Tramp: Müharibə bitəcək, neft ucuzlaşacaq

Tramp: Müharibə bitəcək, neft ucuzlaşacaq
DÜNYA
18:37 03.10.2026
205
ABŞ Prezidenti Donald Tramp İranın hərbi və iqtisadi cəhətdən ağır zərbə aldığını bildirərək müharibənin noyabrın 3-də keçiriləcək Birləşmiş Ştatlardakı aralıq seçkilərindən dərhal sonra bitəcəyini bəyan edib.

O, hərbi əməliyyatların yekunlaşması ilə qlobal bazarlarda neft qiymətlərinin kəskin düşəcəyini vurğulayıb.

Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandıran Tramp İranın hərbi və iqtisadi infrastrukturuna ciddi ziyan vurulduğunu da qeyd edib:

"Artıq onların nə hərbi dəniz, nə də hərbi hava qüvvələri qalıb. Radar və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. İqtisadiyyatları tamamilə çöküb, inflyasiya göstəricisi isə 310 faizə çatıb”.

Rəsmi Tehranın rəhbərliyini "Yaxın Şərqin zalımı” adlandıran Tramp İrana qarşı mübarizənin yalnız Vaşinqtonun öhdəliyində olmamalı olduğunu diqqətə çatdırıb. İranın dəymiş ziyanı bərpa etməsinin uzun illər tələb edəcəyini deyən Ağ Ev rəhbəri sabiq prezidentlər Barak Obama və Co Bayden administrasiyalarının xarici siyasətini də kəskin tənqid edib: "Nüvə böhranını həll etmədən Tehrana milyardlarla dollar rüşvət və ixrac verdilər. Bizim rəhbərliyimiz bu cür səhvlərin təkrar olunmasına imkan verməyəcək”.

İran rəhbərliyində dialoq qurmağa şəxs tapılmadığını iddia edən Tramp əlavə edib: "Liderlərini, daha sonra isə digər idarəedici qrupları itirdilər.

Hətta prezident seçkisi təşkil edəndə belə prosesə qatılan olmadı. İndi ən böyük problemimiz orada kiminlə danışacağımızı bilməməyimizdir. Qapını döyürük, amma evdə heç kim yoxdur”. Tramp hərbi əməliyyatların başa çatmasının qlobal iqtisadiyyatda dalğalanmaları azaldacağını bildirib. O, yanacaq qiymətlərindəki artıma toxunaraq amerikalı seçicilərə müraciət edib: "Hazırda müəyyən bədəl ödəyirsiniz, lakin bu məbləğ həmin dairələrin nüvə silahı əldə edib istifadə edəcəyi təqdirdə ödəniləcək bədəldən müqayisəolunmaz dərəcədə azdır. Seçkilərdən dərhal sonra müharibə bitəcək və neft qiymətləri sürətlə aşağı düşəcək”.
 
///sfera.az///
OXŞAR XƏBƏRLƏR