Turan İbrahimov: "Ceyhun Osmanlı ilə aramızda heç bir problem yoxdur"

Bütün Xəbərlər
17:47 31.03.2011
1737

Sosial şəbəkələrdə onun fikirləri ilə bağlı qızğın müzakirələr gedir. T.İbrahimovun dəstəkçiləri çox az, ona qarşı olanlar isə çoxluq təşkil edir. Onunla söhbətimizdə mövqeyinə aydınlıq gətirməyə çalışdıq. 


- Ceyhun Osmanlı ilə arasında bölüşə bilməyəcəyiniz nə var?

- Ceyhun Osmanlı ilə aramızda heç bir problem yoxdur. Bu süni şəkildə yaradılıb və ya bunu problem kimi ortaya qoymaq istəyirlər. Bunu jurnalistlər edir, ancaq heç bir əsası yoxdur. Münasibət salam-sağol çərçivəsindədir. Xüsusi dostluq münasibətimiz yoxdur. 

- Ancaq Ceyhun Osmanlı irəli sürdüyünüz ideyaya qarşı çıxmışdı...

- Xeyr! Bu yanlış məlumatdır. Ola bilsin ki, haradasa nəsə deyib. Amma belə bir rəsmi mövqeyinə mən rast gəlməmişəm. Bu yalandan başqa bir şey deyil.

- Facebook.com saytında sizin köşələriniz qoyulub bəzi fikirlərinizə görə tənqid və təhqir olunursunuz. Bu haqda məlumatınız varmı?

- Açığı, mənim hər şey haqqında məlumatım var. Əgər bir insan mövqeyini ortaya qoyursa, ictimai rəyə təqdim edirsə bu zaman müzakirələrin aparılması normaldır. O ki, qaldı kimlərinsə məni tənqid etməsin, ortada mövqe var. Əks mövqelər də normal qarşılanmalıdır. Qeyri-sağlam müzakirələr isə tamam ayrı məsələdir və insanların ağzı torba deyil ki, yumasan. Hərə öz səviyyəsini göstərir.

- Hansı səbəblərdən 2 aprel mitinqinin əleyhinə çıxırsınız və onun təşkilatçılarını ittiham edirsiniz?

- İttiham etmirəm. Müxalifətçilərin mitinq keçirməsi müxalifətin təbiətindən gələn şeydir və bu, normaldır. Aprelin 2-də keçiriləcək mitinqə ona görə, etirazımı bildirirəm ki, müxalifət xalq tərəfindən dəstəklənmədiyi bir məqamda ərəb ölkələrində baş verən hadisələri süni şəkildə bura ixrac etmək, qarışıqlıq salmaq, bununla siyasi dividentlər əldə etmək istəyir. Azərbaycanın bu günündə, Qarabağ probleminin olduğu, Rusiyanın, Qərbin Azərbaycana iddiasının olduğu bir vaxtda ixtişaşlar yaratmaq təhlükəsizlik, müstəqillik üçün xoşa gəlməyən hadisələrə gətirib çıxara bilər. Mən də, ortaya mövqeyimi qoyuram ki, imitasiya xətrinə inqilab mitinqləri bizə lazım deyil.

- Turan bəy, bilirsinizmi ki, mitinq keçirmək istəyənlər bu ölkənin müstəqilliyi uğrunda mübarizə aparanlar, müstəqillik aktını yazanlar, onun altından imza atan şəxslərdir?

- Mən sizinlə razıyam.

- O zaman onların müstəqilliyimizə zərbə vurması haqda fikir nə qədər məntiqli yanaşmadır?

- İnsanların qəlbini, addımlarını, niyyətlərini ölçən cihaz yoxdur. Amma insanların öz əməlləri və addımlarına görə, tərifləmək, eləcə də mühakimə etmək mümkündür. Mən o insanların keçmişləri ilə bağlı heç nə demirəm. Sadəcə Azərbaycanda ərəb ölkələrində baş verən hadisələrin olması və bunun nəticəsində regionda ölkəmizi istəməyən qüvvələrin yaranan şəraitdən istifadə etməsinə yol vermək olmaz. Mən bunu deyirəm.

- Siz müxalifətin xalq içərisində dayağı yoxdur deyirsiniz. Bəs xalq içərisində nüfuzu, sosial dayağı olmayan bir müxalifət ortaya çıxıb problem yarada bilərmi, əgər yarada bilərsə bu xalqın müxalifəti dəstəklədiyi anlamına gəlmirmi?

