Novruz bayramı münasibətilə verilən tətil günlərini dəyərləndirmək qərarına gəlmişdim. Əlimdəki fürsətdən istifadə edib "Yanardağ – Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu”na üz tutdum. Amma elə bil kainat mənim bu gün bura gələcəyimdən xəbər tutmuşdu və indi bəxtimdən ətrafda təkcə 1 turist avtobusu görürdüm. Bu tarixi qoruğun həyətinə giriş edəndə bilet alacağım istiqaməti tapmırdım. Heç mən soruşmamış qoruğun həyətindəki bir maşın sürücüsü istiqaməti mənə başa saldı. Deyəsən, sürücü bədən dili haqda çox axtarış edib, axı. Çünki mənim giriş yerini axtarmağım barədə çaşqınlığımı onun qədər tez müşahidə edən biri olmamışdı. Elə düz gedirdim ki, sürücü məni hayladı:
"Yox, ay xanım, düz getməyin ee, sola dönün”. Döndüm sola və nəhayət, "Biletlər və məlumat” bölməsinə gəlib çıxdım. Maraqlıdır, ətrafda olan turist avtobusu 1 dənə olsa da, növbə gözləyənlərin sayı bu faktı təkzib edirdi. Mən də hamı kimi sıranın mənə gəlib çatmağının intizarında idim. Qəribədir, amma həm də realdır ki, kassir qız, deyəsən, çox əlli-ayaqlı idi. Çünki bu qədər adamı tez bir zamanda yola sala bilmək çeviklik tələb edirdi. Mənim növbəm mən gözümü açıb qapayanacan gəlib çatdı. Kassir qızdan biletin qiymətini soruşduğumda 2 manat olduğunu söylədi. İşin yaxşı tərəfi o idi ki, getməzdən əvvəl qiymətlər barədə araşdırmışdım (ümumiyyətlə, mənim həmişə bir yerə getməzdən əvvəl o yer haqda əvvəlcədən araşdırmaq kimi bir xüsusiyyətim var. Yaxşı olar ki, siz də bir yerə getməmişdən qabaq həmin yerin şəkillərini tapasınız, hansı avtobusla getməyin lazım olduğu, bilet qiymətləri və məkanın iş günləri barədə məlumat əldə edəsiniz).
Mən əvvəlcədən tələbələrə güzəşt olub-olmadığı barədə də məlumatlı idim. Amma hər ehtimala qarşı bu fürsətin hələ də keçərli olub-olmadığını soruşduğumda "əgər tələbə biletinizi göstərsəniz, bəli, onda bilet sadəcə 1 manat təşkil edir” , - deyə kassir qız mənə söylədi. Biletimi alıb məkana təşrif buyurdum.
Bir mahnıda deyilirdi ki: "Yanan işıq otağıma daşıyır sənsizliyi”. Lakin bəzi məkanlardan fərqli olaraq, bura girən kimi Yanardağın yanan hisinin ətrafına kimsəsizliyi yox, çox insan daşıdığını görmək olurdu. Hətta onun sədası uzaq ölkələrə də gedib çıxmışdı ki, bu gün bu qədər turist marağın doğurduğu istəklə Azərbaycana səyahət etmişkən Yanan ocağın qucağına baş çəkməmiş öz ölkələrinə dönmək istəmirdilər.
Yanardağın oduna turistlərlə birgə uzun müddət tamaşa edəndən sonra müxtəlif ornamentlərlə dolu otağa, yəni Yanardağın muzeyinə giriş etdim. Muzeydə Yanardağın özəlliklərini özündə əks etdirən simvolların əks olunduğu əşyalar daha çox diqqəti cəlb edirdi.
Kiçik yaşlı uşaqlar üçün milli geyimlər, Yanardağın kiçik miniatürləri, Azərbaycanın bölgələrini özündə əks etdirən xəritə, o böyüklükdə Qız Qalasınının sığışdırıldığı kiçik kürələr, qolbaqlar, retro güzgü və daraq, milli geyimli xanım, bəy və uşaq miniatürləri, şərflər, Azərbaycanın mədəniyyətini özündə təcəssüm etdirən ingiliscə kitablar, milli geyim papaqları, hərf brelokları və nəhayət, ölkəmizdə bayramların, adət-ənənələrin güzgüsü olan Novruz bayramını simvolizə edən əşyaların muzeyin dörd bir yanını bəzədiyini gördüm. Əslində, əgər xarici turist olsaydım, bura qədər gəlmişkən bu simvolik əşyalardan almamış getməzdim. Çünki bir ölkənin mədəniyyəti ornamentlərlə, məhsullarla ancaq bu qədər gözəl təsvir edilə bilərdi. Ora qədər getmişkən, qiymətlərlə maraqlanmasam, olmazdı, əlbəttə.
