və Saakaşvilinin bizə qarşı etdiklərini Zaqafqaziya dairəsinin qoşunları və general Rodionov 9 aprel 1989-cu ildə nümayiş dağıdılarkən etməmişdi. O vaxt aksiya iştirakçılarına xilas dəhlizi yaratmışdılar. İndiki hakimiyyət isə bizi güncə sıxışdırdı. Xəsarət alanlar var. Həbslər davam edir”, - Nino Burcanadze deyib.
00.24
“İnterfaks” agentliyinin məlumatına görə, müxalifətçilər arasında xəsarət alanlar var. Müxalifət liderlərinin harada olması barədə məlumat yoxdur.
Qeyri-rəsmi məlumatlara görə, 80-ə yaxın müxalifət fəalı saxlanılıb. Məlumatı “Maestro” telekanalı yayıb. Saxlanıların əksəriyyəti kişilərdir.
Müxalifət liderlərindən Teymuraz Şanşivaşvili iddia edib ki, mitinq dağıdılarkən rezin güllə rejissor Qoqi Kavtaradzenin alnına dəyib. O, yaralıların olduğunu bildirsə də, onların sayını açıqlamayıb.
02.04
“Novosti-Qruziya” agentliyinin məlumatına görə, jüsusi təyinatlılar parlamentin qarşısını müxalifətçilərdən təmizləyiblər. Leysan yağışının altında keçirilən əməliyyatdan sonra müxalifətçilər parlamentin binası qarşısındakı meydanı tərk ediblər və yaxınlıqdakı “Azadlıq” meydanına doğru geri çəkiliblər. Xəsarət lanlar barədə məlumat yoxdur. Lakin müxalifətçilərin toplaşdığı yerə doğru bir neçə təcili yardım maşının getdiyi bildirilir.
RİA “Novosti”nin hadisə yerindəki müxbiri məlumat verib ki, parlamentin binası qarşısında, Rustaveli küçəsində xüsusi təyinatlı dəstələr və polis əməkdaşları toplaşıb. Onlar müxalifətçilərin qurduğu tribunanı dağıdırlar.
01.55
“İnterfaks”ın məlumatına görə, nümayişçilərin dağıdılmasında poilslə yanaşı xüsusi təyinatlılar da iştirak edir. Parlamentin qarşısındakı meydanda baş verənləri “Maestro” telekanalı canlı yayımlayır. Xüsusi təyinatlılar su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir. Xəsarət alanlar və saxlanılanlar barədə hələlik məlumat yoxdur.
RİA “Novosti”nin məlumatına görə, müxalifətin mitinq keçirilməsi üçün meriyaya etdiyi müraciətin müddəti gecəyarısı başa çatıb. Müddət başa çatan kimi parlamentin qarşısına yüzlərlə xüsusi təyinatlı, polis maşınları, eləcə də iki zirehli maşın gətirilib. Müxalifət liderləri mitinqi başa çatdırmaqdan və dağılışmaqdan imtina ediblər. Müxalifət lideri, sabiq spiker Nino Burcanadze bəyan edib ki, aksiya heç bir halda dayandırılmayacaq. O, xəbərdarlıq edib ki, əgər hakimiyyət nümayişçiləri zorla dağıtmaq göstərişi versə, müxalifətçilər yalın əllə müqavimət göstərəcəklər. “Sona qədər dayanmağa hazırıq. Hətta, zorakılıq hərəkətləri olsa belə. Biz boş əllə müqavimət göstərəcəyik”, - Nino Burcanadze bildirib.
01.40
Tiflisdə polis əməkdaşları parlamentin binası qarşısına toplaşan nümayişçiləri dağıtmağa başlayıb. BBC-nin hadisə yerindəki müxbirinin məlumatına görə, polis dəstələri bir ençə istiqamətdən aksiya iştirakçılarını sıxışdırmağa başlayıb.
Müxalifətçilər isə barrikadalar qurublar. Onların əllərində taxtalar, bayraq və plakatların ağacları var.
Qeyd edək ki, müxalifət Gürcüstanın Müstəqillik Günü münasibətilə bu gün keçirilməli olan parada imkan verməmək niyyətindədir.
//Ans Press