"Turan İbrahimov və onun kimi düşünənlər bir qızcığaza hücum etməklə, onu qaralamaqla məşğuldur"

"Turan İbrahimov və onun kimi düşünənlər bir qızcığaza hücum etməklə, onu qaralamaqla məşğuldur"
KÖŞƏ
09:14 03.08.2011
2709
Yaşıl rəngə qarşı bu ögey münasibəti Azərbaycanda ilk dəfə radikal islamdan ehtiyat edən liberallar ortaya atıb. O zamandan bəri bayrağın yaşıl rəngi üst tərəfdə tutulanda aləm bir-birinə dəyir, ölkə qarışır. Xüsusilə bunu hansısa məşhur azərbaycanlı edəndə vəziyyət daha da kritik olur. Bildi-bilmədi hamı danışır, fikir bildirir, təhqir edir, hədələyir…

Bəs bu yaşıl rəngin günahı nədir? Bayrağa öz-özünə gəlib düşməyib ki. Bu ölkəni quranlar, yaradanlar, sevənlər o rəngin bayraqda olmasını istəyiblər. Əgər onların bayraqda əks elətdirdikləri mavi, qırmızı rəng müqəddəsdirsə, yaşıl rəng də müqəddəsdir. Bayraq bütövlükdə müqəddəs olur, yarımçıq müqəddəs bayraq olmur. Əgər bunu bilmədən danışan varsa, vətənpərvər kimi görünmək istəyən varsa, getsin bir-iki kitab oxusun, maariflənsin, ən azından gülünc görsənməsin. Yox, əgər islamı simvolizə edən rəngin dövlətinin bayrağında olmasını istəməyən varsa, referendum tələb etsin, bayrağın dəyişməsini istəsin. Bu, vətəndaşın hüquqlarından biridir. Daha bu qədər həngaməyə nə gərək var ki?..

Aynişan Quliyeva adlı bir gənc müğənni bayrağın yaşıl rəngini üst tərəfdə tutub deyə, ölkə bir-birinə dəyib. Ona qarşı anti-kampaniyanı şou biznesin keçmiş ulduz aparıcısı, hal-hazırda jurnalistikada, siyasətdə iddialı görünmək üçün əlindən gələn və gəlməyən hər şeyə əl atan Turan İbrahimov aparır. Əslində belə bayağı söhbətlərə baş qoşmamaq da olardı, amma Turanın sosial şəbəkələrdə, mətbuatda gedən yazıları bu yazını işləməyə məni sövq etdi.

Turan İbrahimov günahlandırır: ermənilərlə birgə sülhməramlı seminarlara qatılanlar azərbaycanlı deyil – ermənidir, bayrağın yaşıl rəngini üst tərəfdə tutanlar satqındırlar, filandırlar, beşməkandırlar, əgər şəkil çəkəndə fotoda hansısa bir erməninin qulağı, burnu, başı, bədəninin yarısı, üçdə iki hissəsi və ya bütöv düşübsə, deməli o adam şərəfsizdir.

Əcəb məntiqdir, nə deyəsən…

Bu ibtidailik, orta əsr təfəkkürü qoxuyan söhbətlər artıq hamını bezdirib, iyrəndirib, ona görə bu yazını yazmağa qərar verdim…

ERMƏNİ MƏSƏLƏSİ

Ermənistan prezidenti Serj Sərkisyan bu yaxınlarda erməni gəncliyinə müraciətində “Qarabağı bizim nəslimiz aldı, Ağrını da sizin nəsliniz alsın” deyə müraciət etdi. Təbii, məsuliyyətsizlik, kin, niftət qoxuyan bu bəyanata sərt təpkilər gəldi. Amma Sərkisyana ən gözəl cavabı Türkiyənin “Hürriyət” qəzetinin yazarı Yılmaz Özdil verdi, ortaya ciddi yazı, intellekt qoydu. Vətənşüvənlik pafosu püskürənlər fasilə verib “Mənim Nəslim” adlı bu yazını oxusalar, çox şey qazanarlar.

Millətlər də insanlar kimidirlər, kinlə, nifrətlə böyüyən insan həyatdan nə qədər geri düşərsə, kinlə nifrətlə yaşayan millət də o qədər geri düşər. Erməni prezident öz əliylə bütöv bir nəsli qaranlıq bir quyunun dibinə atır. Əgər türklər, azərbaycanlılar onlara qarşı pislik edən ermənilərə bütün hallarda yenidən qucaq açıbsa, bu onların böyüklüyünü göstərir, bağışlamaq hər zaman böyüklükdür. Yılmaz Özdilin məqaləsində məhz bunlar vurğulanır.

Əgər erməni Xocalıda uşaq başı kəsibsə, qadınları təhqir edibsə, süngüləyibsə və sən də öz millətindən bunu tələb edirsənsə, bəs onda, o dediyin “erməni”dən fərqin nədir? Erməni öz uşağını kinlə, nifrətlə böyüdürsə, sən də böyüdürsənsə, dediyin erməni ilə aranda nə fərq qalır?