Məsələn, içində Qız qalasının əks olunduğu kürənin qiyməti 10 AZN, Azərbaycanın bölgələrini bölgü şəklində göstərən taxtadan xəritə 25 AZN, retro üslubdakı güzgü və daraq 12 AZN, həmçinin milli çalğı alətimiz olan tar və sazın kiçik miniatürləri də 12 AZN təşkil edirdi. Bunlardan əlavə, bu muzeydə çox məhsulla tanış olmaq olardı. Hər birinin qiyməti, çox güman ki, məhsulun növünə görə dəyişirdi. Muzeyin daxilində belə ornamentlər və məhsullarla yanaşı, yemək üçün də yer var idi. Qiymətlərə gəldikdə bir cipsin qiyməti 7 AZN təşkil edirdi. Qeyd edim ki, ötən il mən burada olanda bir ingilis turistin satıcıdan cipsin qiymətini soruşduqda 10 AZN dediyini eşitmişdim. Yəni ötən ildən bu yana bir məhsulda 3 AZN enmə var idi. Bəzi məhsulların qiyməti ilə muzeydəki plakat sayəsində tanış olmaq olurdu. Lakin işin qəribə tərəfi o idi ki, plakatdakı yazılar azərbaycan dilində yox, ingilis dilində yazılmışdı. Məlumata görə, bir nəfərlik qara çayın qiyməti 2 AZN, 1 nəfərlik yaşıl çayın qiyməti 3 AZN, həmçinin 1 nəfərlik safranlı çay və 1 nəfərlik südlü çayın da qiyməti 3 AZN təşkil edirdi. Türk kofesi 6 AZN, isti şokolad 5 AZN, kappuçino və latte 5 AZN idi.
Mən muzeylə tanışlığımı yekunlaşdırdıqdan sonra yenidən Yanardağın özəyinə - yanan ocağa üz tutdum. İstiqamətimi dəyişdiyim müddətdə turistlərin sayında dəyişiklik olmuşdu. Yenidən bu ocağa qayıdanda bələdçilərin turistləri Yanardağla tanış edərkən danışdıqlarına qulaq şahidi oldum. Bələdçi qız ingiliscə bilməyən turistlərə türkçə bilib-bilmədiklərini soruşduqdan sonra onlarla türk dilində kommunikasiya qurmağa başladı. Bu dağın fasiləsiz alovlandığını deyən bələdçi qızdan eşitdiyim ən maraqlı məqam isə bu idi:
"İnsanlarda belə bir dini inanc var ki, kim dilək tutub əlindəki qəpik pulu Yanardağın yanan hissəsinə atsa, onun diləyi gerçək ola bilər”.
Əlbəttə ki, bu sadəcə bir inanc idi. Doğru olub-olmaması insanların inancına və onların doğrularına görə dəyişir. Amma, görünür, turistlər bu inanca yaman inanmışdılar. Hamısı elə bil hazır dayanmışdılar ki, pul kisələrindəki qəpiyi Yanardağa atsınlar və diləkləri gerçək olsun.
Bu məqamda çox güldüyüm bir hadisə baş verdi. İki turistdən biri deyirdi ki, Ay Allah, nə olar, mənə 60 milyon göndər. Bu turistin diləyini eşidəndə yanındakı digər turist (çox güman ki, onun yaxını idi) qəş eyləyib güldü. Kim bilir, bəlkə də bu pakistanlı turistin istəyi yerinə yetə bilərdi, amma o vaxt ki, onun arzusundan Yerdən, Göydən başqa kimsə xəbər tutmayaydı.
Maraqlısı budur ki, Yanardağa, əsasən, pakistanlıların səyahət etdiyinin şahidi olsam da, bu dəfə bu say üstünlüyü rus turistlərdə idi. Həm də o gün Yanardağdakı azərbaycanlı, yəqin ki, bir mən idim, bir də oradakı işçilər və bələdçilər. Elə bu cür düşünəndə azərbaycanlı bir ailənin gəldiyini gördüm. Bayaqdan qəribləşdiyim bu məkanda az da olsa, o azərbaycanlı ailəni görəndən sonra tək olmadığımı xatırladım.
