Toy günü özünü öldürən qızın son sözü

Toy günü özünü öldürən qızın son sözü
Bütün Xəbərlər
23:04 09.02.2016
20029

Əfsələddin Ağalarov - “Yas” hekayəsi

Şəkilə baxıb pulsuz araqdan olduğu üçün dilinin altında deyinən qoca mağarda girişə yaxın oturub çaydan qurtuldadırdı. Bu kəndin yas yeri həmişə belə qonaqlı-qaralı olur.

Mollanın “camaət mərhumənin ruhuna bir salavat zikr edək!” hökmündən sonra diksinib sağ əli ilə üzünə sığal çəkdi. Yanındakı qapıbir qonşusu təzə girişdəki pərdəni aralayıb içəri keçdi. Üzünü yana çevirib, özünü görməməzliyə vurmaq istəsə də, gecikmişdi. Orta yaşlı, dazbaş bir kişi gəlib elə yanındaca özünə yer elədi. Kabab iyi gəlirdi üstündən. Lülənin üstündəki qurumuş yağ qoxusu ilə arağın bir-birinə mədədə qarışmış qoxusu ürəyini bulandırmışdı.  İçəri girən kimi arağın iyi ətrafı bürüdü.

O da qonşusunun iyi burnuna dəyən kimi üzünü turşutdu. Hə, axı Muxtar elə cavanlığından yeyib-içən oğlan idi. Üstündən belə qoxunun gəlməsi təəccüblü deyildi. Yəqin evə dəyib gəlmiş olar. Bu vaxtı içibsə arvadın bir dişini salmasa rahatlamaz. Əli də ağırdı dəyyusun. Bir dəfə kəndin çayxanasında tutaşmışdılar. Hələ “poxmeldə” ola-ola yaxşıca bir şapalaq vurmuşdu üzünə. Axırıncı dəfə oğlunun toyunda arxadan gizlincı hərlənib elə bir cəld hərəkətlə vurduğu yeri möhkəmcə marçıldatmışdı. Arxaya dönüb söymək istəsə də, Muxtar boynunu qucaqlayıb üzür istəmişdi. Elə ordaca barışmışdılar. Bəs, görəsən niyə bu gün içib? Axı bu yas həm də onundur.

- Hə,Muxtar, mən də arvada səhərdən tapşırıq vermişdim ki, Balaxanıdan aldığım o qara kostyumu, o təzə urbaşka ilə ütüləsin. Dedim qardaşoğlunun toyuna geyinim. Fikirləşdim ki, axşam gələrəm toyda oturarıq səninlə, istirahət edərik. Elə yolda ağzı qurumuş yığdı ki, bəs hadisə baş verib.

- Qonşu, sən mənə zəng vurdun ha, bax onda mən, – qutudan çıxartdığı siqareti yandırdı, – hə, onu deyirdim axı, sən məni yığanda o biri arvadın yanındaydım. Gecə orada qalmışdım. Səhər köpəyoğlu təzə aldığı maşınını bəzədib gələciydi həyətə. Arvadlar da gecədən bizdə idilər. Durdum əynimi dəyişib gəldim evə. Elə təzə girmişdim içəri ki, hay-haray qopdu. Mən elə əzəldən bilirdim bu qoxları kəsilmişləri. Çox dedim gəlin gedək kişi qapısına. Məni nakişiylə otuzdurmayın süfrədə. Arvaddar beynimi yedilər. Uşağın da ürəyincə idi. Gəldim bu kasıbların daxmasına ki, əlləri kişi əlinə dəysin. Bilirdim bu gəzəyəndi. Yəqin özü başa düşüb nə hoqqalardan çıxdığını, içib zəhrimarı.

Sonsuzluğa qovuşan qızın xalçanın üstündəki qara haşiyəli şəkli onları izləyirdi. Bəlkə də duyur, bəlkə də sadəcə baxır, bəlkə də danışırdı:

"Ölümümdən sonra nə dəyişdi görən? Səbəbsiz ölüm yoxdur hər halda. Görəsən bir də dirilib yanına getsəm və ona “salam, Muxtar əmi” desəm, yenə mənə “əleyküm salam, qızım” deyəcəkmi? Bəlkə də namussuzluq etdiyim üçün özümü öldürdüyümü zənn edir. Axı mənə qızım deyirdi? Necə inana bilər buna? Bizə gəlib oğlu üçün üstümə ad qoymuşdu. Heç bilmədim necə oldu. Neçə gündür atamla həyətdə kabab çəkirdilər, yeyib-içirdilər. Axı o başlatmışdı bu işi..."

- Qonşu, incisən də deyəcəm. Sənin arvadıngil tərəfdə belə şeylər çox olub. Düzdü, bizimkilər də heç geri qalmırlar, bir yaralı barmağa zad edən deyillər.

Muxtarın elə bil ürəyindən xəbər vermişdi. Sözünü qutarmağa macal verməmiş götürüldü:

- Başıva dönüm, ürəyimə su səpdin. Bu qırılmışın nəslində o qədər özünü kəsib-doğrayanlar olub ki. Bu qızın xalası da, yadındadı, atdı özünü maşının altına. Cavan qardaşları getdi Moskvada qız dalına düşdü, axırda bıçağı vurub içalatın tökdülər çölə. Hərə birin alır, ay qonşu. Mən də gəldim bu parabeyinlərin içinə düşdüm. Bu qız da gəzirdi. Dedim dədəsinə, gördüm inciyir, üstümə şığıyır. Dedim get, o sən o da sənin çöldə qalan qızın. Mənim mağmın oğlum da eşitmədi məni. Dedi dinmə, danışma.

