“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Biləsuvar şəhərində baş tutub. Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatında keçirilən tədbir “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı videoçarxın nümayişi ilə başlayıb.
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov tədbiri açaraq, hər bir gəncin narkomaniya ilə mübarizədə fəallıq göstərməli olduğunu deyib. İdarə rəisi bildirib ki, biləsuvarlı gənclər ölkədə hökm sürən sağlam mənəvi mühitin qorunmasında həmişə yaxından iştirak ediblər.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov tədbir iştirakçılarına əvvəlcə layihə barədə məlumat verib. Qeyd edib ki, layihənin məqsədi maarifləndirmə işi aparmaqla yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqdır. Ç.Bayramov deyib ki, layihənin icrası zamanı Bakı şəhəri ilə yanaşı, həm də Tovuz və Qazax rayonlarında yaşayan gənclərlə görüşərək, onlarla maarifləndirmə işi aparıblar.
Natiq vurğulayıb ki, narkomaniyaya qarşı mübarizə dövlət qurumları ilə yanaşı, həm də cəmiyyətin vəzifəsidir. Ç.Bayramovun sözlərinə görə, mövcud problemin aradan qaldırılmasında gənclərlə davamlı təmasda olan gənclər təşkilatlarının üzərinə daha böyük məsuliyyət düşür.
Biləsuvar rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ləman Yüzbaşova dövlət səviyyəsində narkomaniya əleyhinə aparılan mübarizəni yüksək qiymətləndirib. L.Yüzbaşova deyib ki, vətəndaş cəmiyyəti institutlarının bu prosesdə iştirakı nəticənin effektivliyini daha da artırır. İcra Hakimiyyətinin əməkdaşı narkomaniya ilə mübarizədə QHT-lərlə əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini deyib.
TUMİB İdarə Heyətinin üzvü Cabir Dövlətzadə narkomaniyanın hazırda bəşəriyyəti ən çox narahat edən problemlərdən biri olduğunu deyib. C.Dövlətzadə qeyd edib ki, yeniyetmə və gənclərimizin narkotik maddələrdən asılı vəziyyətə düşməməsi üçün onlar arasında maarifləndirmə işini gücləndirməyə ehtiyac var. Natiq tədbir iştirakçılarını bu prosesdə aktiv iştirak etməyə səsləyib.
Ulu öndər Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuş TUMİB üzvü Cabir Murtuzov gəncləri sağlam həyat tərzi keçirməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırıb. C.Murtuzov əmin olduğunu bildirib ki, gənclərimiz sağlam həyat tərzi keçirməklə öz enerjilərini ikiqat artıra, bununla da cəmiyyətə daha çox fayda verə bilərlər.
TUMİB üzvü Zahir Bəbirzadə gənclər təşkilatlarının cəmiyyətin həyatındakı rolundan danışıb. Z.Bəbirzadə TUMİB-in həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək qiymətləndirərək, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə narkomaniyanın girdabına düşən gənclərin təkcə ailə üzvlərinə və yaxınlarına deyil, həm də cəmiyyətə ağır zərbə vurduqlarını deyib. S.Novruzzadə bildirib ki, cəmiyyəti gələcək bəlalardan sığortalamaq üçün bu cür mənfi hallara qarşı vaxtında və effektiv mübarizə aparmaq lazımdır.