Diqqətinizə çatdırım ki, Yanardağın yanan hissəsinə keçid qırmızı boyalı xətlə ayrılıb. Yəni bələdçi qızın da hər salisədən bir dediyi kimi qırmızı xətti keçmək qadağandır. Növbəti dəfə eyni ifadəni təkrar edən bələdçi bu dəfə fikrini zəhmli şəkildə ifadə etdi ki, qoy turistlər məsələnin ciddiyyətini anlasınlar. Axı bundan əvvəl turistlərdən biri canından bezərmişcəsinə odla oynamağa çalışıb canını təhlükəyə atmışdı. Ta ki bələdçi "yaxına getmək olmaz” deməsəydi, nələr ola bilərdi, siz düşünün.
Yanardağa səyahətimdə diqqətimi çəkən məqamlardan biri o idi ki, deyəsən, bura səyahət edən turistlər əvvəlcədən Bakının, xüsusən, Yanardağın havası barədə məlumatlanmış, hazırlıqlı gəlmişdilər. Çünki hamısı bizim kimi qalın palto və ya gödəkçədə idilər. Mən artıq "turist səyahəti bitdi” deyə fikirləşdiyimdə işin əksi oldu. Qonaq üstünə qonaq gəldi. Saat 16:00-a doğru gələn turistlər arasında koreyalı və yapon turistlər üstünlük təşkil etdi. Əksər turistlər qürbətdən öz ölkələrinə canlı telefon zəngi ilə bağlanaraq ailələrini Yanardağla tanış edirdilər. Maraqlısı budur ki, yanar dağın dayanmadan yandığı kimi buranı görmək üçün gələnlərin də sayı dayanmır, həmişə artır, ardı-arası kəsilmir. Bəlkə də heç Məhəmmədlidə yaşayanların çoxu Yanardağın adını eşitsələr də, getmək üçün fürsətləri olmayıb, ya da o qədər də maraq göstərməyiblər.
Yanardağın sehri ondan ibarətdir ki, sanki sehirli bir qüvvə gözəgörünməz şəkildə dağı alovlandırır və bu anda elə bil odun zəhmi küləyə qalib gəlir. Elə gələcək digər qonaqları da mərkəzdə - yanan dağın yanında gözləmək ən doğrusu idi. Çünki bura gələnlər hər şeydən əvvəl əsas simvol olan yanan dağa baş çəkirlər. Həm onu görmək üçün, həm də foto çəkdirmək üçün həvəsli görünürlər. Dini inancdan xəbər tutanda isə buradan ayrılmaları uzun çəkir.
Maraqdan doğan xoş təlaşla "Yanardağ” yazısının yanına qaçan uşaqların ayaq tappıltısından sanki bu saat ora yol alan taxta körpünün qırılacağını hiss etməmək mümkünsüz idi.
Çox qəribədir, müxtəlif mədəniyyətlər içindən Bakıya gəlmiş turistlərə baxanda fikirləşirəm ki, indi bu boyda dünyanın o ucunda başqa, bu ucunda başqa ailələr yetişir, yetişdirilir. Görəsən, onlar özgə ölkədə özlərini necə hiss edirlər? Bir an onlara baxanda mən də özümü turist kimi hiss etdim. Və elə bildim ki, mən də hazırda başqa mədəniyyətin içindəyəm. Maraqlıdır, bu onların neçənci ölkəyə və neçənci məkana səyahətləri idi? Bundan dəqiq məlumatım olmasa da, bircə onu bilirəm ki, deyəsən, onlar üçün harasa səyahət etməyin günü, vaxtı, zamanı yoxdur. Çünki onlar tədbirli olmağı özlərinin birinci vəzifəsi elan ediblər.
Mən 3 saata yaxın idi ki, burada idim. Soyuqdan ayaqlarım elə uyuşmuşdu ki, daha yerimək istəmirdim. Amma çıxış üçün təqribi 25 pilləni qalxmağa məcbur idim. Nəhayət, 50 addımdan sonra Yanardağın mərkəzindən uzaqlaşdım və evə doğru yol aldım. Turistlərin də ayrılma zamanı gəlmişdi. Görünür, tur avtobusu çoxdan onları gözləyirdi. Lakin onlardan fərqli olaraq mənim yolum neçə yüz km deyil, piyada 1,5 km təşkil edirdi.
Deyəsən, bu Novruzda Yanardağın tonqalı elə Yanardağın özü idi və əlavə tonqala gərək yoxmuş kimi görünürdü. Təkcə bir nüans var idi ki, o tonqalın üstündən atlamaq olmazdı. Əks təqdirdə, ağırlığın, uğurluğun yox, elə özün tonqalda ola bilərdin...
Məryəm Abdullazadə