Sonsuzluğa qovuşan qızın xalçanın üstündəki qara haşiyəli şəkli hələdə danışırdı:

"Görəsən Muxtar əmi, doğrudan, belə düşünür? Axı mən gəzmirdim, mən dərsə gedirdim. Düzdü, sinifdəki Nurlanın məndən xoşu gəlirdi. Amma ona da demişdim ki, anam bilsə məni kəsər. O da heç nə demədi. Çox mədəni oğlandı Nurlan. Yaxşı da şeir deyə bilir. Mənə axırıncı dəfə Ramiz Rövşənin şeirini oxudu. Hardasa internetdən tapmışdı. Nəsə çox gözəl şeir idi. Həm də kənd yeridi, mən elə şey eləmərəm axı? Nurlana da dedim, o da başa düşdü məni. Axı mən həm də oxumaq istəyirdim. Muxtar əmi mənə dedi ki..."

- Sənə dedim ki, gəl oğluva bizim yeznənin qızını alaq. Eşitmədin, ay Muxtar.

Mağarın girişindəki pərdə aralanır. İcra başçısı və yerli nümayəndə içəri keçib kənd camaatı ilə bir-bir salamlaşır. Həmin gün bütün saytlar bu intihardan yazmışdı. Mətbuat da onun üstünə yaman gedirdi. Bu hadisə heç yaxşı olmadı, bütün ölkənin gözü indi rayonda idi. “Görəsən bu qədər diqqətə gələndən sonra məni tərpətməzlər?” qorxusu ilə yaşayırdı o günü.

Muxtar onu görən kimi yerindən sıçrayıb başçının əlini sıxır. Əli ilə “a gədə, orda yaxşı yer edin” deyib başçıya baxıb gülümsəyir. Başçı Muxtarı yaxşı tanıyırdı. İcra nümayəndəsi kimi baş kəsənliyi ilə ad qazanmışdı. Kənddə istədəyini edir, sözünə qulaq asmayanları öz üsulu ilə cəzalandırırdı. Amma öhdəliklərini də yerinə yetirirdi. Ayın sonu icraya gəlib konverti aşağı qoyurdu. Hər ay vaxtı-vaxtında lazım olanı gətirirdi. Amma bu hadisənin səbəbkarlarından biri də o idi. Ona görə onun bu isti münasibətinə soyuq məmur baxışları ilə cavab verir. Onun əsəbi olduğunu başa düşən Muxtar sakitcə yerinə oturur.

- Hə, nə deyirdin, qonşu? Yadıma düşdü, onu deyirdim axı, uşağın könlü istədi. Köpəyoğluna qız qəhət idi? 35 yaşı oldu, dedi, ata o kənddəki qızı al mənə. Bəlkə əlli dəfə Tomskdan yığıb. Gəldi bu qız da parabeyin çıxdı. Özü də qız da bunu istəyirdi. Zornan indiki zamanədə qız almaq olar, ay qonşu? Özü neçə dəfə deyib ki, mənim Tahir üçün ürəyim gedir...

Sonsuzluğa qovuşan qızın xalçanın üstündəki qara haşiyəli şəkli yenə dilləndi:

"Yox, yox, yalan deyir. Mən istəmədim. Tanımıram mən onu, axı o məndən 20 yaş böyükdü. Mən onu görməmişəm heç. Anam dedi ki, elçi gəliblər, atan da səni verdi. Mən axı ağladım, dedim istəmirəm. Oxumalıyam mən, böyük qız olmalıyam sonra... Dedim axı mən... Məni onlar məcbur etdi!!"

Ayaqyolundan təzəcə qayıdan molla yumşaq yerini möhkəmcə oturacağa qoydu. Oturacağın kürəyi zərblə xalçaya çırpılıb şəkli masanın üstünə saldı. Şəkil az qala kişinin başına düşəcəkdi, amma cəld tərpəndi, özünü yana çəkdi. Qonaqlara qulluq edən kənd uşaqlarından biri “padnusu” atıb tez şəkli masanın üstündən götürdü.

Molla, “Nurlan oğlum, onu götür möhkəm vur yuxarı” deyib yerinə oturdu. Məktəbli kirimişcə ayağının altına stul çəkib şəklin arxasını xalçanın üstündəki mıxa keçirdi.

- Hə, camaət, mərhumənin ruhuna bir salavat zikr edək! Hamı əli ilə üzünə sığal çəkdi. Molla sözünə davam etdi: “Uzaqdan-yaxından gələnlərə xəbər edin mərhumənin qırxı ayın 3-cü cümə günündə elə bu məkanda olacaq. Allah rəhmət eləsin!..

P.S. Rəsmi statistikaya görə, Azərbaycanda 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə 71, 2014-cü ildə 50, 2015-ci ilin ilk üç ayı ərzində 20-yə yaxın azyaşlı intihar edib. Bunların böyük əksəriyyəti yetkinlik yaşına çatmayan qızlardır. Araşdırmalar göstərir ki, azyaşlı qızların intihar etməsinin ən böyük səbəbi ailə basqıları və erkən nigahlardır.

OXŞAR XƏBƏRLƏR