- Mən sizin sualınızı yerində qəbul edirəm. Amma insan xisləti narazılığa və etiraz etməyə meyllidir. Dünya tarixi göstərir ki, hər şeydən razı olan insan toplumunu təxribatlar, manipulyasiyalar vasitəsilə xalqın özünün öz başına problemlər açması səviyyəsinə çatdırmaq mümkündür. Bu saat dini radikal qüvvələrə imkan versələr onlar elə şərait yaradarlar ki, Azərbaycan əhalisinin 95 faizi dünyəvi savadlı olmasına baxmayaraq başqa rejim olsun. Bunu başa düşürmürsünüz?

- Niyə bizdə kim doğrunu deyirsə və yazırsa onu harasa bağlayırlar?

- Bilirsiniz necədir, hər bir şeyə nəticələrdən çıxış edərək qiymət verilir. Bu gün bir çoxları etiraf edirlər ki, Liviyaya münasibətdə atılan addımlar Liviya xalqının azadlığına deyil, bu ölkənin işğalına görə edilir. Dünyanın hər yerindən Liviyaya işləməyə gəlirdilər, xalq pis yaşamırdı. Ancaq bir qrupu ayağa qaldıraraq manipulyasiyalar edərək Liviyanı işğal edirlərsə, deməli bu prosesin arxasında kimlərsə dururlar.

- 42 il hakimiyyətdə olan diktator Qəddafi 10 minə yaxın insanın qətlinə səbəb olub, Əsədlər sülaləsi də neçə illərdir Suriyanı idarə edir. Hər şey yaxşı yaşamaqla bağlı deyil, insanlar həm də yenilik istəyirlər, monarxiya altında yaşamaq istəmirlər…

- Szinlə tamamilə razıyam. Mən ümumiyyətlə Qəddafinin müsbət biri olduğunu demirəm, Hafiz Əsədin 25 min adamı qətlə yetirdiyinin fərqindəyəm. Demək istədiyim başqa şeylərdir. Xalqları manipulyasiyaya çəkməklə imperalizmin maraqları təmin etmələrini deyirəm. Dəyişikliklər isə təbii yolla ola bilər. Suyun bir yerdə çox qalanda iyləndiyini heç kim inkar eləmir.

- Ancaq tarix göstərir ki, diktatorlar yalnız belə dalğalar nəticəsində hakimiyyətlərdən gedir, onların heç biri öz xoşu ilə çəkilmir...

- Yaxın Şərqdə, Avropada diktatorlar olub ki, təbii yolla, xalqın iradəsi ilə dəyişib. Bir var təbii təkamüllər, inqilablar, birdə var manipulyasiyalar. Təəssüflər olsun ki, demokratiya anlayışını bəlli ölkələr öz maraqları konteksində yozurlar. Birinci sinfin uşağına 11-ci sinfin materiallarını öyrətmək olmaz. Siz deyirsiniz ki, diktatorlar siyasi islahatlara getmirlər. Sadəcə olaraq dəyişiklik təbii yolla olmalıdır. Sadəcə olaraq qərbdə hesab edirlər ki, artıq orada oxuyan ərəb tələbələrinin vaxtı gəlib çatıb, bu ölkələri onlarla idarə etmək daha yaxşı olar. Bu bizim kimi millətləri və dövlətləri üçüncü dünya dövləti kimi saxlamaqdan başqa bir şey deyil.

- Siyasi mənsubiyyətiniz varmı?

- Heç bir partiyanın üzvü olmasam da, etiraf edim ki, Heydər Əliyev siyasi kursunun tərəfdarıyam. YAP-ın rəsmi üzvü olmasam da, aktiv tərəfdarıyam.

- YAP-a üzv olmaq haqqında düşünürsünüzmü?

- Mənim YAP-ın üzvü olmağım problemli bir şey deyil. Mövqeyimi, siyasi baxışımı ortaya qoyuram.

- Fikirlərinizlə deputat Etibar Hüseynovun, Siyavuş Novruzovun fikirləri arasında ciddi fərqlər yoxdur...

- Bu göstərir ki, ağılın yolu birdir.

mənbə : “Bizim yol” qəzeti
Nemət Hüseynli

 

OXŞAR XƏBƏRLƏR