Tramp Vens və Rubionun prezidentlik yarışındakı şanslarını azaldır

Tramp Vens və Rubionun prezidentlik yarışındakı şanslarını azaldır
DÜNYA
16:45 28.11.2026
48

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio Prezident Donald Trampın mümkün varisləri arasında Respublikaçılar Partiyasında ən yüksək şanslara malik şəxslər hesab olunurlar. Dövlətin ikinci şəxsi və baş diplomatı vəzifələri onlara aşkar siyasi üstünlüklər qazandırıb. Amma Tramp prezidentlik müddətinin son iki ilinə yaxınlaşdıqca, komandasında yer almağın mənfi tərəfləri getdikcə daha aydın görünür.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Axios” yazıb.

Vens və Rubio son həftələrdə ictimaiyyət qarşısında Trampın komandasında olmağın xoşagəlməz nəticələri ilə üzləşməli olub.

Tramp aralıq seçkilərindən sonra Respublikaçıların məğlubiyyətini İranla müharibə ilə əlaqələndirən Vensin tənqidindən narazı qalıb.

Vitse-prezident ötən həftə "Müharibə Respublikaçılar Partiyasının üzləşdiyi seçki itkilərinə dəyərdimi?” sualına birbaşa cavab verməkdən yayınıb:

"Hesab edirəm ki, qərarları prezident verir və prezident bu addımı yenidən atacağını bildirib. Mənim vəzifəm isə ABŞ prezidentinə dəstək olmaqdır”.

Jurnalistlər Rubioya "Nvidia” şirkətinin rəhbəri və baş icraçı direktoru Censen Huanqın vəzifəsinə qaytarılması ilə bağlı sual ünvanlayanda dövlət katibi arxasını çevirərək oradan uzaqlaşıb.

"Axios” qeyd edir ki, İranla müharibə və "Nvidia” ətrafındakı vəziyyətlə bağlı məsələlərdə Vens və Rubio əks mövqelərdədir:

"İran məsələsinə gəlincə, Vens müharibənin başlanmasının əleyhinə çıxış eləsə də, bu mübahisədə uduzdu. Rubio isə prezidentin zərbə endirmək qərarının ən qətiyyətli müdafiəçilərindən biri olub və belə də qalır. Əgər o, 2028-ci ildə prezidentliyə namizəd olmaq qərarına gəlsə və müharibə indiki kimi qeyri-populyar olaraq qalsa, bu, onun üçün problem yarada bilər”.

"Nvidia” məsələsində isə Vens Rubionun Trampı bu addımdan çəkindirməyə çalışdığı barədə məlumatlara baxmayaraq, Huanqın vəzifəsinə qaytarılmasına nail olmaqda prezidentə kömək edib.

Bununla yanaşı, nə Vens, nə də Rubio hələlik 2028-ci ildə prezidentliyə namizəd olmaq niyyətlərini açıqlayıb. Halbuki Vensin namizədliyi çoxdan gözlənilir. O, bu barədə qərarını Yeni ildən sonra, hətta ola bilsin, yazın sonlarına yaxın verəcəyini bildirib.

Rubio isə Vens namizədliyini irəli sürəcəyi təqdirdə özü prezidentliyə namizəd olmayacağına işarə edib.

OXŞAR XƏBƏRLƏR