ERMƏNİ İLƏ ŞƏKİL ÇƏKDİRMƏK

Azərbaycan dövlət rəsmilərinin problemləri həll etmək, müzakirə etmək üçün həmkarlarıyla görüşməsi nə qədər normaldırsa, Azərbaycanın fəal gənclərinin də problemləri müzakirə, həl etmək üçün erməni gəncləriylə görüşməsi, şəkil çəkdirməsi o qədər normaldır.

Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli kimi mədəniyyət xadimlərinin Qarabağa səfər etməsi, ermənilərlə söhbətləşməsi, mədəniyyət adamlarıyla görüşməsi, şəkil çəkdirməsi nə qədər normaldırsa, gənc azərbaycanlı fəalların, mədəniyyət adamlarının da ermənilərlə tədbirlərdə görüşməsi, şəkil çəkdirməsi o qədər normaldır. Bu vətənə xəyanət demək deyil. Heç bir problem müzakirəsiz həll edilmir, hətta müharibəylə belə…

Qadağandırsa, hamıya qadağan edilməlidir. Güclülərə rəva görülürsə, zəiflərə də rəva görülməlidir. Əksini iddia edirsənsə, güclülərə söz deməyə cəsarətin çatmayıb, zəif qarşısında şirə dönürsənsə, onda sən ədalətsizsən, qərəzlisən, cəsarətsizsən, millətçiliyin qanadları arxasına saxtakarcasına sığınmısan…

PROBLEM

Ölkədə problem yetərincədir. Sosial problemlər, kriminallaşma, bərbad təhsil, mükəməllikdən uzaq siyasi sistem… Gənclər, uşaqlar intihar edir, televiziya kanallarında ancaq şou göstərilir, maarifçilik sıfır səviyyəsindədir və s…

Amma bütün bunların yanında Turan İbrahimov və onun kimi düşünənlər bir qızcığaza hücum etməklə, onu qaralamaqla məşğuldurlar. O qızı millətin gözündən salmaq üçün, özlərinə karyera pilləsi düzəltmək üçün dəridən-qabıqdan çıxırlar. Boş, mənasız diskussiylar, mövzular açırlar.

Bir adamı dışlamaqdan, daşlamaqdan, günahlandırmaqdan öncə, o adamla danışmaq, düzgün yola dəvət etmək, maarifləndirmək lazımdır. Səhv edibsə də, əl-qolunu bağlayaraq onu kor quyunun dibinə atmaq sənin “ədalət”indən xəbər verir…

Halbuki ölkədə sonsuz sayda problem var, icazə verilməyən mövzuya girişməyə gücün çatmırsa, icazəlisini et. Məsələn, Misir Mərdanov, Hacıbala Abutalıbov kimi rəsmiləri tənqid etmək icazəlidir. Onları tənqid et. Mövzu yetərincədir.

Bu günlərdə dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlanıb. Siyahıya Azərbaycandan bir, Ermənistandan isə 4-5 universitet daxil edilib. Bundan yaz, haqq-hesab tələb et. Ermənistanda ABŞ-ın, Avropanın nüfuzlu universitetlərinin filialları var, erməni gənclər Ermənistanda oxumaqla ABŞ-ın, Avropanın məşhur universitetlərinin diplomlarını əldə edirlər. Onlara bu şansı erməni diasporu yaradır. Dünyanın istənilən mətbuat quruluşunda, təşkilatında, mədəniyyət ocağında erməniyə rast gəlmək mümkündür. Diaspora erməni gənclərini irəli çəkir. Ona görə biz daima informasiya müharibəsində ermənilərə uduzuruq.

Bəs bizim diaspora nə işlə məşğuldur? Azərbaycan varlı ölkə sayılır, xaricdə kifayət qədər imkanlı azərbaycanlılar yaşayır.

Azərbaycan diasporunu tənqid et. Niyə Azərbaycan diasporunun əksər üzvlərinin işi yalnızca yaltaqlanmaq üçün sıraya durmaqdan, bayramlarda, tədbirlərdə Firudin Allhverdinin təbirincə desəm, şəkərbura, paxlava yeyib dağılışmaqdan ibarətdir?

Ölkədəki sonsuz saydakı problemlərin qarşısına sonsuz sayda “niyə” sualı qoymaq, hesabat tələb etmək olar.

Gör nə qədər problem var. Məgər bu ölkənin ən böyük problemi Aynişan, bayrağın yaşıl rənginin üst tərəfdə tutulması, hansısa erməninin şəklə düşməsidir?

Problem başqa şeydədir.

Problem cəsarətsizlikdə, karyera pilləsi üçün istənilən addımı atmağı özünə rəva görməkdə, iy verən mağara təfəkküründədir.

Yoxsa ucuz mövzulardan yapışıb ucuzluğa getməyi heç kim özünə yaraşdırmaz…

P.S. Bu yazı Turan İbrahimova cavab məqsədi daşımır. Bu yazı qramofonluğa, kütlə təfəkkürünə, orta əsr düşüncə tərzinə, kinə, nifrətə, güclülər qarşısında boynu bükük, zəiflər qarşısında şirə dönənlərə qarşı yazılıb…


Cavid Ramazanov, ann.az
OXŞAR XƏBƏRLƏR